Hakimiyyət müxalifətçilərdən ikiqat qisas alır

Şahin Həsənli, Sahib Kərimov, Vidadi Isgəndərli və Bəxtiyar Hacıyevin 14-cü kalona göndərilməsi siyasi fəallıqları ilə bağlıdır

Hakimiyyət kimdən qisas almaq istəyirsə, onu Qaradağda yerləşən 14 saylı cəzaçəkmə müəssisəsinə göndərir. Bir vaxtlar satirik Mirzə Sakit həmin müəssisədə cəza çəkmiş və ağlasığmaz təzyiqlərə məruz qalmışdı. Bu dəfə də 2 aprel hadisələrinə görə həbs edilən AXCP Rəyasət Heyətinin üzvü Şahin Həsənli, partiya sədrinin müavini Sahib Kərimov, həmçinin hüquq müdafiəçisi Vidadi Isgəndərli və gənc fəal Bəxtiyar Hacıyev həmin kalona göndərilib. Ictimai-siyasi fəallıqları ilə seçilən bu şəxslər hər zaman ölkədə gedən proseslərin önündə olublar. Onların xalq arasında “işgəncə batalyonu” kimi ad çıxaran bir müəssisəyə – 14-cü kalona göndərilməsi də məhz bununla bağlıdır. Bu kalonda cəza çəkən məhbusların heç biri təxribatdan sığortalanmayıb. Müəssisənin rəhbərliyi hakimiyyətin sifarişi və nəzarətindəki şəxslərin əli ilə həmin məhbusları istədiyi formada incidə bilir.
Işgəncələr Əleyhinə Azərbaycan Komitəsinin rəhbəri Elçin Behbudov hesab edir ki, bu müəssisəyə göndərilən məhbuslar ikiqat cəza çəkməli olurlar: “14 saylı cəzaçəkmə müəssisəsi daş karxanasının yaxınlığında yerləşir. Bir balaca külək olanda orada göz-gözü görmür. Daş karxanalarının tozu ətrafı bürüyür, o tozun hamısı məhbusların ciyərlərinə gedir. Mən özüm bunun şahidi olmuşam. Təbii ki, həmin o seçilmiş, fəal məhbusları 14-ə ikiqat cəzalandırmaq, əzab vermək üçün göndərirlər. Ikinci böyük problem bu kalonun şəhərdən xeyli uzaqda yerləşməsidir. Bu da məhbus yaxınlarına bir başqa cür işgəncə verməkdir. Cəzaçəkmə müəssisələri şəhərdən kənarda olmalıdır, amma bu qədər də yox. Daş karxanasında kalon olar? Mən ora yayda da, qışda da getmişəm. Məhbusların yaxınları ora necə gedirlər, məəttəl qalıram. Dəhşət və dözülməzdir. Göründüyü kimi, indi də Şahin Həsənli, Sahib Kərimov, Vidadi Isgəndərli və Bəxtiyar Hacıyevi bu yolla ikiqat cəzalandırırlar”.