Xalq Cəbhəsinin hakimiyyəti dövründə dərəbəylik idi. Günün günorta çağı küçələrə çıxmaq olmurdu. Hamı qorxurdu, narahatlıq içindəydi. Nə baş verəcəyini bilən yoxdu. Əsl biabırçılıq idi. Ictimai asayiş fəlakət həddinə çatmışdı. Ziyalıların başının üstünü qara buludlar almışdı. Onları kimsə adam yerinə qoymurdu. Çünki həmin o bir ildə indiki kimi deyildi. Adamların halal, qanuni evini başlarına yıxan yox idi. Onları yayın istisində, qışın sazağında küçələrə tökmürdülər. Bir mənzili, bir həyətyanı torpaq sahəsini eyni vaxtda 10 adama satmırdılar. Ziyalıları günün günorta və ya qürub çağı – şənbə və bazar ertəsi günləri güllələmirdilər, bıçaqlamırdılar. Zirzəmilərdə boynuna qətlləri götürməsi üçün suçsuzlara işgəncə verib “səmimi etiraflar” almırdılar. Oğurlanan birilərinin qaytarılması üçün müqavilə bağlayıb alınan milyonları notariusda rəsmi şəkildə qanuniləşdirmirdilər. Azadlıq meydanında mitinq keçirib Elçibəyi söyənlərin cibinə nəşə atıb, üzünə fahişə durğuzdurub şərləmir, tutmurdular. Onun karikaturasını verən qəzetləri bağlamır, məhkəməyə vermirdilər. Məhkəmələr hakimiyyətin qərarlarının əleyhinə hökm çıxara bilirdi. Işdən azad edilən məmurlar qanunsuz çıxarılıbsa, işinə bərpa edilirdi. Bir-bir generalları, ictimai xadimləri, dövlət nümayəndələrini nə güllələyir, nə həbsə göndərirdilər. Alimləri tənqidi fikirlərinə görə işdən çıxarmırdılar. Korrupsiya hiss olunmayacaq dərəcədəydi. Rüşvət ayaq tuturdu da, yeriyə bilmirdi. Institutlara test üsulu ilə rüşvətsiz qəbul baş vermişdi.
Məscidləri uçurmur, yüz bəhanəylə bağlamırdılar. Türk bayrağını endirmirdilər. PKK-ya dövlət səviyyəsində yardım yox idi. Azərbaycan neftinin hər senti uğrunda uzun-uzadı danışıqlar gedirdi. Rus qoşunları Azərbaycana zərər verə bilmədən ölkədən çıxarılmışdı. Qarabağ torpaqlarının qeyd-şərtsiz qaytarılması ilə bağlı BMT-nin 4 mühüm qərarı çıxarılmışdı. Azərbaycan istənilən dövlət ilə bərabərhüquqlu dövlət kimi danışa bilirdi. Kəsəsi, çox avara zaman idi. Darıxdırıcı.
Yaxşı iş-peşə tapmışdılar, ölkədə demokratik rejim qurulurdu, bir yandan da az qala hər ay Qarabağın bir hissəsi qaytarılırdı. Şükür ki, o hakimiyyətin ömrü bir ildən artıq sürmədi. Heydər Əliyev gəldi. Xalqımız ağ günə çıxdı. Həyat qaynamağa başladı. Qan-qada, dövlət terroru, hər gün iri ranqlı qətllər, həbslər, “dövlət çevirilişləri cəhdi”, “OMON” üsyanı, ikinci Surət qiyamı, nazirlərin ömürlük həbsləri, MTN-dən qaçırılmalar, generalların ölümü, camaatı evindən bayıra atmaq, diktatura, şəxsiyyətə pərəstiş, yaltaqlıq, şərəfsizlik, polis vəhşiliyi, təhlükəsizlik xidmətinin dövlətin yox, mafiyanın maraqlarını qoruması, dövlət səviyyəsində adam oğurluğu və terror… Kəsəsi, ləzzət, mənalı və coşqun həyat! Xalqın istədiyi əsl sabitlik.
Düzünü deyəndə nə olar ki! Gəlin, görək hansı kitab daha çox oxunur – Çingiz Abdullayevin detektiv-kriminal-polisiyyə romanları, ya Lev Nikolayeviç Tolstoyun, Ceyms Coysun, Anarın əsərləri? Əlbəttə, Çingiz müəllimin. Ona görə də kim indiki rejimi qoyub, AXC hakimiyyətini bəyənər? Diktatura rejimi bizdə əsl bestsellerdi.
Qansız qatilin kimliyi
Yazıçı Rafiq Tağı 6 bıçaq yarası aldı. Sabitlik lap “dalağa dəydi”. Onu kim bıçaqlayıb? Heç kim. Gerçəkdən də heç kim. Onu bıçaqlayan zavallı doğrudan da heç kimdi. O, Rafiqi tanımırdı. Bəlkə də o, doktorun haçansa ölümdən qurtardığı biridi. Ama o, yazıçının bir cümləsini də oxumamışdı. Şəklini belə, görməmişdi. Ona avtobusdan düşən yazıçını arxadan göstərib demişdilər: “Haydı. Ardınca get. Bıçaqlayacağın adam odur”. Heç bıçağı ona saplayanda da Rafiqin üzünü görmədi o zavallı. Çünki arxadan gəlmişdi. Çünki ona bıçaq saplayanda gözü saplayacağı nöqtələrdəydi. Axı namərd idi. Mərd adamın Rafiqə əli qalxardımı ki? Rafiqi hədəf eləyən onun dünəninin zəminində yatan “Avropa və biz”, bu gün Irandakı rejimə yönəlik sərt tənqidləri və YAP hakimiyyətinə loyallıq təsiri bağışlayan son çağlar yazdığı bir neçə yazı və müsahibə idi. Qansız qatili (söhbət bıçaq vurandan yox, sifariş verəndən gedir) bu üçbucağın arasında aramalı. Axtaran tapar.

Rafiq Tağının qatilinin ünvanı
•
•