Hakimiyyətin bəh-bəhlə təqdim etdiyi sorğu şirkəti ilə bağlı biabırçı məqamlar üzə çıxdı
Böyük Britaniyanın “Populus Limited” adlı şirkəti Azərbaycanda sorğu keçirib. Sorğunun sifarişçisi olan “Caspian Information Centre” şirkətinin direktoru Cerald Frost iddia edib ki, nəticələrə görə, əhalinin 95 faizi Ilham Əliyevə yüksək etimad göstərir və 96 faizi onun apardığı siyasəti bəyənir.
Onun sözlərinə görə, sorğu 10-30 sentyabr tarixində Azərbaycanın Bakı və digər şəhərlərində 1000 nəfər respondentin arasında keçirilib.
“Azadlıq”ın araşdırmaları nəticəsində bəlli olub ki, “Populus Limited” şirkətinin mövcudluğu kifayət qədər şübhəlidir. Hər halda şirkətin hər hansı başqa ölkədə sorğu keçirməsi, ümumiyyətlə fəaliyyəti barədə ortada heç bir fakt yoxdur. Axtarış saytlarında isə “Populus Limited”lə bağlı yalnız bu məlumat var: Yaxın gələcəkdə şirkətin veb-səhifəsi qurulacaq. Deməli, şirkətin saytı da yoxdur.
Sorğunun sifarişçisi olan “Caspian Information Centre” şirkətinə gəlincə, bu şirkət bir müddət əvvəl Qazaxıstanda görünüb. Şirkət orada keçirilən sonuncu seçkiləri irəliyə doğru ciddi addım kimi qiymətləndirib.
Idarəetmə sisteminə görə Azərbaycandan heç də geridə qalmayan Qazaxıstan kimi avtoritar bir ölkədə keçirilən və beynəlxalq qurumlar tərəfindən mənfi qarşılanan saxta seçkilərə müsbət rəy verməyin nədən irəli gəldiyini izah etməyə ehtiyac yoxdur.
“Caspian Information Centre” şirkəti 2003-cü ildə yaranıb. Şirkətin veb-səhifəsində əsasən Azərbaycanla bağlı məlumatların yer alması göstərir ki, Cerald Frost Azərbaycan hakimiyyəti üçün əməlli-başlı lobbiçilik edir.
Informasiya şöbəsi