Bu zalım dünyada yaşamaq istəyirsənsə…

Məmləkətdə baş alıb gedən ölümlərə biri də əlavə olundu, yazar Rafiq Tağı öldürüldü. Qatil ikinci cəhddə əcələ qalib gəldi, öncə azadlıqdan, sonra da allahın ona verdiyi həyatdan məhrum edildi. Həmin gün Bakıda Süleymanov və Cəfərquliyev soyadlı iki vətəndaşımız da bıçaqlandı, bu hələ son deyildi, axşama yaxın bıçaqlananların sayı artdı, daha bir cani isə izi itirmək üçün uşağı da öldürdüyünü etiraf etdi. Cəmi 500 manata görə. Rafiq Tağının ölümünə görə kimisə günahlandırmaq tezdir(!), lakin etiraf etməliyik ki, 100 manata görə insanın göz qırpmadan öldürüldüyü bir cəmiyyətdə yaşayırıq. Biz belə deyildik, axı…

…Artıq məmləkətdə insanları, sensasiyalı qətllər daha çox maraqlandırır. Bizi heyrətləndirmək üçün(!) kimsə ya görünməmiş amansızlıqla öldürülməli, ya da tanınmış olmalıdır. Hərdən adama elə gəlir ki, biz hamımız ölümə məhkumuq, sadəcə ölümümüzün bir qədər səs-küylü olmasını arzu edirik. Keçən həftə başı kəsilən gəlinin ölümü ona görə yaddan çıxdı ki, o, sıradan bir bədbəxt idi və növbəti qətl daha dəhşətli idi. Nəvə 10 manata görə nənəsini doğrayıb öldürəndə biz hətta təəccübləndik (!), sonra daha tükürpədici bir qətl hadisəsi bu faciəni kölgədə qoydu. Bu dəfə bir pensiyaçı qoca qadın aldığı müavinətdən bir manat da xərcləməyə imkan tapmadı, çünki o müavinətin təyinatı haqda gənc bir qatil, başqa fikirdə idi. Artıq cinayətin, adamöldürmənin elə bir variantı yoxdur ki, bizi heyrətə gətirsin, beş-on il əvvəl dünya mediasının manşetlərini bəzəyəcək, hər hansı bir tükürpədən qətl, bu gün bizim KIV-də adi bir xəbər kimi gedir. Kriminal xəbərlərin sonunda isə, ironik tərzdə bizə gələn həftəyə qədər cinayətdən uzaq durmağı və sağ qalmağı diləyirlər(!). Qətllə müşayiət olunan talanlarda tamah salınan məbləğlər isə əksər hallarda 50 manatdan 1000 manatadək olur…
…Bu yaxınlarda dəhşətli təbii fəlakət yaşamış Yaponiyada, sahibsiz evlərdən 100 milyon dollara qədər nağd pul, öz sahiblərinə qaytarıldı və dünya mediası bu təsirli olaydan sonra yaponları ilin xalqı elan etdi. Istər-istəməz meydan mitinqləri yadıma düşdü, o vaxt tez-tez tapılan pul kisələrinin anonsu verilirdi. 200-500 minlik izdihamda itən əşya və pullar üçün ayrıca bir guşə də vardı, hətta. Bizi də ilin xalqı elan edəndə məhz bu keyfiyyətlərimizi nəzərə almışdılar. Qürur hissi keçirməyə dəyərdi…
…Illər sonra biz, Ziya Bünyadovun, Elmar Hüseynovun, Rafiq Tağının və başqalarının qətlləri, özümüzün öz millətimizə etdiyimiz zülmlərlə gündəmə gəlirik. Ilin xalqını illərlə əzdilər, adi vətəndaş və ziyalılarını susdurdular, vətəndən didərgin saldılar. Qalanlar üçün bir dairə cızdılar, onu tapdamağı fikrindən keçirənləri cəzalandırdılar. Yaşamaq, ac qalmamaq üçün haqsızlıqlara susmalısan, vəzifəlilərə yaltaqlanmalısan, dostuna belə, şər atmaqdan çəkinməməlisən. Bunları etmək istəmirsənsə, heç olmasa dilini “dinc” saxlamalısan. Rafiq Tağı da belələrindən deyildi, halbuki, başqa cür də yaşaya bilərdi. Ən azı savadı, buna imkan verirdi. Vicdanı isə yol vermədi…
Bu gün Azərbaycanda insani fəlakət yaşanır. Məmur özbaşınalığı sərhəd tanımır. Bir məmur vətəndaşdan pul alıb ev tikmək üçün ona torpaq sahəsi verir. Sonra başqa bir məmur gəlib, onu uçurur və səni çölə atır. Işin ən əcaibliyi ondadır ki, birinci məmurla ikinci məmur, hakim partiyanın və komandanın üzvüdür və birinci məmur hələ də vətəndaşlara torpaq satır, vətəndaş ev tikir və 2-ci məmurun gəlişinə qədər elə zənn edir ki, ona dəyib dolaşan olmayacaq. Minlərlə vətəndaş isə ömür boyu yığdığını verib yeni tikilən binadan mənzil alır, sonra məlum olur ki, mənzilin daha 3-4 sahibi var, şikayət etmək üçün getdiyi yerdə isə polis dubinkasına “qonaq” edilir.
Sosial müdafiə fondunun sədri isə, bu ilin sonuna qədər 174 manat alan 2 mindən çox pensiyaçınin öləcəyini sakit tərzdə bildirir.
Vətəndaşlar hər gün dəyəri milyon manatlarla ölçülən villalardan çıxıb, “işə” gedən məmurları görür. Axşam isə həmin məmurlar telekanallarda ölkədəki analoqsuz inkişafdan  danışdığını, bunun davamı üçün xalqın mövcud iqtidarı dəstəkləməkdə davam etməsinin vacibliyini vurğulayırlar.
Biz isə kriminal xəbərləri qaçırmamaq üçün televizoru söndürmürük…