PA rəhbərinin Kremldə NABUCCO ilə bağlı yaranmış vəziyyəti müzakirə edəcəyi ehtimal olunur
Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev dünən Moskvaya səfər edib. Bu barədə “Azadlıq”a hakimiyyətə yaxın mənbədən məlumat daxil olub. Mənbə səfərin məqsədi barədə məlumatsız olduğunu deyib. Yalnız onu bildirib ki, səfər məxfi xarakter daşıyır.
Ramiz Mehdiyevin Moskva səfəri barədə rəsmi məlumatın olmaması da onun Rusiyaya gizli şəkildə yollandığını göstərir. Bəs bu məxfi və qəfil səfərdə məqsəd nə ola bilər?
Ekspertlər PA rəhbərinin səfərini Azərbaycanla bağlı baş verən proseslərlə, xüsusilə NABUCCO layihəsilə əlaqələndirir. Qərb layihənin qısa zamanda reallaşdırılması üçün ciddi səylər göstərir. Və artıq Azərbaycanın da qəti mövqe sərgiləməsinin vaxtı çatıb. Bakı Türkmənistanın NABUCCO-ya “hə” deməsinə kimi müəyyən manevr imkanlarına malik idi. Amma Aşqabad layihənin reallaşmasına razılıq verməklə Azərbaycanın manevr imkanlarına son qoyub. Bakı faktiki olaraq dalana dirənib. Artıq NABUCCO ilə bağlı Azərbaycana təzyiqlər prezidentlər səviyyəsində edilir. Fransa prezidenti Nikola Sarkozi, Avstriya prezidenti Heynz Fişer və Macarıstan prezidenti Pal Şmitin ard-arda Azərbaycana səfəri buna misal ola bilər. Adı çəkilən prezidentlərin hər biri Ilham Əliyevlə görüşündə NABUCCO məsələsini ciddi müzakirə edib.
Həmçinin Avropa Birliyinin ali komissarı Ketrin Eştonun da Bakıya səfəri zamanı hökumətlə müzakirələrində NABUCCO layihəsi qırmızı xətlə keçirdi.
Layihənin bir nömrəli əleyhdarı olan Rusiya isə düşünür ki, Azərbaycan bu təzyiqlərin qarşısında tab gətirməyərək Türkmənistanın atdığı addımı ata bilər. NABUCCO-nun reallaşması isə təkcə Rusiyanın iqtisadi maraqlarına deyil, siyasi maraqlarına da ziddir. Kreml NABUCCO-nun reallaşmasını Cənubi Qafqaza nəzarəti itirmək hesab edir. Elə bu səbəbdən müxtəlif üsullarla Azərbaycana təzyiq edərək layihəyə razılıq verməsinə əngəl olmağa çalışır. Bir müddət əvvəl Moskvada anti-Azərbaycan tədbirinin keçirilməsi məhz bu məsələ ilə bağlı idi. Görünür, bu təzyiqlər gözlənilən effekti verməyib, bu baxımdan Kremlin adamı kimi tanınan Ramiz Mehdiyevin Moskvaya çağırılması zərurəti yaranıb. Yaxud da əksinə, Ramiz Mehdiyev indiki mürəkkəb vəziyyətdə ən azı Rusiyanın təzyiqlərini azaltmaq üçün Kremlə minnətçi düşüb.
Analitik şöbə