Məmməd Mikayılovun “sürgün” edilməsi ilginc məsələlərə bağlıdır
Bir neçə həftə əvvəl “Azadlıq”da yazılmışdı ki, general Məmməd Mikayılovun Nəsimi rayon Polis Idarəsinin rəisi vəzifəsindən uzaqlaşdırılması daxili işlər nazirinin ona qarşı xüsusi (pozitiv olmayan mənada) münasibəti ilə bağlıdır.
Bu barədə məlumat verən mənbə bildirir ki, Məmməd Mikayılov polisdə işlədiyi son 10-15 ildə Ramil Usubov üçün davamlı olaraq başağrısı yaradan Məhərrəm Əliyevin yaxın çevrəsinə daxil olub.
Amma Usubovla M.Mikayılovun münasibətlərini arzuolunmaz şəklə salan daha ciddi amil Hacı Məmmədov olayları ilə bağlıdır. Mənbə bildirir ki, M.Mikayılov Xətai polisinin rəisi işlədiyi zamanlarda bu rayonun ərazisində Hacı Məmmədovun yaxın qohumlarından biri həbs edilib. Bu bandanın fəaliyyətindən xəbərdar olan Məhərrəm Əliyev və onun çevrəsi istintaqı davam etdirmək niyyətində olublar. Amma yuxarıdan təzyiqlər yolu ilə iş şəhər polisindən alınıb və bandanın üzvü də sərbəst buraxılıb.
2006-cı il noyabrın 14-də Hacı Məmmədovun məhkəməsində “Interpol”un Bakı Bürosunun rəisi Məmməd Mikayılov (o, artıq Xətai polisindən Interpola rəis vəzifəsinə gətirilmişdi) şahid qismində dindirilmişdi. Amma Məmməd Mikayılov ifadə verərkən hakim məhkəmə iclasını qapalı elan etmişdi. Hakim qərarını belə əsaslandırmışdı ki, DIN Narkotiklərlə Mübarizə Idarəsinin keçmiş şöbə rəisi, Hacı Məmmədov tərəfindən qətlə yetirilmiş Azər Ismayılovla bağlı epizodlar üzrə ifadələr yalnız qapalı məhkəmə iclasında alınmalıdır. Məmməd Mikayılovun da adı həmin epizod üzrə keçir.
Qeyd edək ki, Azər Ismayılov itkin düşdüyü və qətlə yetirildiyi vaxt Məmməd Mikayılov Bakı şəhəri, Xətai rayon Polis Idarəsinin rəisi vəzifəsində işləyib. Azər Ismayılov Xətai rayonu ərazisində itkin düşdüyü üçün Məmməd Mikayılov da onun itkin düşməsi ilə bağlı yaradılmış istintaq qrupunun üzvü olub. Hacı Məmmədovun həbsindən sonra isə məlum olub ki, Azər Ismayılov Xətai rayonu ərazisində itkin düşməklə yanaşı, elə həmin rayon ərazisindəki ünvanlardan birində – yəni Hacı Məmmədovun həyat yoldaşı, eyni zamanda da bandanın üzvü olan Nailə Quliyevanın mənzilində qətlə yetirilib.
Amma Məmməd Mikayılovun şahidliyi yalnız bu epizod üzrə kifayətlənə bilməzdi. Bütün digər epizodlar, o cümlədən Hacı Məmmədovun qohumunun şəhər polisi tərəfindən yaxalanması, sonradan isə müəmmalı şəkildə azad edilməsi zəruri məlumatlardır. Məlumatlı adamları isə heç də həmişə yaxşı xatırlamırlar.
Üstəlik, həmin ərəfədə DIN-də əksəriyyət gözləyirdi ki, nazir istefaya göndəriləcək və general Məmməd Mikayılov da bu istefanı zəruri sayanlardan biri idi.
Doğrudur, nazir Ramil Usubov general M.Mikayılovu işdən və ya polis sistemindən tamamilə uzaqlaşdırmayıb. Amma M.Mikayılovun Bakının ən böyük rayonundan çıxarılıb Suraxanı rayonuna göndərilməsi, elə “cəzalandırmaq” kimi bir şeydir.
Yeri gəlmişkən, M.Mikayılov polisin ən sağlam reputasiyalı zabitlərindən sayıla bilməz. Hüquq-müdafiə təşkilatları onu “Işgəncə Mamed” adlandırırlar. Xatırlayırsınızsa, Mikayılov Interpolun rəisi vəzifəsindən Nəsimi polisinə başçı gətiriləndə Işgəncələr Əleyhinə Komitənin sədri Elçin Behbudov bu təyinatdan şoka düşdüyünü bildirmişdi.
Informasiya şöbəsi