Bütün padşahlardan üzr istəyirəm

Hörmətli oxucular, dünən Azərbaycanın necə, hansı təfəkkürlə idarə edildiyini bir daha, əyani şəkildə gördük. Bir daha təsdiqləndi ki, bu ölkə vətəndaşların hüquqlarına və mənafelərinə uyğun şəkildə deyil, hakimiyyətdəkilərin ağa kefi, paşa könlü ilə yönəldilir.
Məsələ nədir? Rabitə və Informasiya Texnologiyaları nazirinin bir müavini çıxıb “Catel” operatorunun fəaliyyətinin bərpa edilməyəcəyini açıqladı. Beləcə, 100 mindən çox abonentin haqqı dəfn edilmiş oldu. Həm də onlara heç bir təzminat ödənilmədən. Onlardan soruşulmadan, onlara bilgi verilmədən.
Biz Azərbaycanın orta çağ zehniyyəti ilə yönəldildiyini deyəndə əslində, nə qədər də səhv edirmişik. Heç olmasa, onda şahların, padşahların carçıları vardı, düşürdülər küçələrin canına, davul vura-vura, “duyduq, duymadıq deməyin” bağıra-bağıra saraydan çıxan hökmlərdən milləti agah edirdilər.
Bunların isə, hətta belə bir mərifəti də yoxdur. Xalqı o qədər yox sayır, görməzdən gəlirlər ki, birbaşa onun maraqları ilə bağlı olan qərarları da ondan xəbərsiz qəbul və icra edirlər. Camaat məsələdən iş işdən keçəndən sonra xəbər tutur.
“Catel”i bunlar yazda “fəaliyyətində texniki nasazlıq” yarandığı üçün bağlamışdılar. Amma hələ onda azad mətbuat dönə-dönə yazdı ki, onun sahibi, himayəçisi hakimiyyət yanında hansısa “siyasi səhvə” yol verib, ona görə cəzalandırılır. Hökumətdəkilər isə bunu inadla təkzib edirdilər, “texniki nasazlıq aradan qaldırılan kimi ”Catel”in fəaliyyətinin bərpa ediləcəyini” deyirdilər. Sən demə, xalqa növbəti “düdük” verirmişlər. Di gedin, çala-çala…
Bəli, doğrudan da, cücəni payızda sayarlarmış, yaz keçdi, yay ötdü və payız gəldi. “Catel”in “fatihə”si oxundu. Amma onun 100 mindən çox abonentindən indiyədək bir cümlə ilə üzr istəyən yoxdur. Bu qədər müddətdə operatorun müştərilərinə vurulan zərərə görə təzminat ödəmək də heç kimin vecinə deyil.
Bu, Əliyevçi rejimin öz vətəndaşları ilə davranışının, onların hüquqlarına, maraqlarına gerçək münasibətinin növbəti parlaq nümunəsidir. Özlərinin maraqları olduğu yerdə xalqın mənafeyinin zərrəcə qiymətinin, dəyərinin olmadığının növbəti isbatıdır. Təkcə xalqsız seçildiklərinin yox, həm də xalqsız işlədiklərinin göstəricisidir. Xalq onlar üçün yoxdur, mövcud deyil. Xalq onların həyatında və hakimiyyətində heç bir rol oynamır.
Nə isə, çox uzatmayım. Bu hakimiyyətin ölkəni orta çağ zehniyyəti ilə idarə etdiyinə dair dönə-dönə yazdıqlarıma görə bütün orta çağ padşahlarından, krallarından üzr istəyir, belə bir naqis bənzətmə ilə onların ruhunu necə incitdiyimi anladığımı və dərin peşmançılıq hissi keçirdiyimi bildirirəm.
Olmayan hadisə haqqında açıqlama yaymaq
Bir neçə gün əvvəl sosial şəbəkələrdə bir lətifə paylaşmışdı dostlar. Əslində, bu, lətifə deyildi, Azərbaycanın içacıdı reallığının əksi idi. Gülməli deyildi. Daha çox ağlamalı idi.
Orada deyilirdi:
Bir əsgər ailəsinə zəng edirlər. Deyirlər:
– Sizə bir pis, bir də yaxşı xəbərimiz var.
– Pis xəbər nədir?
– Oğlunuz hərbi hissədə həlak olub.
– Bəs yaxşı xəbər nədi?
– Müdafiə Nazirliyi bu məlumatı təsdiqləmir.
Əlavə şərhə ehtiyac yoxdur. Indi yazacaqlarımı isə bu “lətifə”nin davamı kimi oxuyun. Bəlkə də əsl lətifə elə budur.
Dünən internet saytlarında bir xəbər vardı, həmin xəbərdə Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən bildirilirdi ki, son günlər ordumuz heç bir itki verməyib. Guya, ordumuz itki verəndə bunu camaata açıqlayırlar. Millət ordudakı itkilərdən həlak olan əsgərlərin yaxınları, hərbi ekspertlər, ya da KIV-ə qeyri-rəsmi mənbədən daxil olan məlumatlar əsasında xəbər tutur, bunu Müdafiə Nazirliyi ilə dəqiqləşdirmək lazım gələndə isə oradan eyni cavab eşidilir: “Bizdə bu barədə məlumat yoxdur”.
Ordu itki verəndə məlumatsız olan bir Müdafiə Nazirliyi ordu itki verməyəndə görürsünüzmü, bundan necə məlumatlı olur, hətta xüsusi açıqlama belə, yayır… Hadisə baş verir – məlumatsızdırlar, heç bir açıqlama vermirlər, amma olmayan hadisə haqqında görün necə yekə-yekə açıqlama verirlər…
Allah ağıl versin. Başqa nə deyim…