naxcivan04

“Yuxarıdan tapşırıq var, buraxa bilmərik”

Iran, ya da Türkiyədən ərzaq gətirmək istəyən Naxçıvan sakinləri gömrükdə bu qadağayla üzləşir

Gətirilən məhsullar sərhəddəcə müsadirə edilir

Naxçıvanın Iranla həmsərhəd Şahtaxtı Gömrük Idarəsində ərzaq məhsullarının muxtar respublikaya gətirilməsinə məhdudiyyət qoyulub. Bu haqda Naxçıvan sakinləri məlumat verib. Sakinlərin bildirdiyinə görə, Irandan aldıqları un və un məmulatları, yumurta, kələm, soğan kimi məhsullar gömrükdəcə müsadirə olunaraq əllərindən alınır. Onların bildirməsinə görə, yalnız kartof və bəzi meyvələrdən məhdud çəkidə gətirməyə icazə verilir.
Şikayətçi Vahid Ağayev deyir ki, bu yaxınlarda müalicə məqsədi ilə Irana gedib. Burada nisbətən ucuzluq olduğundan geri qayıdarkən evə ərzaq almaq qərarına gəlib. Aldığı məhsulları gömrükdən keçirmək istəyəndə isə bu qərarına peşman olub:
“Bir kisə soğan, bir kisə kartof, bir az yumurta, makaron, meyvə almışdım. Fikirləşirdim ki, evin bir aylıq azuqəsini təmin eləmişəm. Iran tərəfdə bir söz demədilər. Bizim gömrükdə isə hamısını əlimdən alıb müsadirə elədilər. 5-6 kilo kartof, 5-10 kilo da meyvə buraxdılar. Yalvardım ki, xəstəyəm, müalicədən qayıdıram. Evdə yeməyə heç nə yoxdur. Buraxmadılar. Dedilər ki, yuxarıdan tapşırıq var, buraxa bilmərik”.
Gömrük Idarəsində Vahid Ağayevə bildiriblər ki, mallarının buraxılması üçün Naxçıvan Iqtisadi Inkişaf Nazirliyindən sənəd gətirməlidir:
“Cəmi 50-60 manatlıq ərzaq idi. Dedilər satmağa aparırsan. Get sənəd gətir, buraxaq. Sənədi də 1-2 nəfər öz adamları var ki, ancaq onlara verirlər. Həmin adamlar ərzaq məhsullarının monopoliyasına nəzarət edirlər. Bizim kimi sadə vətəndaşlara ona görə qadağa qoyurlar ki, bu məhsulları məcbur qalıb baha qiymətə həmin adamlardan alaq”.
Məsələyə münasibət öyrənmək üçün Şahtaxtı Gömrük Idarəsi ilə əlaqə saxladıq. Idarədən mətbuatla danışmağa onlara icazə verilmədiyini bildirdilər. 
Naxçıvan Muxtar Respublika Iqtisadi Inkişaf Nazirliyi Mətbuat Xidmətinin əməkdaşı Çinarə Xəlilova bildirdi ki, nazirlik gömrükdən keçirilən mallara hər hansı sənəd vermək səlahiyyətində deyil:
“Gömrüklə bağlı məsələdir. Onlar baxır bu işə. Bizim səlahiyyətimizdə olan iş deyil”.
Iqtisadçı ekspert Məhəmməd Talıblı isə deyir ki, hər hansı məhsulun ölkəyə gətirilməsinə qoyulan qadağa həmin məhsulun satışı ilə məşğul olan monopolistlərin marağına xidmət edir:
“Məhsulların gömrükdən Naxçıvana keçirilməsinə qadağa qoyulması yalnız həmin məhsulların bir qrup monopolistin əlində cəmləşməsinə xidmət edir. Bu isə bütün kanalları bağlı olan Naxçıvan əhalisinin cibinə girmək yollarından biridir. Iqtisadi Inkişaf Nazirliyinin hər hansı məhsulun, o cümlədən zəruri şəxsi istehlak üçün gətirilən məhsullar üçün icazə verib-verməmək hüququ yoxdur. Heç bir hüquqi normativ sənəddə qeyd olunmayıb ki, həmin məhsulların gətirilməsi ilə bağlı Iqtisadi Inkişaf Nazirliyindən icazə alınmalıdır. Yalnız böyük partiyalarla bəzi strateji məhsullar ölkəyə gətirilirsə, həmin məhsul üçün müəyyən lisenziyaların alınmasından söhbət gedə bilər”.

Yafəz Əkrəmoğlu