Tehran indiyədək görünməmiş sanksiyalara məruz qaldı
İngiltərə, Kanada və Fransanın da qoşulduğu sanksiyalar ölkənin bank, neft və neft-kimya sektorunu iflic edəcək
ABŞ hökuməti Irana təzyiqləri artırmaq üçün enerji və maliyyə sektorlarında yeni sanksiyalar elan edib. ABŞ-ın sanksiyaları Iranın neft və neft-kimya sənayesi ilə nüvə tədarükünü təmin edən şirkətləri hədəfə alır. Sanksiyalar Irana neft-kimya sahəsində texnologiya, xidmət, mal və texniki dəstək verənlərə; xam neft qaynaqlarını inkişaf etdirmək üçün texniki dəstək, texnologiya, xidmət və mal mübadiləsi aparanlara tətbiq olunacaq.
Sanksiyalar çərçivəsində Iranın “qadağan olunan nüvə proqramına” yardım etdiyinə görə 11 şəxs və qurum “qara siyahıya” salınıb.
Bundan başqa, ABŞ Iranın bank sisteminin çirkli pulların yuyulması prosesində əhəmiyyətli rol oynadığını bildirib və ilk dəfə elan edib ki, Iran Mərkəzi Bankı da daxil olmaqla, ölkənin bütün bankları “qlobal maliyyə sistemi üçün qanunsuz maliyyə riskləri yaradır”.
ABŞ prezidenti Barak Obama bununla bağlı yaydığı yazılı məlumatda sanksiyaların ilk dəfə Iranın neft-kimya sektorunu və bank sistemini hədəfə aldığına diqqət çəkib: “Iran bu təhlükəli yoldan çəkilməyincə həm tərəfdaşlarımızla əlaqələndirilmiş şəkildə, həm də təkbaşına Iran rejiminə təzyiqi artırmağın və onu təcrid etməyin yollarını tapmağa davam edəcəyik”.
ABŞ maliyyə naziri Timoti Qeytner isə mətbuat konfransında bəyan edib ki, yeni tədbirlər dünyadakı maliyyə təşkilatlarına Iranla iş qurarkən iki dəfə düşünmələri üçün sərt xəbərdarlıqdır. O, başqa ölkələri də oxşar sərt addımlar atmağa çağırıb.
Dövlət katibi Hillari Klinton da yeni sanksiyalardan danışaraq, başqa ölkələri də neft-kimya sahəsində Iranla əməkdaşlıqdan imtinaya sövq etmək üçün diplomatik kampaniyaya başlayacaqlarını deyib.
ABŞ-la yanaşı, Ingiltərə, Fransa və Kanada da Irana qarşı yeni sanksiyaları gündəmə gətirib. Ingiltərə ilk dəfə olaraq Iranın timsalında bir ölkənin bütün bank sektoru ilə əlaqəsini kəsir.
Fransa prezidenti Nikola Sarkozinin administrasiyasından yayılan məlumatda isə deyilir ki, indiyə qədər görünməmiş dairəni əhatə edəcək bu sanksiya təklifləri Almaniya, Kanada, ABŞ, Yaponiya və Ingiltərə idarəçilərilə Avropa Şurası və Avropa Birliyinin rəhbərliyinə çatdırılıb.
Iran isə yeni sanksiyalara münasibət bildirib. Xarici Işlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst Ingiltərə, ABŞ və digər ölkələrin Tehrana yönəlik sanksiyalarının nəticəsiz olduğunu söyləyib. Mehmanpərəst deyib ki, Qərbin bu kimi sanksiyaları Iranın nüvə fəaliyyətini dayandıra bilməyəcək: “Bunlar nəticəsiz sanksiyalardır və bu, artıq təcrübədə özünü təsdiqləyib. Belə hərəkətlər Iran Islam Respublikasının iqtisadiyyatına və ticarət əlaqələrinə təsir göstərə bilməyib. Biz xarici ölkələrlə ticarət əlaqələrimizi genişləndirmişik. Elə buna görə də hesab edirik ki, Qərbin Iran əleyhinə addımları və bəyanatları daha çox təbliğat xarakteri daşıyır və bir növ psixoloji müharibədir”.
Tehranın yaxın müttəfiqlərindən sayılan Rusiya Irana qarşı yeni sanksiyaları qəbuledilməz adlandırıb və bu tədbirlərin Tehranla danışıqlar təşəbbüsünə ziyan vuracağını bəyan edib. Xarici işlər naziri Sergey Lavrovun sözlərinə görə, Rusiya bu cür ekstra-territorial tədbirləri qəbuledilməz və beynəlxalq hüquqa zidd hesab edir. Nazir atılan addımların Tehranla ciddi danışıqlara doğru irəliləyiş əldə etməyə mane olduğunu hesab edir.
Informasiya şöbəsi