«AKP nümayəndəsi Bakıda Suriya məsələsini müzakirə edir»
Elxan Şahinoğlu: «Ankara Azərbaycanın Suriya məsələsində mövqe bildirməsini, fəal olmasını istəyir»
Azərbaycan rəhbərliyi hər zaman Türkiyənin mövqeyini dəstəklədiyini bəyan etsə də, bir çox hallarda bu, belə olmur. Buna misal kimi Türkiyənin Israillə münasibətləri gərginləşdiyi dövrdə rəsmi Bakının qardaş ölkəyə lazımi dəstək verməməsini göstərmək olar. Lakin Azərbaycan BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən ölkə başçısı Ilham Əliyev bunun həm də Türkiyənin üzvlüyü olduğunu bəyan etdi.
Belə olan halda Azərbaycanın BMT-də müzakirə edilən məsələlərdə Türkiyənin mövqeyindən çıxış edəcəyini ehtimal etmək olar. Nəzərə almaq lazımdır ki, hazırda gündəmdə Suriyada baş verən proseslərdir və Türkiyənin bu məsələdə mövqeyi bəllidir. Bu günlərdə ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının sədri, AKP-dən olan millət vəkili Volkan Bozkır da bildirib ki, Bakıda BMT Təhlükəsizlik Şurasında nələrin ola biləcəyi müzakirə edilir. Eyni zamanda bölgədəki problemlər – “Ərəb baharı”, Suriya ilə münasibətlər və digər məsələlər də müzakirə mövzusu olacaq.
Xatırladaq ki, Volkan Bozkır Avropa Ittifaqında Türkiyə Daimi Nümayəndəliyində səfir kimi, həmçinin Avropa Ittifaqı baş katibi vəzifəsində çalışıb. Bəs türkiyəli diplomatın qeyd etdiyi məsələlərlə bağlı rəsmi Bakıdan hansı istəkləri ola bilər?
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun fikrincə, BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilən Azərbaycan artıq bir çox istiqamətdə fəal olmalıdı. Eyni zamanda strateji müttəfiq olan Türkiyənin müəyyən istəkləri ola bilər: “Söhbət artıq Suriya və Irandan gedir. Türkiyə artıq Suriya ilə bütün körpüləri yandırıb. Bu baxımdan Azərbaycanın qardaş ölkənin yanında olması vacibdir”.
Ekspertin sözlərinə görə, rəsmi Bakı eyni zamanda Suriya rejiminin arxasında Iranın dayandığını nəzərə almalıdır. Iran isə Azərbaycanın əleyhinə çox sərt siyasət yeridir. Bütün bu aspektləri nəzərə aldıqda Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyündən istifadə edərək birmənalı olaraq bu məsələlərdə Türkiyənin yanında olduğunu vurğulamalıdır.
Ekspertin fikrincə, Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyası sədrinin Bakıda Suriya və Iran məsələsini qaldırması onu deməyə əsas verir ki, Ankara Azərbaycanın mövqe bildirməsini, fəal olmasını istəyir.
Fizzə