Heykəlləşən tarix, tarixləşən heykəllər…

Heykəltəraşlığın tarixi

Azərbaycan heykəltəraşlığı öz mənşəyinə görə bir çox tarixi, bədii yaradıcılıq ənənələrinə bağlıdır ki, bunların da kökləri orta daş dövrünə aid Qobustan qəbilələrinə gedib çıxır. Ilk heykəlin nə zaman, kimin hazırladığı məlum olmasa da, dünyanın bir sıra ölkələrində aparılmış arxeoloji qazıntılar nəticəsində qədim daş dövrünə aid müxtəlif heykəl nümunələri tapılmışdır. Azərbaycan ərazisində də əkinçilik və maldarlıqla məşğul olan tayfaların mədəniyyəti, incəsənəti, dünyagörüşü barədə zəngin məlumatlar verən nadir heykəltəraşlıq əsərləri əldə edilmişdir. Ona görə də tədqiqatçılar mezolit dövrünü təsviri sənətimizin ilkin və ən qədim mərhələsi hesab edirlər. Daha doğrusu, Qobustan qaya təsvirləri bu sahədə ilk nümunələr sayıla bilər. Abşeron qaya təsvirlərində yaradılmış qabartmalar isə ilk heykəltəraşlıq əsərlərindəndir. Bu əsərlər getdikcə plastika sənətimizin kökünə, qabarıq heykəllərin inkişafına və Abşeronda da daş heykəllərin yaradılmasına təkan vermişdir. Əsasən antropomorf və zoomorf təsvirlərdən ibarət plastika nümunələrinin sayca azlığına baxmayaraq, onlar həm heykəllərin tarixinin müəyyənləşdirilməsinə, həm də hazırlanma texnologiyasının, üslub xüsusiyyətlətlərinin, ikonoqrafik cizgilərinin öyrənilməsinə imkan vermir.
Digər ölkələrin ərazilərindən tapılmış anoloji materialların müqayisəli təhlili sübut edir ki, Azərbaycanın eneolit və tunc dövrünün əhalisi qədim Şərq incəsənəti ilə tanış olmuşlar. Incəsənətimizin başqa bir kökü türk xalqlarının bədii təfəkkürü, yaradıcılıq tendensiyaları və dini təsəvvürləri ilə bağlı olmuşdur. Eramızın birinci əsrlərinə aid olan Şamaxı rayonundan tapılmış kişi heykəlləri və Tovuz rayonundan tapılmış hun bolluq, artım ilahəsinin fiquru plastika sənətimizin ilk əsərlərindəndir.
Ibtidai insanların ilk yaşayış məskənləri (mağaralar və s.) daşdan tikilmiş, qadınların ilk bəzəyi, ilk qələm və lövhə də daşdan hazırlanmışdır. Alimlər ən qədim rəsm nümunələrinə daş və qayalar üzərində rast gəlirlər. Elmi araşdırmalar göstərmişdir ki, uzaq keçmişlərdə ölkəmizdə daşdan insan, heyvan fiqurları düzəltmək, onların üzərini bəzəmək məhz bu məqsədlə edilmişdir. Yurdumuzda daşdan düzəldilmiş və üstü bəzədilmiş daş abidələrin tarixi uzaq keçmişlərə təsadüf edir. Insan fiqurunu təsvir edən heykəllər içərisində 1971-ci ildə Ağdamın Boyaəhmədli kəndi yaxınlığında Gavur-Qala adlanan yerdən tapılmış abidələr xüsusilə maraqlıdır. Demək olar ki, insan fiqurlarını təsvir edən bu heykəllər indiyə qədər Azərbaycan ərazisində tapılanən orijinal plastik sənət örnəklərindəndir.
Qədim sənətin müasir mərhələsi
Azərbaycanın müasir tarixində də heykəltəraşlıq sənəti incəsənətin önəmli sahələrindən sayılır. Geniş küçə və meydanlara, möhtəşəm tikililərin tərtibatına, məzarlığa yol tapan müxtəlif formalı heykəltəraşlıq nümunələrindəki bugünkü yüksək sənətkarlığın ifadəsi onun qədim milli ənənələri, çoxəsrlik inkişaf tarixi olmasının nəticəsidir. Bunu ilk növbədə bir çox sənət növlərində olduğu kimi heykəltəraşlığın da ən ibtidai formasını belə yaratmaq üçün yerli xammalın – daşın mövcudluğu şərtləndirmişdir. Bu həqiqəti həm arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif nümunələr, həm də tarixi mənbələr və ədəbiyyat nümunələri təsdiqləyir. Ilk orta əsrlərə aid edilən, Şamaxı və Ağdam şəhərləri ətrafında tapılmış daş insan fiqurlarını isə artıq heykəltəraşlığımızın daha təkmilləşmiş nümunəsi hesab etmək olar. Bayıl qəsrindəki daşoyma nümunələri (XIII əsr), məzarlar üzərinə qoyulan at və qoç fiqurlarını (XV-XIX əsrlər) da heykəltəraşlığımızın yeni və yaddaqalan səhifəsi saymaq mümkündür. Araşdırmalar sübut edir ki, XIX əsrin axırı XX əsrin əvvəllərində daşoyma sənəti özünü daha çox neft sənayesinin inkişafı ilə yeni dəbdəbəli tikililərə rəvac verildikdə, onların zəngin bəzəklərində göstərilmişdir.
Heykəltəraşlığımızın bugünkü mənzərəsinin yaranması isə əslində Azərbaycan Demokratik Respublikasını bolşeviklərin işğalından sonra Bakıda açılan rəssamlıq məktəbi və yerli kadrların SSRI-nin müxtəlif mərkəzi şəhərlərində heykəltəraşlıq sənətinə yiyələnmələri səbəb olub.
Qeyd etmək lazımdır ki, sovet hakimiyyətinin ilk illərindən başlayaraq SSRI dağılana kimi hazırlanan heykəltəraşlıq nümunələrinin çoxu məzmunca daha çox sosializm və kommunist ideyalarının təbliğinə həsr olunub. Hələ ötən əsrin 20-ci illərindən başlayaraq küçə və meydanları bəzəyən heykəllərin arasında bolşeviklərlə yanaşı, tanınmış azərbaycanlı şəxsiyyətlərin obrazları da geniş yer tutur. Bakıda ucaldılmış ilk abidələri – M.Ə.Sabirin (1922) və M.F.Axundovun (1930) heykəllərini bu yöndə yaradılan ilk əsərlərdən hesab etmək olar. Sonrakı illərdə də adı Azərbaycan tarixinin şərəfli səhifələrini bəzəyən şəxsiyyətlərin obrazları heykəlləşib. Bu gün paytaxtı bəzəyən Nizaminin, Füzulinin, N.Nərimanovun, Ü.Hacıbəyovun, S.Vurğunun, Natəvanın, Ə.Vahidin, H.Zərdabinin, Ə.Əzimzadənin abidələri bu qəbildəndir. O vaxtlar ölkənin siyasi durumu onun ideologiyasının təbliğini gücləndirən əsərlərin yaradılmasını tələb edirdi və heykəltəraşlar da bu işi sifarişlə yerinə yetirirdilər.
Bu gün müstəqilliyimizin möhkəmləndirilməsinə hansı heykəllər lazımdır? Onları kim sifariş verməlidir?
Etiraf edək ki, hələ ki, paytaxtda tariximizin parlaq səhifələrinin özündə hifz edən cəlbedici monumental abidə yoxdur. Keçmişimizin qan yaddaşımızı korşalmaya qoymayacaq səhifələri, heç şübhəsiz, müstəqilliyimizin əldə olunması, 20 Yanvar faciəsi və Xocalı soyqırımıdır. Amma bir çox mütəxəssislər də etiraf edirlər ki, bu abidələrin yeri və görkəmi tam uğurlu hesab oluna bilməz. Azərbaycanın ən önəmli tarixi keçmişi ilə bağlı olduğuna görə, hər şeydən əvvəl həmin abidələr üçün ən baxımlı yer seçilməliydi.
Yeni heykəllərə ehtiyac varmı?
Bundan başqa, sovet ideologiyasına xidmət edən bir sıra heykəllərin götürülməsi ilə paytaxtda yaranan boşluğu daha layiqli şəxsiyyətlərin abidələri ilə əvəzləmək olardı. Məsələn, vaxtilə məşhur heykəltaraşımız Ömər Eldarov ADR hökumətinin qurucularından və aparıcı simalarından biri M.Ə.Rəsulzadənin abidəsinin illərdir emalatxanasında qaldığını, heykəlin şəhərin təyin olunmuş yerində ucaldılmasının bir qərara bağlı olduğunu bildirmişdi. Bir həqiqətdir ki, bu gün Azərbaycan heykəltəraşlarının emalatxanalarında şəhərdə öz layiqli yerini tuta biləcək çoxlu abidələr qalır. Sənətşünaslar qeyd edir ki, istedadlı heykəltaraş Sahib Quliyevin emalatxanasında parklarımızı bəzəyəcək neçə-neçə belə əsər var (“Görüş”, “Oyanma”, “Ailə düsturu”, “Bahar”). Tanınmış heykəltaraş Xanlar Əhmədovun yaratdığı “Bürclər” silsiləsi şəhərin əvəzsiz bəzəyi ola bilərdi… O cümlədən, Teyyub Yusifov, Namiq Dadaşov, Fuad Salayev, Fazil Nəcəfov, Elxan Aslanov və b. əsərləri paytaxtımızın ayrılmaz bədii elementinə çevrilməyə layiq heykəllərdir. Amma bu gün ölkədə yalnız bir heykəl sifariş olunur ki, onu da sənət əsəri saymaq olmaz…
Heykəltəraşlar indi dövlət sifarişlərinin azalması ilə fəaliyyətlərinin zəifləməsindən gileylənirlər. “..
Tələb olunan toz, qırıntı, mərmər, qranit, ağac və digər materiallar bahalaşır. Məsələn, ucuzluq zamanı hündürlüyü 20-25 santimetr olan bir heykəlin hazırlanması 100 manata başa gəlirdisə, qiymət artımından sonra həmin rəqəm 300-400 manat civarında olur. Yaxud əvvəllər tunc heykəl 100-150 manata hazırlanırdı. Ancaq indiki dövrdə təkcə həmin heykəlin hazırlanmasına sərf olunan materialın qiyməti və zəhmət haqqı 600 manatdan aşağı deyil. Bu səbəbdən də həmin heykəlləri heç olmasa 1200-2000 manata satmaq lazımdır ki, əlavə gəlir olsun. Qiymət baha olduqda sifarişlərin sayı da azalır…
Xarici vətəndaşlar bizdən aşağı qiymətə, məsələn, 1000-1500 dollara aldıqları heykəlləri öz ölkələrində 7-10 min dollara satırlar. Bir sözlə, fərdi sahibkarlıqla məşğul olurlar. Ancaq bizim sözügedən ölkələrlə müqavilə bağlamaq, əsərlərimizi və əl işlərimizi oradakı vətəndaşlara satmaq imkanımız yoxdur. Çünki əcnəbilərin hansı heykəlləri bəyənəcəklərini və hansı qiymətlərə alacaqlarını müəyyənləşdirmək çox çətindir. Əgər bizə belə bir şərait yaradılsaydı, sosial-iqtisadi durumu həddən artıq yaxşılaşdırmaq mümkünləşər, bütün problemləri çözər və heykəltaraşlıq sənətini ən sevilən bir peşəyə çevirər və ona marağı artırardıq”(Xanlar Əhmədov, heykəltaraş).
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu
KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir