Abel Məhərrəmov niyə vəzifəli şəxsləri görmür?

«O kafedra müdirlərinin BDU-ya nə vaxt ayaq basdıqlarını  bəlkə də heç kim xatırlamır»

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov “Mediaforum” saytına müsahibəsində Rafiq Əliyev məsələsinə də toxunub. Rektor əsaslandırmağa çalışıb ki, R.Əliyevin çalışdığı Dövlət Neft Akademiyasından uzaqlaşdırılması onun işinə məsuliyyətsiz yanaşması ilə bağlı olub. A.Məhərrəmov bildirib ki, bu vəzifəni tutanlar səhər saat 9-da işə gəlməlidir və axşam 5-dək işdə oturmalıdır: “Bəzi alimlərimiz məsələyə sovet rejimində olduğu kimi yanaşırlar. Onlar fikirləşirlər ki, professor olduqlarına görə əvvəllər olduğu kimi, yenə də arabir işə gələcəklər, eyni zamanda kafedra idarə edəcəklər. Boloniya prosesi tələbləri ilə hər adam kafedra müdiri ola bilmir. Bunun üçün kafedra müdirinin dərslərdə oturmaq, tədris planları üzərində işləmək üçün vaxtı olmalıdır. Hazırda kafedra müdirlərinin işləri həddən çoxdur. Ona görə də kafedra müdirlərinə dərs demək məsləhət bilinmir. Indi kafedra müdiri bir növ inzibati vəzifə olub. Bəzi köhnə alimlər də bunu qəbul etmirlər”.
Bu fikirləri ilə A.Məhərrəmov Rafiq Əliyevin Boloniya prosesinin tələblərilə uzlaşmadığını deməyə çalışıb. Amma məsələ ondadır ki, bu gün elə Bakı Dövlət Universitetinin özündə “adı var, özü yox” kafedra müdirləri kifayət qədərdir.
Daha konkret desək, hakimiyyətin müxtəlif qollarında təmsil olunan kafedra müdirlərinin əksəriyyəti çalışdıqları Bakı Dövlət Universitetinə ya ayda-ildə bir dəfə baş çəkirlər, ya da ümumiyyətlə getmirlər. Bu yaxınlarda “Media forum” saytı hakimiyyətdə təmsil olunan kafedra müdirlərinin siyahısını təqdim etmişdi. Maraqlıdır ki, onların əksəriyyəti elə A.Məhərrəmovun rəhbərlik etdiyi BDU-nun işçisidir.
Misir Mərdanov, təhsil naziri – Bakı Dövlət Universitetinin (BDU) ali riyaziyyat kafedrasının müdiri;
Qərib Məmmədov, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri – BDU-nun torpaqşünaslıq kafedrasının müdiri;
Hicran Hüseynova, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin sədri – BDU-nun diplomatiya və müasir inteqrasiya prosesləri kafedrasının müdiri;
Məzahir Pənahov, Mərkəzi Seçki Komissiyasının sədri – BDU-nun ümumi fizika kafedrasının müdiri;
Rəbiyyət Aslanova, Milli Məclisin komitə sədri – BDU-nun fəlsəfə tarixi və mədəniyyətşünaslıq kafedrasının müdiri;
Nizami Cəfərov, Milli Məclisin komitə sədri – BDU-nun ümumi dilçilik kafedrasının müdiri;
Əli Əhmədov, Milli Məclisin üzvü – BDU-nun politologiya və sosiologiya kafedrasının müdiri;
Yaqub Mahmudov, Milli Məclisin üzvü – BDU-nun qədim dünya və orta əsrlər tarixi kafedrasının müdiri;
Bəxtiyar Əliyev, Milli Məclisin üzvü – BDU-nun psixologiya kafedrasının müdiri;
Asəf Hacıyev, Milli Məclisin üzvü – BDU-nun ehtimal nəzəriyyəsi və riyazi statistika kafedrasının müdiri.
Siyahıya nəzər yetirmək kifayət edir ki, adıçəkilən şəxslərin işinə nə dərəcədə məsuliyyətlə yanaşdığını müəyyən edəsən. Elə təhsil üzrə ekspertlər də deyir ki, bu vəzifəli şəxslərin böyük bir qismi illərlə BDU-ya ayaq basmırlar: “Mən inanmıram ki, Misir Mərdanov, Rəbiyyət Aslanova və digər vəzifəli şəxslər rəhbəri olduqları kafedraya ildə heç olmasa bir-iki dəfə də olsa baş çəkirlər. Onların nə vaxt o kafedralarda olduğunu bəlkə də heç kim xatırlamır. Abel Məhərrəmov özü də akademikdir. Onun danışdıqlarında həqiqətin heç olmasa işartısı olmalıdır. Obyektiv reallığı dilə gətirməlidir ki, həmin kafedra müdirlərini vəzifədən kənarlaşdırmağa gücü çatmır. Bunu etməməsi bir yana, üstəlik məsələyə qərəzli yanaşır. Rafiq Əliyev o siyahıda adıçəkilən şəxslərin hamısından daha çox kafedrada olur və tələbələri ilə məşğul olur”.