Dmitri Medvedev ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinə hədəylə cavab verdi
Rusiya prezidenti Dmitri Medvedev Avropada raket əleyhinə müdafiə sistemlərinin yerləşdirilməsinə etiraz əlaməti olaraq, rəsmi Moskvanın atacağı hərbi-diplomatik xarakterli tədbirlər planını açıqlayıb. Xalqa müraciət edən Medvedev bildirib ki, Rusiya bir neçə ildən sonra ölkənin strateji potensialını zəiflədə biləcək ABŞ-ın raket əleyhinə müdafiə proqramında iştirak etməyə razılıq verməyəcək.
Kreml rəhbəri “Rusiyanın silahlı qüvvələrinə lazım olduğu halda raket əleyhinə müdafiə sistemlərinin informasiya və idarəetmə vasitələrinin ləğvi üzrə tədbirlər planının hazırlanması” haqda göstəriş verib. Medvedev bu tədbirlərin adekvat, effektli və az xərc aparan olduğunu söyləyib.
Prezident, Avropada NATO-nun raket əleyhinə müdafiə sistemləri ətrafında yaranmış vəziyyətlə əlaqədar, ABŞ-ı Rusiyanın strateji hücum silahları üzrə razılaşmadan çıxmaq hüququ barədə də xatırladıb. O, həmçinin Rusiyanın Qərblə münasibətlərində ən ağrılı problemlərdən birinin kompromis həllinə dair ABŞ və NATO ilə danışıqların davam etdirilməsi niyyətini də təsdiqləyib.
Xatırladaq ki, Rusiya və NATO 2010-cu ilin noyabrında Lissabonda keçirilən sammitdə Avropa raket əleyhinə müdafiə sistemləri layihəsi üzrə əməkdaşlığa dair razılıq əldə edib. Ancaq danışıqlar ABŞ-ın bu sistemlərin Rusiyaya qarşı yönəlmədiyinə dair hüquqi zəmanət verməkdən imtina etməsi səbəbindən dalana dirənmişdi. Bu il fevralın 5-də qüvvəyə minən strateji hücum silahlarına dair yeni razılaşmaya əsasən, Rusiya və ABŞ bu cür silahların əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə bağlı üzərinə öhdəlik götürüb. Bundan başqa, bu razılaşma imzalanarkən Rusiya tərəfi, ABŞ-ın raket əleyhinə müdafiə sistemlərinin həcmi onun milli maraqlarını təhlükə altında qoyacağı halda, ondan çıxa biləcəyini də istisna etməmişdi.
Obama administrasiyası raket sistemlərinin 2009-cu ilin sentyabrında Polşa və Çexiya ərazisində yerləşdirilməsi planından imtina etmişdi. ABŞ 2015-ci ildən sonra raket müdafiə sistemlərinin Rumıniya və Türkiyədə yerləşdirilməsi haqda qərar verib. Ispaniyadakı hərbi baza üçün də Gürcüstanda kəşfiyyat sistemi qurmağı planlaşdırır. NATO isə Medvedevin 1 il əvvəl irəli sürdüyü “müştərək raket sistemi” planını rədd etmişdi.