Bu gün Çempionlar Liqasında (ÇL) V turun oyunlarına start veriləcək. Apasport.az saytının məlumatına görə, Türkiyənin turnirdə yeganə təmsilçisi “Trabzonspor”un taleyinə böyük ölçüdə aydınlıq gələcək.
Trabzon təmsilçisi evdə “İnter”ə uduzarsa, MOİK isə Moskvada “Lill”ə qalib gələrsə, 1/8 finala çıxmayacağı rəsmiləşəcək. Çünki “Trabzonspor” sonda ruslarla xalları bərabər olarsa, şəxsi oyunlarda (səfərdə 0:3, evdə 0:0) ondan geridə qalacaq. Bu mənada Şenol Günəşin çalışdırdığı komandanın evdəki məğlubiyyətə görə Türkiyəyə qisas dalınca gələn “İnter”lə matçı böyük önəm daşıyır. “Lill” Moskvada qalib gələrsə, Türkiyə vitse-çempionunun qrupda 3-cü yerdə qalıb, Avroliqanın 1/16 finala düşmək şansı da azalacaq. Çünki “Trabzonspor”u son turda Fransada çətin sınaq gözləyir.
“İnter” və MOİK-lə yanaşı, bu gün digər komandalar da qələbə sayəsində 1/8 vəsiqəni rəsmiləşdirəcəklər. Bu mənada “Bavariya”nın işi daha asandır. Çünki münhenlilər evdə autsayder, hələ də xalı olmayan “Vilyarreal”la görüşəcək. “Mançester Siti” səfərdə “Napoli”yə qalib gələrsə, 1/8 finala çıxacaq. “Mançester Yunayted”lə “Benfika”nın görüşündə qalib tərəf vəsiqəni qazanacaq. Artıq 1/8 finala çıxan “Real”ın qrupunda 2-ci yerdə gedən “Ayaks”a qrupdan çıxmağını rəsmiləşdirmək üçün “Lion”la səfər oyununda 1 xal da yetərlidir.