Öldürələn Hikmət Babayevin atasının adı Heydər Əliyevə sui-qəsddə hallanır
Xəzər rayonu, Buzovna qəsəbəsində, “Zuğulba” marketin yaxınlığında silahlı atışma ilə bağlı yeni məlumatlar əldə etmişik. Xatırladaq ki, noyabrın 21-də saat 13 radələrində Buzovna sakini Rahib Rəsulov Maştağa sakini Hikmət Babayevi 6 güllə ilə qətlə yetirib. Mərhumun xalası oğlu Razi Zəkiyevə güllə atsa da, o, ölməyib. Ətrafdakı insanların köməkliyi ilə onu 3 saylı şəhər xəstəxanasına apara biliblər.
Ötən gün hadisənin təfərrüatlarını öyrənmək üçün Maştağa qəsəbəsinə, Hikmət Babayevin ata evinə getdik. Mərhum üçün mağar qurulmamışdı. Ailəyə baş çəkənlərin ardı-arası kəsilmirdi. Yüzlərlə insan Mirzəliyev küçəsi, ev 122 ünvanına gəlib başsağlığı verirdi.
Yaxınlarıyla söhbət etmək cəhdlərimiz isə heç bir səmərə vermədi. Yalnız bunu dedilər: “Bu barədə danışmaq istəmirik. Hikmətin kim olduğunu hamı bilir. Bu gün yasa gəlib, başsağlığı verən insanların sayı hər şeyi sübut edir”.
Hikmət Babayev Sabunçu rayonunda ev alqı-satqısı ilə məşğul olurmuş. Tərəflər arasında mübahisənin də pul üstündə düşdüyü söylənilir. Əldə etdiyimiz məlumatlara görə, Rahib Rəsulov Buzovnada adlı-sanlı şəxslərdən biridir. O, bir müddət öncə Hikmət Babayevə “Vişnyovka” adlanan ərazidə torpaq sahəsini satmasını xahiş edib. Deyilənlərə görə, torpağa 1 milyon manata yaxın qiymət qoyulubmuş. Bütün alış-veriş işini Rahib Hikmətə həvalə edib. Hikmət torpağı satdıqdan sonra pulu sahibinə verməyib. Bir neçə dəfə Rahib onunla görüşsə də, heç nə əldə edə bilməyib. Hadisə baş verən gün Hikmət Babayev xalası oğlu Razi Zəkiyevlə Buzovnada Rahib Rəsulovla görüşüb. Rahib yenə ondan pulunu tələb edib. O isə pulu verməyəcəyini deyib. Bu azmış kimi, Rahibi təhqir edərək ərazini tərk edib. Rahib özünə məlum olan ünvana gedərək “Makarov” tipli tapançanı götürərək yenidən Hikmətgilin arxasınca gedib. Idarə etdiyi “Mercedes S-class” markalı avtomobillə onların qarşısını kəsib. Elə maşınından Hikmətə güllələr yağdırıb.
Hikmət Babayevin atası Əmirağa Babayev də ömürlük həbsə məhkum olunub. Onun adı bir sıra cinayətlərdə hallanır. Belə ki, o, bir neçə il əvvəl Abşeron Rayon Polis Idarəsinin sabiq rəisi Cahangir Hüseynovu güllələyərək, ağır yaralayıb.
“Azadlıq”a daxil olan məlumatlara görə, Ə.Babayevin cinayət əməlləri bununla yekunlaşmır. Sən demə, o, Ayaz Mütəllibovun tərəfdarı kimi tanınan Hacı Seyfəl Babayevin dəstəsində olub. Hacı Seyfəl Babayev Heydər Əliyevin Bakıya gəlişini əngəlləmək üçün Bakı kəndlərindən insanları toplayıb Binə hava limanına aparıbmış. H.Əliyev hakimiyyətə gələndən sonra Hacı Seyfəl həbs olunur. Əjdər Xanbabayevin qətlində onun adı keçir və ömürlük məhkum edilir. 1995-ci ildə dünyasını dəyişir. Əmirağa Babayev də Hacı Seyfəlin dəstəsində imiş və hava limanına gedənlərın arasında olub. Bu işin üstü açılandan sonra onu ömürlük həbsə məhkum edirlər.
Maştağa sakinlərindən öyrəndiyimiz məlumatlara görə, Hikmət Babayevin bir qardaşı da belə bir qanlı hadisədə dünyasını dəyişib. Başqa bir qardaşı isə bu yaxınlarda həbsdən azad olunub.
Ramin DEKO