Bıçaqlanan yazar 4 gün sonra nədən öldü?
Yazarın qardaşı: «Həkim gəldi iynə vurdu, amma nə iynə olduğunu bilmirəm…»
İctimai Palata: «Bu hadisədən hakimiyyətdən narazılara qarşı repressiya məqsədilə istifadə oluna bilər»
Noyabrın 19-da naməlum şəxs tərəfindən bıçaqlanan tanınmış yazıçı-publisist Rafiq Tağı dünən saat 15:40 radələrində 1 saylı Kliniki Tibbi Mərkəzdə dünyasını dəyişib. Qəfildən vəziyyəti ağırlaşan yazıçı xəstəxana palatasından reanimasiya şöbəsinə köçürülsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Yazıçının meyiti müayinə olunmaq üçün həmin xəstəxananın morquna aparılıb.
Yazarı əməliyyat etmiş həkim: “Öləsi xəstə deyildi…”
Baş həkimin müavini Adil Salahov “Trend”ə bildirib ki, qusma nəticəsində Rafiq Tağının vəziyyəti pisləşib. Həmin anda qusuntu nəfəs borusuna düşüb. Xəstənin yanında olan şəxslər kömək üçün tibb işçilərini çağırsalar da, yazıçının həyatını xilas etmək mümkün olmayıb.
Yazıçını əməliyyat etmiş həkimlərdən biri Nizaməddin Əsgərov isə “Azadlıq” radiosuna açıqlamasında hadisə baş verən vaxt Rafiq Tağının yanında olmadığını deyib. Ancaq digər həkimlər ona da yazıçının qusuntu kütləsinin nəfəs yolunu tutmasından ölduyünü deyib: “Ağır xəstəydi, ancaq öləsi xəstə deyildi. Ölümündən beş-on dəqiqə əvvəl onun vəziyyəti normal idi. Həkimlər qan təzyiqini ölçmüşdülər. Deyib-gülürmüş. Qəfildən halı pisləşib, yanında olanlar həkimləri çağırıblar. Bizim təxmini fikirləşdiyimizə görə, öz qusuntu kütləsindən boğulub ölüb. Dəqiq bilmirəm, ola bilsin, ona çay-su veriblər. Nəsə içib, ürəkbulanması olub, kütlə nəfəs yoluna gedib, boğulub, ölüb. Biz başqa səbəb tapa bilmirik. Yenə dəqiq deyə bilmərəm, məhkəmə orqanları öz sözlərini deyərlər”.
Ölümündən yarım saat əvvəl müsahibə verirdi…
Yazarın kiçik qardaşı Ilqar Tağıyev də “Azadlıq” radiosuna açıqlamasında təsdiqləyib ki, vəfat etməzdən az əvvəl onun səhhəti normal olub, lakin vəziyyəti birdən-birə pisləşdiyi üçün palatadan reanimasiya şöbəsinə aparılıb. Amma reanimasiya şöbəsinə çatanda artıq Rafiq Tağı vəfat edibmiş: “Həkimləri çağırdıq, süni nəfəs verdilər. Həkim dedi ki, ürəyi dayanıb. Süni nəfəs verə-verə reanimasiyaya apardılar. Artıq ora çatanda keçinmişdi”.
Ilqar Tağıyev bildirib ki, dünən qardaşı ilə bir saata yaxın söhbət edib, ona xəstəxanadan çıxandan sonra Azərbaycandan getməyi məsləhət görüb: “Dedim Rafiq, bu sonuncudur, xəstəxanadan çıxandan sonra getmək lazımdır xaricə. Dedim bu, sənin təhlükəsizliyin üçün, yazılarını yazmaq üçün, ailəmizin təhlükəsizliyi üçün lazımdır. Amma heç bir söz demədi, reaksiya vermədi dediklərimə. Birdən dedi ki, qaytarmaq istəyirəm. Yanında mən idim, bacım oğlu, bir də mühafizə edən polis”.
İlqar Tağıyev ANS-ə açıqlamasında isə deyib ki, qardaşının bir az tənginəfəsliyi var idi: “Həkimlər sakitləşdirdi, biz də onun sonda belə olacağını ehtimal etmirdik. Çay verdik, hətta o biri qardaşım gələndə, ona bulyon və qatıq gətirməsini sifariş etmişdik”. İ.Tağıyev deyib ki, birdən-birə Rafiq Tağı qaytarmaq istədiyini bildirib: “Həkim gəldi iynə vurdu. Amma nə iynə olduğunu bilmirəm. O bir daha qaytarmaq istədiyini bildirdi. Mən də selofan tutdum, o həddindən çox qaytardı. Sonra onun gözləri bərəldi. Amma həkimlər və tibb bacıları yox idi. Bəlkə bu mənim günahımdır. Onun ölümü bəlkə də mənim səhvimin ucbatından baş verib”.
Rafiq Tağının özü isə ölümündən saat yarım əvvəl “Azadlıq” radiosuna qısa müsahibə verib. Yazıçı özünü yaxşı hiss etdiyini bildirsə də, həkim kimi vəziyyətini “ağır-stabil” qiymətləndirib.
“Hadisə siyasi xarakter daşıyır və cəmiyyət üçün ciddi həyəcan siqnalıdır”
Hadisədən dərhal sonra Ictimai Palata Rafiq Tağının ölümüylə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
“Hadisə barədə müxtəlif versiyalar səsləndirilir və bunların heç biri istisna edilməməlidir. Lakin istənilən halda hadisənin əsas məsuliyyəti hakimiyyətin və hüquq-mühafizə orqanlarının üzərinə düşür. Uzun illərdir ki, guya ölkədə sabitlik yaratdıqlarını, kriminogen durumu nəzarətdə saxladıqlarını müxtəlif səviyyələrdə bəyan edən hakimiyyət yetkililəri, əslində, ölkədə gündən-günə çoxalan hay-küylü və sifarişli cinayət hadisələri haqda danışmamağı üstün tuturlar. Üstəlik, bu cinayət işlərinin mütləq əksəriyyəti açılmamış qalır ki, bu da cəmiyyətdə xeyli şübhələrin yaranmasına səbəb olur”.
Ictimai Palata bildirir ki, Rafiq Tağının hədəf olaraq seçilməsi çox böyük ehtimalla onun yazıları, düşüncəsi və mövqeyi ilə bağlıdır: “Hələ bir neçə il əvvəl onu bir qəzet məqaləsinə görə həbs edərək xeyli vaxt həbsxanada saxladılar. Bütün bunlar güman etməyə əsas verir ki, yazıçı-publisistin həyatına sui-qəsd cəhdi, ən azı ölkədə hakim siyasətdən narazı olan insanların mühüm bir qrupuna qarşı təqib və repressiyaların yeni dalğasının başlanması üçün istifadə edilə bilər. Ona görə də bu hadisə əslində, siyasi xarakter daşıyır və cəmiyyət üçün ciddi həyəcan siqnalıdır. Ictimai Palata insanları dünyagörüşlərinə və fikirlərinə görə təqib etməyi, qorxutmağı yolverilməz hesab edir və bunu qətiyyətlə pisləyir. Ictimai Palata habelə hakimiyyətdən qəti şəkildə tələb edir ki, bu sui-qəsd cəhdinin iştirakçıları və təşkilatçıları tezliklə tapılmalı və öz layiqli cəzalarını almalıdırlar”.
Mətbuat Şurası dünən yaydığı açıqlamada Rafiq Tağının vaxtsız vəfatından kədərləndiyini bildirib, mərhumun yaxınlarına başsağlığı verib.
Rafiq Tağı tam sağalmadan niyə reanimasiyadan palataya köçürülüb?
Yazıçının ölüm xəbərini eşidən dostları, yazar əhli ötən gün Klinik Tibbi Mərkəzin qarşısına toplaşmışdı. Hadisədən təxminən bir saatdan sonra cənazəni xəstəxananın həyətində yerləşən ekspertizaya apardılar.
“Qanun” Nəşrlər Evinin rəhbəri Şahbaz Xuduoğlu Rafiq Tağının ölümü barədə danışarkən bildirdi ki, təkcə yazarın bıçaqlanmasıyla deyil, həm də xəstəxanada baş verənlərlə əlaqədar cinayət işi başlanmalıdır: “Ortada ciddi səhlənkarlıq faktı var. Bununla bağlı təcili cinayət işi başlanmalıdır. Nəyə görə Rafiq Tağı reanimasiyada tam sağalmadan ümumi palataya köçürüldü? Ümumi palatada ağlı, düşüncəsi yerində olan halda, necə oldu ki, qəfildən dünyasını dəyişdi? Təcili yardım xəstəxanasında belə bir hadisənin baş verməsi, sadəcə, biabırçılıqdır. Hamı bilir ki, Rafiq Tağı yazılarına görə belə bir hala salındı. Azərbaycan dövləti onu qorumalı idi. Təəssüflər olsun ki, onun mühafizəsi təşkil olunmadı. Həm həkim, həm də hüquq-mühafizəsi baxımından heç bir ciddi iş görülmədi. Son nəticədə də belə bir faciə ilə üzləşdik”.
Şahbaz Xuduoğlu onu da əlavə etdi ki, Rafiq Tağının harada dəfn olunacağı hələ dəqiqləşməyib: “Qardaşları cənazəni rayona aparıb dəfn etmək istəyirlər”.
“Bu, cəmiyyəti qorxutmaq məqsədilə törədilib”
Tanınmış yazar Şahvələd Çobanoğlu deyir ki, bu dəhşətli xəbər onun üçün gözlənilməz oldu: “Çünki son bir-iki gündə Rafiq müəllimin yaxşılaşdığını, danışdığını görürdük. Illərdir davam edir bu proses… Illərdir söz adamını susdurmaq istəyirlər, təqiblər bitmir. Bu, bir nəfərə qarşı qəsd deyil, cəmiyyətə, bizim azadlığımıza olan qəsddir. Bu qəsdi kim törətdi? Nə üçün Elmar Hüseynovun qətli açılmadı? Necə oldu ki, Rafiq müəllim yaxşılaşdığı bir zamanda qəflətən dünyasını dəyişdi? Bütün bunlara normal izah verən yoxdur. Bu, cəmiyyəti susdurmaq, bizi qorxutmaq üçündür. Amma bizi susdura bilməyəcəklər. Azadlığımızı əlimizdən ala bilməyəcəklər, itirdiyimiz insanların yerinə yeni insanlar gələcək. Ancaq bunlar çox ağır başa gəlir”.
“Bu, Rafiq Tağının ikinci qətlidir”
“Adi bir çay və yaxud su içmək… Bunların hamısı şübhəli məqamlardır. Bu, Rafiq Tağının ikinci qətlidir. Başlanmış qətlin başa çatdırılmasıdır. Bu hadisədən sonra açıq-aydın göründü ki, məsuliyyətsizlik, laqeydlik var. Rafiq bəy anormal münasibətin qurbanı olub. Bu iş ciddi araşdırılmalıdır. Rafiq Tağının bıçaqlanmasından daha çox bu məsələnin üstünə düşülməlidir” – bunu isə yazar Pərviz Cəbrayıl bildirib.
Deputat, xalq şairi Sabir Rüstəmxanlı Rafiq Tağını belə xarakterizə edir: “Rafiq Tağı orijinal düşüncə sahibi idi. Arada söz-söhbət gəzir ki, onu dini yazılarına görə bıçaqlayıblar. Düzü, mən buna inanmıram. Əgər bu belədirsə, cəmiyyətimizdə problem var. Mirzə Fətəli Axundzadə 150 il əvvəl dinləri puç və əfsanə hesab etdiyini deyə bilirdi, ancaq onu öldürmürdülər. Rafiq Tağı dinə qarşı deyil, cəhalətə, inkişafımızı geri salan problemlərə qarşı mübarizə aparırdı. Bu məsələ diqqətlə araşdırılmalı, cinayətkarlar tapılmalıdır. 7 bıçaq dəymiş adamı bir gündən sonra niyə reanimasiyadan çıxarırlar? Nəyə görə bu cür ciddi xəstəyə ciddi həkim nəzarəti olmayıb? Onun xəstəxanadakı danışıqlarını izlədim. Bu, ölüm ayağında olan insanın danışığı deyildi…”
Hüquqşünas Xalid Bağırov isə hesab edir ki, olayla bağlı məhz terrorçuluq maddəsilə cinayət işi başlanmalıdır: “Rafiq Tağıya qarşı törədilmiş bu hadisə ictimai təhlükəsizliyə qarşı yönəlmiş əməl hesab olunur”.
Yazıçı Rafiq Tağının cənazəsi bu gün səhər saatlarında ailəsinə təhvil veriləcək. Məlumata görə, yazıçının cəsədi üzərində aparılan ekspertiza prosesi uzandığından cəsəd bir sutkaya yaxın saxlanılıb.
Yazıçının harada dəfn olunacağına da bu gün qərar veriləcək.
Qeyd edək ki, üç övlad atası olan Rafiq Tağının 61 yaşı vardı.
Ramin DEKO,
Gültəkin