6

Gözü işığa möhtac idi, özü işıq saçırdı

Müxalifətin sadiq və dönməz əsgərinin vəfatı haqda…

Noyabrın 17-də “Azadlıq” qəzetindəki bir nekroloq milli demokratik düşərgəni dərin məyusluğa saldı. Həmin gün Əbdülsəlim Eyvazov torpağa tapşırılırdı…

Işıqlı insan

Hər iki gözlərində görmə problemi olan, dünya işığına həsrət qalan Əbdülsəlim bəy cəbhəçilərin, müsavatçıların sevimlisi idi. Onun gözləri işığa həsrət idi, ancaq özü işıq saçırdı. Ziyalılığı və sarsılmaz mübarizə əzmkarlığı ilə o, çoxları üçün avanqarda çevrilmişdi. Onu AXCP-nin keçirdiyi istənilən tədbirdə, qapalı zal iclaslarında, mitinqlərdə, icazəsiz aksiyalarda görmək həmişə mümkün idi. 90-cı illərin sonunda müxalifətin izdihamla keçən mitinqlərinin birində o çıxışçı da olmuşdu.

“O, bizim ən güclü dayağımız idi”


AXCP sədrinin müavini Gözəl Bayramlı bildirir ki, Əbdülsəlim bəy Milli Azadlıq Hərəkatının lap ilk günlərindən cəbhəçi olub və təkcə bu statusu ilə kifayətlənməyib: “O, Nərimanov rayonunda bizim istinadgahlarımızdan idi. Gözdən Əlillər Cəmiyyətindən nə qədər insanı mübarizəyə qoşmuşdu… Ən çətin vaxtlarda onun rəhbərlik etdiyi dayaq dəstəsi kəmiyyət və keyfiyyətinə görə seçilirdi”.

Güclü mənəviyyat və güclü orqanizm


Əbdülsəlim bəy 64 yaşında bu dünyaya vida etdi, onun ölümü çoxları – ailəsi, dostları üçün gözlənilməz oldu. Gözəl xanım deyir ki, onlar xəstələnəndə Əbdülsəlim bəy onları “dəymə-düşər” adlandırıb zarafat edirmiş, çünki özü heç qripə də yoluxmurmuş. Həyat yoldaşı Mötəbər xanım da bu faktı təsdiqləyir: “Onun xəstə yatdığı yadıma gəlməzdi. Dərmanla qəti arası yox idi. Hətta vəfatından 2-3 gün əvvəl onu bir az halsız gördüm, Samirə (oğlu) dedim ki, təcili yardıma zəng elə, gəlsin. Buna üsyan elədi, dedi ki, həkim gəlsə belə, evə buraxmayacaq. Bilirdim ki, eləyər, ona görə fikrimizdən daşındıq”.

Məscidə gedərkən ölümlə qarşılaşdı


20 ilə yaxın intizamlı dini həyat keçirən mərhum fiziki əngəllərinə məhəl qoymadan müsəlmanların müqəddəs saydığı Həcc, Məşhəd, Kərbəla ziyarətlərində olub. Hər il oruc tutmaqla yanaşı, o, hər həftənin azı iki gününü də orucla keçirirmiş. Namaz üçün isə hər gün o, uzun məsafəni qət etməyə – Nərimanov rayonundan metronun “Nizami” stansiyasının yanındakı məscidə getməyə tənbəllik etməzmiş. Elə onun ölümü də növbəti namaz yolçuluğunda olub. Mötəbər xanım deyir: “Onun bacısı təzəcə rəhmətə getmişdi. Bacısına çox bağlı idi, deyirdi ki, daha mənim heç kimim qalmayıb. Təsəlli verdim ki, niyə belə deyirsən, axı uşaqların, bu qədər dost tanışın… Amma ürəyində çəkirdi… Bacısının 7 mərasimində özü dəfn olundu. Noyabrın 16-ı səhər durdu, saqqalını düzəltdi, biz də zarafat elədik ki, sabah 7-di, nə bəzənib-düzənirsən? Mənə bacısıgilə getməyi tapşırıb, özü də namaza getdi. Metrodan çıxanda halı pisləşib, bir polis onu skamyada oturdub, təcili yardım özünü çatdırana qədər o, keçinib”.
Həmişə deyirmiş ki, ölümüm evdə olmayacaq. Ya mitinqdə olacaq, ya da məsciddə…

Fədakar insanın ən böyük arzusu


Milli Azadlıq Hərəkatının lideri Əbülfəz Elçibəyin də Əbdülsəlim Eyvazova xüsusi münasibəti olub, ona böyüq sayqı duyub. Gözəl Bayramlı deyir ki, hətta min nəfərlik izdihamın içində Əbülfəz bəy ona yaxınlaşıb hal-əhval tutarmış.
AXCP sədri Əli Kərimli üçün də bu insan öz dəyərilə önəm daşıyıb. Bütün milli bayramlarda Əli Kərimli onu şəxsən təbrik edirmiş.
Ailə üzvləri deyir ki, mitinq, piket keçiriləcəyini biləndə o sanki dopinq alırmış. Qətiyyən onun siyasi əqidəsi ailədə problem yaratmayıb. Çünki Əbdülsəlim bəy bir çoxlarından fərqli olaraq, evindəkiləri mübarizəsinin həqiqiliyinə inandıra bilib. Onun həyat yoldaşı, övladları da cəbhəçidir. Mötəbər xanım söhbət əsnasında “onun yolunu davam etdirmək bizim boynumuza düşür” deməyi də unutmur.
“Bu fədakar insanın ən böyük arzusu nə olub”, – deyə soruşuram: “Tez-tez dilə gətirərdi arzusunu, torpaqların azad olduğunu görsəydim, rahat ölərdim” deyirdi”.

Minlərin istəklisi

Əbdülsəlim bəyin vəfatı onun necə bir şəxsiyyət olduğunu bir daha sübut etdi. Dəfn və hüzn günlərində bu ailəni mindən artıq adam ziyarət edib, dərdlərinə şərik olub. Elə biz onlarda olan müddətdə də başsağlığına gələnlərin ardı-arası kəsilmirdi. Mərhumun Islam adlı dostu deyir ki, Əbdülsəlim bəy haqda kiminsə pis fikirdə ola biləcəyinə inanmır: “O, elə bir insan idi ki, bütün danışığı, davranışı xeyirxahlığa xidmət edirdi. Kim qarşısına çıxdı, ədalətə, düzgünlüyə çağırırdı…”

Natiq