Əli Nağıyevlə Səyyad Aranı YAP-a niyə buraxmadılar?
Mahal Ismayıloğlu: «Bu, hakimiyyət daxilində uzun müddətdən bəri başlayan təmizləmə siyasətinin tərkib hissəsidir»
Azərbaycanın Belarusdakı sabiq səfiri Əli Nağıyev diplomatik fəaliyyətini başa vurduqdan sonra yenidən qurucusu olduğu YAP-a bərpa olunması üçün ərizə yazsa da, ərizəyə ötən bir ay müddətində cavab gəlməyib. “Bizim yol” qəzetinin dünənki sayında dərc olunan məlumata görə, Ə.Nağıyev bu cür münasibətlə üzləşdikdən sonra ərizənin taleyi ilə də maraqlanmaq fikrində deyil.
“Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa görə, xarici ölkələrdə diplomatik fəaliyyətə göndərilən şəxslərin siyasi mənsubiyyəti olmamalıdır.
Eyni aqibətlə Azərbaycanın Istanbuldakı keçmiş baş konsulu, parlamentin sabiq deputatı Səyyad Aran da üzləşib. Onun da YAP-a bərpa olunması ilə bağlı müraciətinə mənfi cavab verilib. YAP-dakı mənbənin Modern.az saytına verdiyi məlumata görə, bu günlərdə Milli Məclis Aparatında yeni vəzifəyə təyin olunan S.Aran hakim partiyanın Siyasi Şurasına üzv olmaq üçün ərizə verib, amma onun ərizəsinə baxılmayıb.
Xatırladaq ki, Əli Nağıyev və Səyyad Aran YAP-ın yaradılmasında və Heydər Əliyevin hakimiyyətə gəlməsində iştirak edən “91-lər”dəndir.
Ətraflı məlumat almaq, informasiyanın həqiqi olub-olmadığını dəqiqləşdirmək üçün YAP rəhbərliyi ilə əlaqə saxladıq. YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə bu barədə məlumatlı olmadığını söylədi. Partiyanın mətbuat xidməti ilə əlaqələrimiz isə nəticə vermədi.
Ekspertlərin fikrincə, həm Ə.Nağıyev, həm də S.Arana qarşı hazırda bu cür münasibətin bəslənməsi əslində təsadüfi deyil. Bu, hakimiyyət daxilində uzun müddətdən bəri başlayan təmizləmə siyasətinin tərkib hissəsidir. Belə ki, YAP qurucularından olan Sirus Təbrizlinin, Əli Əlirzayevin partiya sıralarından uzaqlaşdırılması əslində təşkilat daxilində yeni düzənin yaradıldığının göstəricisi idi. Ona görə də digər “91-lər”in əvvəl-axır bu cür aqibətlə üzləşəcəyi zamanın məsələsi idi.
“Xalq” qəzetinin keçmiş baş redaktoru Mahal Ismayıloğlu da vurğuladı ki, hər iki şəxsə qarşı bu cür münasibət gözlənilən idi. M.Ismayıloğlunun sözlərinə görə, Ə.Nağıyev görünür, bundan sonra artıq səfirlik karyerasını davam etdirmək perspektivinin olmadığını bildiyindən belə bir addım atıb. Onun hakimiyyət elitasından tədricən uzaqlaşdırılmasının qanunauyğun bir proses olduğunu deyən M.Ismayıloğlu vurğuladı ki, YAP-da təmizləmə mərhələsi 2000-ci ildən başlayıb: “Artıq YAP-da rəhbərliyi əllərində saxlayan Əli Əhmədov, Siyavuş Novruzov, Mübariz Qurbanlı Əli Nağıyevin dönüşünə icazə verməyəcək. YAP tədricən Heydər Əliyevin komandasından təmizləndi. Əli Nağıyev YAP-a üzvlüyə ərizə verməklə rəhbərlikdə təmsil olunmaq yox, müəyyən biznes və başqa maraqlarını qorumaq üçün bu addımı atır”.
Hikmət