Oliqarxların konflikti Şirvanı qazsız qoyub

Rövnəq Abdullayev Yavər Camalova görə şəhərə qaz çəkmək istəmir

Şirvan şəhərinin əhəmiyyətli hissəsində qaz yoxdur. Hətta şəhərin mərkəzində əhali mənzillərini odunla qızdırmağa məcburdur. Ən ucqar rayonlara qaz çəkilməsinə baxmayaraq Şirvanın qazsız qalması maraqlı göründüyündən bu məsələnin kökündə nələrin dayandığını öyrənmək üçün kiçik araşdırma apardıq.
Bəlli oldu ki, Şirvanın qazsız qalması iki oliqarx arasındakı ziddiyyətlərin təzahürüdür. Bunlar Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevlə müdafiə sənayesi naziri Yavər Camalovdur. Hər iki məmurun arasında uzun müddətdir ki, münasibətlər qarşıdurma səviyyəsindədir. Bu konkret səbəbi bəlli olmasa da, bildirilir ki, münasibətlər Yavər Camalov “Azərneft”in rəisi olan zamandan korlanıb. Münasibətlər o qədər kəskin olub ki, Rövnəq Abdullayev ARDNŞ prezidenti olan zaman Yavər Camalova xidməti avtomobilini “Azneft”in qarşısında saxlamasına qadağa qoyub.
Məlumat üçün deyək ki, Şirvanın icra başçısı Mərdan Camalov Yavər Camalovun qardaşıdır. Bu baxımdan Rövnəq Abdullayev Şirvana qaz çəkilişində maraqlı deyil. Beləliklə də oliqarxların intriqaları ucbatından sadə vətəndaşlar qazdan məhrum olub.

Informasiya şöbəsi