Onun teatr repertuarlarını bəzəyən əsərləri

«Gözlə məni» mahnısıyla məşhurlaşmışdı

“Ilk mahnımı mən ikinci cahan müharibəsi illərində yazmışam. Bu, cəbhədə həlak olmuş istedadlı şair Şirzad Əliyevin sözlərinə yazılmış “Gözlə məni” mahnısıdır. Mən xoşbəxtəm ki, bu ilk mahnımı Azərbaycan vokal məktəbinin banisi Bülbül oxumuşdur”. Azərbaycan musiqi tarixində və inkişafında özünəməxsus yer tutan bəstəkar  Süleyman Ələsgərovun geniş dinləyici kütləsi arasında tanınması 40-cı illərin əvvəllərinə təsadüf edir. 1944-cü ildə Tbilisidə Zaqafqaziya respublikalarının mahnı ongünlüyündə başqa bəstəkarlarımızla yanaşı S.Ələsgərov da iştirak edirdi. Ongünlükdə səsləndirilən bir çox mahnılarla yanaşı onun “Gözlə məni” mahnısı da ifa olundu. Bu mahnını o, 1942-ci ildə yazmışdı. Ilk ifadan sonra bu mahnı dinləyiciər arasında yayıldı, öz müəllifinə şöhrət gətirdi.
Bəli, onun yaradıcılığı Azərbaycan professional musiqi tarixinin parlaq bir səhifəsidir.
Xalq yaradıcılığından bəhrələnən bəstəkarın özünəməxsus dil üslubu, fərdi yaradıcılıq prinsipləri və xüsusiyyətləri onun bütün əsərlərində diqqəti cəlb edir.
Süleyman Ələsgərovun yaradıcılıq marağı çox zəngindir. O, qədim və zəngin bir tarixi olan xalq musiqimizin ən gözəl ənənələrini daima öz yaradıcılığında əks etdirməyə çalışmışdır.
Musiqişünaslar  S.Qasımova, N.Bağırov onun musiqisi haqqında yazırlar: “Süleyman Ələsgərov musiqisi üçün şən, sevindirici əhval-ruhiyyə, emosionallıq, fikrin səmimiyyəti xasdır. Günün akutal məsələləri, müasirlərimizin həyatı, onların arzu və istəkləri, Vətənin tərənnümü…  bütün bunlar Ələsgərovun yaradıcılığında öz əksini tapır. Xalq yaradıcılığına xas olan intonasiyalardan, ritmlərdən geniş istifadə edən S.Ələsgərov folklor sənətinin təkraredilməzliyini, orijinallığını öz əsərlərində səmimi şəkildə ifadə etməyə çalışır. Bu işdə ona xalq musiqiçiləri ilə daima əlaqəsi xeyli kömək edir”…
Süleyman Əyyub oğlu Ələsgərov 1924-cü ildə Şuşa şəhərində anadan olmuşdur. 1940-cı ildə Şuşa orta ixtisas musiqi məktəbinin tar sinfini bitirdikdən sonra o, Bakıya gəlmiş və əvvəlcə Azərbaycan Dövlət Konservatoriyasının nəzəriyyə şöbəsinə, sonra isə bəstəkarlıq şöbəsinə, professor B. I. Zeydmanın sinfinə daxil olub, həmin sinfi fərqlənmə diplomu ilə qurtarmışdır.
Bəstəkarın diplom işi müasirlərimizin həyatına həsr etdiyi “Vətən” simfoniyası olmuşdur. 1948-ci ildə S. Ələsgərov Azərbaycan Dövlət Konservatoriyasını bitirib, Bakı orta ixtisas musiqi məktəbində dərs deməyə başlayır, eyni zamanda geniş musiqi-ictimai fəaliyyət göstərir.
1949-1951-ci illərdə o, həmin musiqi məktəbinin direktoru, 1951-1952-ci illərdə Azərbaycan Dövlət Filarmoniyası Mahnı və Rəqs ansamblının bədii rəhbəri, 60-cı illərdə isə Musiqili Komediya Teatrının direktoru və baş dirijoru vəzifələrində işləmişdir.
1956-cı ildə S. Ələsgərov Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının Azərbaycan xalq musiqisi kafedrasına müəllim dəvət edilir və 1971-ci ildən həmin kafedranın müdiri vəzifəsində çalışmışdır.
Sənətkarın sevilən operettaları
S. Ələsgərovun son 30 ildəki fəal yaradıcılıq işi zəngin və çoxcəhətli olmuşdur. Bəstəkarın yaradıcılığının böyük hissəsini müxtəlif illərdə yazdığı musiqili komediyalar təşkil edir.
1967-ci ildə “Milyonçunun dilənçi oğlu” tamaşasına görə bəstəkar S.Ələsgərov, libretto müəllifi  Ş.Qurbanov, habelə rəssam B. Mirzəzadə və rejissor Ə.Ələkbərov Ü.Hacıbəyov adına respublika mükafatına layiq görülmüşlər. Bəstəkarın “Ulduz” operettası həm ölkəmizin bir çox şəhərlərində, həm də onun hüdudlarından uzaqlarda tamaşaya qoyulmuş və C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılmışdır.
S.Ələsgərov zəngin musiqi irsinə malikdir. Bu musiqi irsi Azərbaycan professional musiqisinin bir çox janrlarını əhatə edir. Bəstəkar 2 operanın (“Bahadır və Sona” və “Solğun çiçəklər”), 12 musiqili komediyanın, 2 simfoniyanın (“Gənclik” və “Vətən”), “Bayatı-Şiraz” simfonik muğamının, violonçel, fortepiano və simfonik orkestr üçün “Ikili konsert”in, simfonik orkestr üçün “Uvertüralar”ın, 2 simfonik poemanın, 6 kantatanın, bir sıra kamera-instrumental əsərlərin, tar ilə Azərbaycan xalq çalğı alətləri orkestri üçün 3 konsertin, xor üçün, xalq çalğı alətləri orkestri üçün bəstələnmiş rəngarəng janrlı əsərlərin, 200-ə qədər mahnı və romansların müəllifidir.
Sonrakı illərdə Azərbaycan Dövlət Konservatoriyasında məşhur pedaqoq, professor Boris Zeydmanın bəstəkarlıq sinfində təhsil alarkən o, Sovet Ittifaqı Qəhrəmanı, general Həzi Aslanova həsr olunmuş simfonik “Poema”, “Məhəbbət gülü” musiqili komediyasını, simli kvartet, skripka, violonçel və fortepiano üçün “Trio”, “Xatirə” əsərlərini yazır. III kursda təhsil alarkən o, simfonik orkestr üçün “Bayram uvertürası”nı, violonçel, fortepiano və simfonik orkestr üçün ikili “Konsert”ini, nəhayət, diplom işi olan “Vətən” simfoniyasını bəstələyir. Hər üç əsər elə yazıldığı dövrdə musiqi ictimaiyyəti arasında rəğbətlə qarşılanır və bu günümüzə qədər həmin simfonik əsərlər açıq konsertlərdə səsləndirilir.
Görkəmli bəstəkar Əşrəf Abbasov “Bayram üverturası”nı bəstəkarın ən uğurlu əsərlərindən sayır: “Burada xəlqilik, melodiya zənginliyi, harmoniya əlvanlığı… orkestrin parlaq səslənməsi, musiqi inkişafının qanunauyğunluğu və ümumi ahəngi uvertüranın bayramsayağı ifasına gətirib çıxarır”.
S.Ələsgərovun violonçel, fortepiano və simfonik orkestr üçün yazdığı ikili “Konsert” onun yaradıcılığında müstəsna yer tutur. Bu əsər milli konsert janrının təşəkkülündə və inkişafında müəyyən mərhələ rolunu oynamışdır.
S.Ələsgərovun yaradıcılığında mahnı xüsusi yer tutur. Bəstəkar 200-dən artıq nəğmənin müəllifidir. Xüsusilə əmək mahnıları mövzusunda onun bir çox mahınısı var. V.Xəlilov “Bəstəkar Süleyman Ələsgərov” kitabçasında müəllifin dilində bu haqda yazır: “Mən Azərbaycan torpağını qarış-qarış gəzirəm. Vətənin gözəlliklərini vəsf etməklə bərabər onun əməkçiləri ilə tez-tez görüşürəm. Hər təzə görüş qəlbimdə insan əməyinin qüdrəti, yenilməzliyi barədə hisslər yaradır”.
Bəstəkarın yaradıcılığında mahnılarla yanaşı, romanslar da xüsusi yer tutur. Onun romanslarının çoxu klassiklərimizin şer və qəzəllərinə yazılmışdır. Xüsusilə Nizaminin sözlərinə “Sərvi xuramanım mənim”, Füzulinin sözlərinə “Vətənimdir”, Nəsiminin sözlərinə “Neylərəm” qəzəl-romanslarını bu günə qədər məşhur müğənnilərimiz sevə-sevə oxuyur.
Səhnədəki 12 musiqili komediyası
S.Ələsgərovun yaradıcılığında musiqili-səhnə əsərləri də əlamətdar yer tutur. O, bütün yaradıcılığı boyu bu kimi əsərlərə müraciət edib. Bəstəkar musiqili-komediya janrını daha çox sevirdi. Onun 12 musiqili komediyası Ş.Qurbanov adına Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuş və bəstəkara şöhrət gətirmişdir. Bu səhnə əsərlərində o, dahi Ü.Hacıbəyovun musiqili komediya ənənələrini öz yaradıcılığında davam etdirmişdir.
S.Ələsgərov Azərbaycanda musiqili komediya janrının inkişafında öz səsi, dəst-xətti ilə tanınır. Musiqi dilinin sadəliyi, obrazların təbiliyi, forma aydınlığı, orkestr səslənməsində milli koloriti bəstəkarın yaradıcılığına xas olan xüsusiyyətlərdir. 1945-ci ildə o, özünün “Məhəbbət gülü” (librettosu H.Muxtarovundur) adlı ilk musiqili komediyasını yazır. Sonralar bir-birinin ardınca gələn “Ulduz” (1948, librettosu S.Rəhmanın), Ş.Qurbanovun librettoları əsasında “Özümüz bilərik” (1962), “Olmadı elə, oldu belə” (1964), “Milyonçunun dilənçi oğlu” (1966), “Hardasan ay subaqlıq” (1968, librettosu S.Qədirzadənin), “Sevindik qız axtarır” (1970, librettosu Ş.Qurbanovun), “Həmişə xanım” (1971, librettosu S.Qədirzadənin), “Gurultulu məhəbbət” (1973, librettosu S.Qədirzadənin), “Subaylarınızdan görəsiniz” (1992, librettosu I.Məmmədzadənin), “Hərənin öz ulduzu” (1995, librettosu I.Məlikzadə) və s. musiqili komediyaları bəstəkarın bu sahədə böyük yaradıcılıq imkanlarını açıb göstərir.
Onun musiqili komediyaları arasında “Ulduz” daha çox məşhurdur.  “Ulduz” ilk dəfə 1948-ci ildə tamaşaya qoyulmuşdur. Əsərin tamaşaya hazırlanmasında rejissor Şəmsi Bədəlbəylinin xüsusi əməyi var.
Bəstəkar bir neçə xalq mahnılarını da nota köçürmüş, onları solist, xor, fortepiano, xalq çalğı alətləri orkestri və ansamblı üçün əlvan boyalarla işləmişdir.
Süleyman Ələsgərov sevimli müəllimi, böyük ustadı Üzeyir bəy Hacıbəylinin xatirəsini həmişə uca tutmuş, Üzeyir bəy ənənələrinin fəal davamçısı olmuşdur. O, trio üçün “Düşüncə” pyesini, S.Vurğunun Üzeyir bəyin xatirəsinə yazdığı şeirə “Eşq olsun sənətkara” balladasını bəstələmişdir.
Süleyman Ələsgərîv 21 yanvar 1999-cu ildə dünyasını dəyişmişdir…
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir