“Bir sənsən bu sonsuz məmləkətin yiyəsi…”

Bu günlər mətbuat iyun ayında həbs olunan Orxan Kərimovun səhhətində ciddi problemlər yarandığını yazır. Bəli, Təhsil Nazirliyi maliyyə şöbəsinin keçmiş müdir müavini, gözəl şairimiz Əli Kərimin oğlunu nəzərdə tuturam. Həbs olunduğu zaman onun böyük bir günah işlədiyinə inanmadığımı yazmışdım. Yenə bu fikrimdə qalıram. Haqqında 3 aylıq həbs-qətimkan tədbiri seçilmişdi, amma istintaq 6 aydır bir yana çıxmır. Orxanın səhhəti həqiqətən yerində deyil, vaxtilə ürəyinə stend qoyulub. Amma bu fakt belə onun həbsinin ev dustaqlığı ilə əvəz olunması üçün yetərli sayılmır. Ədliyyə Nazirliyinin Penitensiar Xidməti məlumat yayıb ki, Orxanın sağlamlığına heç bir təhlükə yoxdur. Məlumatda “əməliyyata ehtiyac olarsa, bizim ixtisaslaşmış müalicə mərkəzlərində həyata keçirilə bilər…” deyilir. Doğrusu, mən bu ölkədə belə rəsmi açıqlamaları, ümumiyyətlə, eşitmək istəmirəm. Çünki artıq nə onların səmimiliyinə, nə də həqiqəti söylədiklərinə inanıram.

Durumu dəqiqliyi ilə öyrənmək üçün yenə anası Elza xanıma zəng vururam. Telefonda kövrəlir… Qırıq-qırıq “Orxanın heç bir günahı yoxdur” deyir. “Onun ürəyinə yeni stend qoyulmalıdır, heç olmasa buna icazə versinlər…” söyləyir, qəhərli-qəhərli… Telefonun o başında ağladığını hiss edirəm…
Sənin yerin xəstəxana,
mənimki boşluq,
sahilsiz kədər…
bir sənsən bu sonsuz məmləkətin yiyəsi -,
gəl, məni gözlətmə bu qədər…
Bir zamanlar Əli Kərim bu şeiri oğlu Azərə xitabən yazıb. Mənə elə gəlir ki, indi onun ilham pərisi hər gün bu misraları bağlı qapılar arxasında yol gözləyən kiçik oğlu üçün pıçıldayır. Ortancıl oğul Azər isə Bakıdan uzaqlarda – Ankaradadır. Bilkənd Universitetinin professoru, riyaziyyat bölümündə ən çox nüfuz qazanmış alimlərdən biri. Illər öncə Ankaradan tətilə gəldiyi zaman Azərdən bir müsahibə aldığımı yazmışam. Indi bizim internet saytlarında onun haqqında bir cümlə belə yoxdur. Səsi Amerika və ən böyük Avropa ölkələrindən gələn bu alimi bizim yuxarılarda da tanıyan-bilən birini tapmazsınız. O zaman Türkiyə saytlarına daxil olun, görün bu ölkəyə yalnız qürur və başucalığı gətirən gənc professor haqqında necə gözəl sözlər yazılıb. Mən sadəcə maraq üçün tələbələrindən ikisinin onunla bağlı  yazdığı sözləri burada vermək qərarına gəldim:
“Dərsləri müdhiş anlatmasına rəğmən, çalışarkən dəftərdə qaralanmış qrafiklər və bir neçə istinaddan başqa bir şey görməyincə, qorxulu anlar yaşamamıza səbəb olan gözəl insan. Bilkənd riyaziyyat bölümündəki digər müəllimlərin əksinə haldan anlar və təvazökar kişiliyiylə nüfuz toplamış, sevgi qazanmış dahi kişi….
Tətbiqi riyaziyyat olimpiyadaları kampında dərs deyən müəllimlərdən biri. Mürəkkəb suallarıyla məşhur olub, Bilkənddəki ən baba riyaziyyatçılardan biri olaraq tanınır…”.
Təəssüf ki, dünən Əli Kərimə münasibət necəydisə, bu gün oğullarına da elədir. Biz böyük şəxsiyyətlərimizi, böyük dəyərlərimizi heçə saya-saya bir gün heç olub getdiyimizi görəcəyik hər halda…
Bəlkə Orxanın həbsinin Azərin dünya şöhrəti ilə bir bağlılığı olmadığını söyləyəcəksiniz. Razıyam. Amma ona bu ölkədə olan münasibəti də bir nazirlikdə bəlkə yüzüncü vəzifəni tutan qardaşı Orxanın rüşvət ittihamı ilə həbs olunması haqsızlığının üstünə qoyub yazdım. Əgər gerçəkdən problem rüşvətdədirsə, bənzər motivlərlə işdən uzaqlaşdırılan nazir müavini nədən daha nüfuzlu bir vəzifəyə təyin olunur ki… Bəli, Təhsil nazirinin keçmiş müavini Elmar Qasımovun ARDNŞ vitse-prezidentinin müavini postuna irəli çəkilməsini nəzərdə tuturam. Bəli, yaşadığımız ölkə haqsızlıq içində boğulur. Bu yazını mənə yazdıran hiss də balası üçün çarəsiz-çarəsiz çırpınan bir ananın səsini pambıq tıxanmış qulaqlara duyurmaqdır. Kimsə anaların ahını üstünə almasın…