Qəzzafinin keçmiş gəlinindən şok etiraflar

«Restoranda məni möhkəm döyüb, pəncərədən çölə atdı, 47 gün komada qaldım…»

Britaniyanın “Daily Mail” qəzeti Liviyanın devrilmiş diktatoru Müəmmər Qəzzafinin oğlu Seyfülislam Qəzzafinin keçmiş həyat yoldaşı olduğunu iddia edən ukraynalı bir qadının maraqlı etiraflarını dərc edib. Nadia adlı qadın Seyfülislam Qəzzafi ilə bir gecə klubunda tanış olduğunu deyib.
Nadia bildirib ki, həmin vaxt klubda striptizçi kimi çalışırmış. O, Seyfülislamla evlənmə hazırlıqlarında olduqları dövrdə Parisə gedərək bir neçə bakirəlik əməliyyatı keçirib: “Həkim Seyfülislamın bibisinə bakirə olduğumu sübut etdi. Sonra da Islam dinini qəbul etdim”.
Ukraynalı qadın Seyfülislam barəsində danışarkən onun əyyaşlığa meylli olduğunu söyləyib: “Mən normal bir ailə qurmaq istəyərkən, o da subay həyat tərzinə, əxlaqsız əyləncə tədbirlərinə meyl edirdi”.
Nadia onu da bildirib ki, keçmiş əri atası Müəmmərdən bərk qorxurmuş.
Seyfülislamla yaşadıqları evi “dostlarının və bir çox qadının olduğu görüş evinə” bənzədən Nadia, evlilikləri ərzində həyat yoldaşından heç hörmət görmədiyini bildirib. O, Seyfülislamın tez-tez narkotikdən istifadə etdiyini, həmin vaxtlarda özünə nəzarəti itirdiyini də əlavə edib. Ayrılmalarının səbəbini isə Nadia belə izah edib ki, Seyfülislam onu getdikləri bir restoranda hər kəsin gözü qarşısında möhkəm döyüb və pəncərədən çölə atıb. Nadia bu qəddarlıqdan sonra 47 gün komada qaldığını da deyib.

Seyfülislamın barmaqlarını kəsiblər

Bu arada, ötən şənbə Nigerə qaçmaq istəyərkən həbs olunan Seyfülislamla bağlı yeni məlumatlar yayılıb. Ingiltərənin “Daily Mail” qəzeti Seyfülislam həbs olunandan sonra çəkilib yayılmış şəkillərdə onun 3 barmağının sarıqlı olmasının səbəbini açıqlayıb. Qəzetin məlumatında deyilir ki, Seyfülislamın aqibəti atası və qardaşı Mütəəssim kimi linç edilmək olmasa da, o, tutularkən işgəncələrə məruz qalıb. Əsgərlərdən biri onun 3 barmağını kəsib. Seyfülislamın barmaqları sarıqlı şəkilləri yayılanda onun NATO hücumu zamanı barmaqlarını itirdiyi iddiası ortaya çıxsa da, həkim müayinəsi yaraların kəsik yaraları olduğunu üzə çıxarıb.
Yayılan başqa bir məlumatda deyilir ki, Seyfülislam atasını hakimiyyətdən devirmək üçün birləşən qüvvələrin bir müddət sonra bir-birinə qarşı vuruşacaqlarını bildirib. Oğul Qəzzafi üsyanı genişləndirmək məqsədilə birləşən bölgələrin ən geci bir il ərzində rəqib olacaqlarını, bununla da Liviyada vətəndaş müharibəsi başlanacağını söyləyib.
Seyfülislamın və Müəmmər Qəzzafinin keçmiş kəşfiyyat rəhbəri Abdulla əl-Sənussinin həbsindən sonra Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru Luis Moreno-Okampo Liviyaya gəlib. Onların məhkəmə qarşısında cavab verməli olduğunu deyən Luis Moreno-Okampo bildirib ki, bu, nə hərbi, nə də siyasi məsələdir, sırf hüquqi tələbdir.

Xamis Qəzzafi “xortladı”

Bununla yanaşı, dünya KIV-də yayılan məlumata görə, Müəmmər Qəzzafinin kiçik oğlu Xamis əslində ölməyib və Liviyadadır. Liviya Milli Keçid Şurası yaxın zamanlarda onun həbs olunacağına ümid edir. Öldüyü ehtimal edilən Xamis Qəzzafinin sağ olması barədə məlumatı isə Milli Keçid Şurasına onun qardaşı Seyfülislamın verdiyi bildirilir. Müvəqqəti hökumətin kəşfiyyat xidməti Xamisin Tripolidən 90 km. aralıda, Tarxuna şəhərində gizləndiyini müəyyənləşdirib.