Əliyevlə bağlı sorğu ikrahla qarşılanır

Zərdüşt Əlizadə: «Populus Limited» kimi şirkətlər pulun xətrinə, hətta Azərbaycan xalqının Roma Papasını prezident görmək istədiyini elan edə bilər»

Böyük Britaniyanın “Populus Limited” adlı şirkətinin Azərbaycanda keçirdiyi sorğunun nəticəsinin reallığı əks etdirmədiyi şübhə doğurmur. Ən azı sorğu şirkəti haqqında məlumatları araşdırarkən kifayət qədər ciddi faktların üzə çıxması bunu deməyə əsas verir. Ciddi və reytinqli bir şirkətin hazırkı dövrdə internet saytının olmaması onun keçirdiyi sorğuların şəffaflığını şübhə altına alır. Bundan başqa, şirkətin I.Əliyevə 95 faiz səsin hansı konkret kriteriyalara əsaslanaraq verdiyi də ciddi şübhə doğurur. Digər tərəfdən, şirkətin hər hansı demokratik ölkədə sorğu keçirdiyi və onun nüfuzlu beynəlxalq şirkətlər tərəfindən tanındığı barədə hər hansı bir faktın olmaması da “Populus Limited”in “nüfuzunu” göstərir.
Qərbdə pul xatirinə Azərbaycan kimi avtoritar rejimlərə müəyyən xidmətlər göstərən şirkətlərin olduğunu deyən ekspert Zərdüşt Əlizadənin sözlərinə görə, “Populus Limited” kimi şirkətlər vəsait köçürüləcəyi təqdirdə, hətta Azərbaycan xalqının Roma Papasını prezident görmək istədiyini elan edə bilər. Ona görə belə şirkətlərin açıqladığı hesabatların reallığa uyğun olmadığını deyən Z.Əlizadə vurğuladı ki, 95 faizli reytinqin elan olunduğu sorğular hakimiyyətə daxili təbliğat üçün gərəklidir: “Hakimiyyət özünün Qərb tərəfindən dəstəkləndiyini nümayiş etdirmək üçün vaxtaşırı bu cür saxta sorğular keçirir və qalibiyyətini elan edir. Bu sorğuların real nəticələri əks etdirmədiyi gözəl bilinsə də, bu, iqtidara təbliğat üçün gərəkdir”.
I.Əliyevə Azərbaycan əhalisinin 95 faizinin yüksək etimad göstərdiyi barədə elan olunan rəqəmin də sorğunun mahiyyətini ifşa etdiyini söyləyən Z.Əlizadə qeyd etdi ki, bununla normal dövlətlərdə bu cür nəticələrlə rastlaşmaq olmaz. Yalnız avtoritar rejimlərdə hakimiyyətə rəhbərlik edən şəxslər özlərinə 75 faizdən yüksək reytinq yazırlar. “Bu cür sorğular hakimiyyətə gələcək üçün lazımdır. Hər dəfə seçkilərdən bir qədər əvvəl bu cür saxta sorğuların nəticələri cəmiyyətə elan olunur”, – deyə Z.Əlizadə vurğuladı.
Hikmət