Prezidenti “pişim-pişim”lə yola gətirmək

Dəyərli köşə yazarı Anar Mahmudoğlu “Azadlıq”dakı son yazısında çox maraqlı məsələyə toxunub. Yazıda deyilir: “Ziyalı adını daşıyan şəxslərin həm iqtidarı, həm də müxalifəti tənqid etməsi missiya kimi boyunlarına düşüb sanki. Guya iqtidarı tənqid edəndə bir söz də müxaliflərin və ya tənqidçi medianın ünvanına fırlatmasalar, onların ”ziyalılığı” şübhə altına düşə bilər…”. Doğrudan da, bu gün fikirlərini bu qəribə məntiq üstündə səsləndirmək sanki pozulmaz anda çevrilib. Kimsə bu andı pozmaq fikrində deyil.

Rafiq Əliyev məsələsi cəmiyyətdə ciddi rezonans doğurdu. Çox sevindirici bir hal müşahidə olunmağa başladı. Çoxdan susmuş bir xeyli ziyalı bundan sonra danışmağa, həm də lap eşidiləcək səviyyədə səslərini duyurmağa qalxdılar. Bunun sevincini yaşamadıq desəm, yalan söyləmiş olaram. Danışanlar təkcə Ziyalılar Forumuna bir başa bağlı ziyalılar deyil, həm də adları Rafiq Əliyevə qarşı dolaşıq mətnə imza atanların içində yer alan, sonradan isə əslində imzanı başqa mətnə atdıqlarını çəkinmədən açıqlayan ziyalılarımız da danışdı. Bu da sevindiricidi. Lakin hər kəsin danışığında həmin o “qızıl orta” məntiqi, çəkingənliyi, ehtiyatlılığı.
Özlərinin bitərəf, həm müxalifətdən, həm iqtidardan eyni məsafədə uzaq (və ya yaxın) olduqlarını göstərmək üçün bu fikir səslənir ki, Rafiq Əliyevin vurulmasından bəziləri öz siyasi məqsədləri üçün istifadə eləyir. Söhbət təbii ki, hakimiyyətin əleyhdarlarından gedir. Əlbəttə, heç kim “bəzi” sözünü işlətməyi unutmur. Bu “bəzi” sözü də sığorta kağızı kimi bir şey olub, indi hətta iqtidar mənsubları da müxalifət haqqında danışanda bu sözcükdən istifadə eləməyi unutmurlar. Elə Əli Həsənovun APA-ya son müsahibəsindəki “bəzi müxalifət liderləri”… Əli Həsənovu qoyaq otursun oturduğu yerdə, ziyalılardan danışaq.
Görəsən hakimiyyət əleyhdarları akademikin işinə necə siyasi rəng qatırmışlar? Görəsən, deyək ki, müxalifət akademikin işini necə şişirdir, ondan necə yararlanır? Bir neçə partiya, ictimai qurum, təşkilat, birlik bu məsələyə münasibət bildirərək Rafiq müəllimin işdən çıxarılmasını çəkinmədən pisləyib. Ölkənin iki ən böyük qəzeti isə bu məsələni əvvəldən diqqətdə saxlayıb, indi də məsələylə bağlı hər yeni xəbərə yer ayırır, onları incələyir, öz fikrini ortaya qoyur, ictimai rəyi, ziyalıların mövqeyini öyrənib oxucuya çatdırır. Indi belə çıxır ki, məsələn, “Azadlıq” qəzeti bu məsələnin üstünə getməməli, ziyalının işdən çıxarılmasını adi hal kimi qəbul eləyib, sadəcə xəbər verməklə yetinməliymiş. Onda bu idbar akt necə ictimailəşəcək, gündəmə hansı yolla gələcəkdi? Hər gün yüzlərlə adam haqsız olaraq işdən çıxarılır, haqqı allahsızcasına tapdalanır, ancaq bundan xəbər tutan olmur. Sadəcə bir iş var – əgər bu qəzetlər təkcə quru xəbər verməklə yetinib, bu addımın nə qədər iyrənc olduğunu diqqətdən kənarda saxlasaydı, onda da həmin tərəfsiz, “qızıl orta” ziyalıları deyəcəkdilər ki, baxın, iqtidarın əksinə olanlarla iqtidarın heç bir fərqi yoxdu – biri haqsızlıq eləyir, o biri isə bu haqsızlığı açıb-ağartmır…
Ziyalılara yanaşma məsələsində mən və mənimlə həmfikir olanlar onların üstünə getməyin, onlardan sərt və çılpaq mövqe tələb eləməyin yanlısı deyilik. Kimisə küsdürmək bizə lazımdırmı? Düşünürük ki, astadan olsa da, danışmağa başladılarmı, bir kəlmə nəsə dedilərmi, qoy desinlər, yavaş-yavaş daha ucadan danışacaqlar. Elə “qızıl orta”da suçladığımız ziyalılar da prezidentə bağlı məqamlarda beləcə, bizim kimi ehtiyatla, dözümlə, “pişim-pişim”lə söz deməyin tərəfdarıdırlar, onu daha da qəzəbləndirməyin, lap acığa salmağın, lap amansızlaşdırmağın yox. Bu yolla da heç olmasa həbsdə yatan vicdan məhbuslarını qurtarmaq istəyirlər. Çünki prezidentin psixikasını pis bilmirlər.
Baxın, bizim hamımızın günü bu – prezidenti də, ziyalını da “pişim-pişim”lə nəyəsə səsləmək, yola gətirmək. Nəyəsə nail olmaq. Rejimin iyrənc şəkillərindən biri də bu.