Naxçıvanda Cəbhə sədrinə yeni təzyiq

Bağırsoy qardaşlarını prokurorluq adından hədələyiblər

AXCP Naxçıvan təşkilatının sədr əvəzi Yaşar Bağırsoy və onun qardaşı Zeynal Bağırsoy Muxtar Respublika Prokurorluğuna çağırılıblar. Yaşar Bağırsoy “Azadlıq” radiosuna deyib ki, Nehrəm kəndinin sahə müvəkkili səhər saatlarında ona və qardaşına zəng vuraraq təcili prokurorluğa getməli olduqlarını bildirib: «Noyabrın 22-si səhər sahə müvəkkili Elməddin bizə zəng elədi. Bildirdi ki, səni də, qardaşın Zeynalı da təcili Respublika Prokurorluğuna çağırıblar. Səbəbini soruşdum, heç nə demədi.  Bildirdim ki, poçt vasitəsilə çağırış olmalıdır. Bu şəkildə prokurorluğa çağırılmamız qeyri-qanunidir. Getməkdən imtina elədim. Zeynala da dedim ki, getməsin. Çünki bunlara inam yoxdur. Bizi qeyri-qanuni çağırıb orada işgəncə verib, öldürə də bilərlər. Sonra qardaşım Zeynala zəng vurub onu hədələyiblər. Deyiblər, gəlməsəniz sizə pis olacaq».

Yaşar Bağırsoy prokurorluğa çağırılmalarını özünə qarşı siyasi təzyiq hesab edir: «Bu günlərdə mənim iştirakımla İctimai Palatanın Naxçıvan Muxtar Respublika şöbəsi təsis edildi. Yerli hakimiyyət bundan qorxuya düşüb. Hesab edirəm ki, qardaşımın və mənim bu şəkildə qanunsuz olaraq Muxtar Respublika Prokurorluğuna çağırılmamız bizə qarşı təzyiqdir».

Naxçıvan MR Prokurorluğunda radioya bildiriblər ki, nə Yaşar Bağırsoy, nə də  Zeynal Bağırsoy prokurorluğa çağırılıb. Nehrəm kənd sahə müvəkkili isə Bağırsoy qardaşlarının dediklərinə  münasibət bildirmək istəməyib.

Yaşar Bağırsoy isə bildirib ki, rəsmi çağırış gəlməyincə, prokurorluğa getməyəcəklər.