Indi yalnız bir şeyə əminik ki, ortada çox oyun ola bilər, lakin hamısı da bizim və ölkəmizin Azadlıqlarının başındadır. Deməli, durum çox ciddidir…
Bunu gözəl anlayırıq ki, ilin-günün bu vaxtında, zəmanənin məhz bu cür gedişində Azərbaycanda söz və yazı adamına basqı etməkdən, ona qəsd etməkdən elə də çəkinmirlər, elə də qorxmurlar. Biz bunu illərdir bilirik və deyirik…
Amma bu durum məhz illərlə davam edən tendensiyaların indiki nəticəsidir. Mövcud psixoloji durumdur. Azərbaycan hakimiyyəti bizim zümrəyə bu illərdə elə münasibət sərgiləyib ki, jurnalistə, yazı adamına qarşı addım atmaq psixoloji olaraq asanlaşıb. Qıraqdan cəmiyyətin ən zəif, ən lazımsız, ən az qorunan təbəqəsi kimi görünürük. Digər tərəfdən, jurnalistlərə qarşı cinayətlərin heç biri açılmır. Elə bu amillər bəs edir ki, hər kəsin əli qələm əhlinə asanlıqla qalxsın. Vətəndaşı dövlət qorumalıdır, dövlətin orqanları qorumalıdır. Bəs onda dövlətin özünün üstünə getdiyi adamı kim qoruyacaq, ondan kim çəkinəcək?! Bunu hamı anlayır…
Lakin bu deyilənlər sözügedən məsələnin yalnız görünən tərəfidir. Çünki işin əsas tərəfi odur ki, jurnalistlərə qarşı basqıları ardıcıl olaraq hakimiyyətin özü həyata keçirir. Sual olunur ki, hakimiyyətə bağlı KIV orqanlarında işləyənlərin niyə birinin burnu qanamır? Çanaq həmişə tənqidçi, müstəqil mövqeli adamların başında çatlayır.
Odur ki, bir jurnalistə basqı edildikdə Azərbaycan hakimiyyətinin və dövlət qurumlarının “bunu başqası da edə bilər”, yaxud “burda müxtəlif motivlər ola bilər” deməyə mənəvi haqqı qalmır. Hətta bu cüt hallar olduqda belə, yəni yazı və söz adamı qeyri-siyasi zəmində basqıya məruz qaldıqda, qəsdlə, hücumla üzləşdikdə, yenə də onların belə deməyə mənəvi haqqı yoxdur. Həmin cinayəti açıb, cinayətkarı cəzalandırmayınca!
Necə deyərlər, aç və cəzalandır… Nəhayət, sübut et ki, sənin əlin yoxdur, sübut et ki, sən vətəndaşını qoruyursan və ona basqı edən deyilsən.
Rafiq Tağı sualı…
Rafiq Tağıya qarşı uzanan qanlı əl, ona qəsd etməyə qərar verən zehniyyət də açılmalı, bütün ehtimallar aradan qalxmalıdır. Cəmiyyətdə şübhə yeri qalmayan dərəcədə. Məhz bundan sonra cinayətkar(lar) cəzalandırılmalıdır. Yoxsa necə görünəcək bu iş? Rafiq Tağını sözə görə, günahsız olaraq həbsə atan hakimiyyət ona qarşı bu qanlı cinayəti törədəni niyə tapmasın?
Bəli, Rafiq Tağını Iran ayətullalarının uzanan əlləri, o zehniyyətin daşıyıcıları öldürmək istəyərdi. Tamamilə mümkündür. Biz Iran rejiminin hansı mənəviyyata sahib olduğunu, nəyə qadir olduğunu gözəl bilirik…
Amma elə ilk andanca başqa versiyalar da səsləndi. Kimsə də bunu dindarlara qarşı başlanacaq yeni həbslərə hesablanmış bir əməliyyat kimi görür, kimsə Qərbə “biz olmasaq vəziyyət daha pis olar” mesajı kimi şərh edir.
Çünki adamlar bilir ki, Iran rejimi şeytanidir, amma Azərbaycan rejimi də mələk deyil axı. Ağıllara hər şey gəlir. Odur ki, Azərbaycan hakimiyyəti gerçəyi ortaya qoymağa və inandırmağa məhkumdur.
Bəlkə bu, sadəcə, bir nəfərin beyninə gələn cinayətdir? Necə bəyəm, hərə bu ölkəyə bir qayda, bir qadağamı cızır? Məgər hərə öz istədiyi ölkəni görməkmi iddiasındadır və bunun üçün gizli qanlı qəsdlərə əl atmaqdan da çəkinmir?