Mən bir şeyi bilmirəm. Biz getdikcə dünyanın adi ölkələrinə bənzəməyə və onlar kimi olmağa başlayırıq, yoxsa onlardan tamam fərqlənirik? Hər halda, son vaxtlar qəribə hadisələr baş verir. Indi onları sadalamayacağam. Bircə cəhəti qeyd edəcəm. Bütün dünyada intellektual insanlar kriminal qruplar üçün o qədər də maraqlı olmur. Eşitməmişəm ki, hansısa ölkədə akademik və yaxud yazıçı kriminal qrupların qəzəbinə tuş gəlsin. Amma M.Qandi kimi bir insanı, səhv etmirəmsə, ekstremist qətlə yetirib. Deməli, artıq bir məsələni də ehtimal etməliyik – istisna deyil ki, ölkədə ekstremist insanlar yaranır.
Bu, heç də ürəkaçan hal deyil. Deməli, ziyalılar və intellektuallar bundan sonra ehtiyatlı olmalıdır. Çünki hər hansı bir yazı və yaxud da çıxış onların həyatına təhlükə yarada bilər. Bu cür qruplar və insanlar – əgər onlar həqiqətən də bu ölkədə varsa – adi qatillərdən onunla fərqlənirlər ki, onların özlərinin ideyası və ideologiyası olur, necə deyərlər, bunlar ideyalı qatillərdir.
Şərqdə onlar çoxdur, elə hansı Şərq ölkəsinə baxırsan, belələrini görürsən. Bu, Şərq ölkələrinin əsl problemidir. Onların ucbatından insanlar on illərlə despotik rejimlərə dözür ki, təki belələri hakimiyyətə gəlməsin. Onların ucbatından insanlar demokratik seçki keçirə, özlərini ifadə edə bilmirlər. Məhz bu amilə görə bir çox analitiklər və politoloqlar Şərqlə ehtiyatlı davranmağı tövsiyə edirlər. Indi hamımız ərəb ölkələrindəki prosesləri maraqla izləyirik. Amma artıq müəyyən vaxt keçib, bu vaxt ərzində bu ölkələrdə demokratik addımlar atılmalı idi, fəqət, onlar yubanır.
Etiraf edək, hamımızın ürəyində narahatlıq var. Bu ölkələr dünyəvi, demokratik inkişaf yolu tutacaq, yoxsa bəzilərinin iddia etdiyi kimi, “özünəməxsus inkişaf yolu” axtarmağa başlayacaqlar? Ötən bir il bu suala artıq aydınlıq gətirməli idi. Amma biz hələ də intizarla həmin bu sualların cavabını gözləyirik.
Bilirsiniz, əslində, liviyalıların Qəzzafini və yaxud misirlilərin Mübarəki devirməsi qeyri-adi hal deyil. Çünki dünyada bu vaxta qədər onlarla despot devrilib. Qeyri-adi hadisə o vaxt baş verəcək ki, silahlı liviyalılar silahı yerə qoyub seçki məntəqələrinə gedəcəklər, seçki yolu ilə hakimiyyət formalaşdıracaqlar. Ərəb ölkələrində nisbətən dünyəvi dövlət hesab edilən Misirdə indi – Mübarəkdən sonra dini qruplar arasında toqquşmalar baş verir və təbii ki, bu, yaxşı hal deyil. Misir də öz demokratik potensialını o vaxtlar təsdiq edəcək ki, demokratik atmosfer meydanlardan parlamentə köçəcək, seçilmiş şəxslər də məhdud zaman intervalını qəbul edərək Mübarək kimi on illərlə hakimiyyətdə olmaq sevdasına düşməyəcək.
Qərəz, Şərqin problemi çoxdur, mən hətta deyərdim ki, dərdi çoxdur. Bunu etiraf etməmək qeyri-mümkündür. Passionarlıq və fəallıq hər yerdə bir cür təzahür edir. Bəli, bir vaxt əfqanların sovetlər qarşısında sınmaması, sona qədər mübarizə aparması çox adamda simpatiya yaradırdı. Amma indi… Hə, indi görəndə ki, əfqanlar bomba partlatmaqdan və “Kalaşnikov” avtomatı ilə davranmaqdan savayı bir şey bilmir, adam sadəcə, peşmançılıq keçirir, bu ölkəyə yalnız sülh və sabitlik arzulayır. Çünki bir ölkədə vətəndaş sülhü yoxdursa, o ölkədə heç nə yoxdur, o ölkədə heç nə bərqərar ola bilməz. Ona görə ki, mülki və siyasi həyat dialoq və kompromis tələb edir. Şərqlilər də mütərəqqi, sözün əsl mənasında XXI əsrə layiq vərdişlərə yiyələnməlidir. Çünki biz dünyagörüşümüzün və hətta mentalitetimizin sülh və əməkdaşlıq aşıladığını iddia edirik. Əgər belədirsə, onda konfliktlərin də həllinin yolunu dialoqda və kompromisdə axtarmalıyıq.
Kiçik sözardı
Bu yazıda, sadəcə, bir tendensiyanı hiss etdirmək istədik. Təbii, baş vermiş hadisələrin başqa motivləri, səbəbləri də ola bilər. Amma jurnalist hüquq və asayiş orqanları deyil ki, hər hadisə üçün istintaq versiyaları qursun, onları bircə-bircə araşdırsın. Bununla məşğul olan xüsusi orqanlar var. Lakin bu ehtimal da ciddi araşdırma tələb edir. Çünki ölkənin ekstremizmə yönəlməsi ehtimalı da yetərincə qorxuludur.