Azərbaycandakı kor xəlifələr

Bu ölkə daha nələrə şahid olacaq, daha nələr yaşayacaq, yaxın keçmişimizə və günümüzə baxıb bunları təxmin etmək çətin deyil. Keçən əsrin ortalarında sınaqdan keçirilmiş üzədurmadan tutmuş, qarayaxmaya qədər bol-bol istifadə olunan əməllərin tüğyanı elə hal alıb ki, baş verənləri gündəlik izləməkdən belə, adamın başı hərlənir.

Yaxın günlərə qədər bir şər, bir üzəduran, bir də televiziya bəs edirdi. Bu lap Məşədi Ibadın evlənmə formuluna bənzəyir “Bir neçə qarayaxan, olmazın hədyanı və bir neçə də telekanal, vəssalam, şüttəmam!”.
Hakimiyyətin fəaliyyətinə, iş planına baxanda məhz bu, kifayət edir. Amma məsələyə bir az ciddi yanaşmağa qalxsaq, adamı əslində vahimə bürüyür. Bir ölkənin hakimiyyət aparatının məşğul olduğu işə bax… Deputatı üzəduran ştatına daxil edib Əvəz Zeynallını həbs etdirən, Rafiq Əliyevin “işdəki nizamsızlığını” aşkar etmək kimi “böyük” işlərin öhdəsindən gələn, saxta müraciətlər imzalatdırıb kələkbazlıqla məşğul olan strukturla qarşı-qarşıyayıq.
Bununla iş bitsəydi, dərd yarı idi. Indi də küçənin ortasında yazar bıçaqlanır. Çoxları deyə bilər ki, belə hallar bütün ölkələrdə olur. Razıyam, olur, amma olan ölkələrdə bu hadisələrin üstünü qalın sirr toru örtmür. Cinayət açılır. Amma Azərbaycanda nədənsə söz sahiblərinə, siyasilərə, jurnalistlərə qarşı edilən cinayətlərin üstü açılmır, ya da saxta “cinayətkarlar” həbs edilir.
Məsələn, bu ölkədə Ziya Bünyadovu Hizbullahçıların öldürdüyünə kim inanır?! Ya da niyə Elmar Hüseynovun qətlinin üstü açılmır?
Təbii, kimə hesabat verəcəklər, kimdən çəkinəcəklər ki? Bağdaddakı kor xəlifədən artıq arxayınlığa sahib olanlar üçün nə ictimai rəy, nə yazılanlar, nə deyilənlər?! Canım belə istəyir, belə də edirəm, belə deyirəm, belə dedizdirirəm, belə idarə edirəm, kimə nə? Amma bir az sanballı və səbatlı olmaq kimsəyə ziyan etmir axı…
Təkrar qayıdaq Rafiq Tağının bıçaqlanmasına… Hakimiyyət nümayəndələrinin dilində bitmiş “92-93-cü illərdə adamlar küçədə öldürülürdü, indisə sabitlik var” deyimi əslində həmişə mənasız sözlərdən başqa bir şey olmayıb. Indisə buna  daha bir tutarlı fakt əlavə olundu. Demək ki, bu ölkədə kim, necə, hansı şəraitdə istəsə cinayət planlaşdırıb asanlıqla həyata keçirə bilər, buna nə mane olacaq, nə qarşısını alacaq, nə də ən azı cinayət baş verəndən sonra onun üstünün açılmasını təmin edən bir qüvvə var. Indi də kimsə inanmır ki, Rafiq Tağıya qarşı törədilmiş cinayətin üstü açılacaq, ya da kimsə həbs olunsa, o, gerçəkdən cinayəti edən adam olacaq?
Yazar bıçaqlanan gündən müxtəlif versiyalar irəli sürülür, hətta bunun Azərbaycan-Iran münasibətlərini korlamaq istəyənlərin işi olduğunu deyənlər belə tapıldı. Amma bu hakimiyyət o əqidə və məsləkə sahib deyil ki, ölkəsinin yazarına qarşı olan sui-qəsdə görə kiminləsə münasibətləri korlasın. Nəyinə lazım yazar, alim, vətəndaş bu hakimiyyətin?! Hakimiyyət nəyə dəyər verir ki, yazara, düşüncəyə də dəyər bicib kiminləsə arasını korlasın!? Azərbaycan vətəndaşı, alimi, yazarı tələbəsi onsuz da dövlətdən yetim qalıb, o üzdən hakimiyyətin bu olayla bağlı xüsusi bir narahatlıq duyduğunu düşünməyin, rejimin boş mənəviyyatına dəyər yükləməyin mənası yoxdur. Hər şeyi qorxu yaratmağa yönəltmiş iqtidarın qarayaxması, qatili, həbsxanası ona qarşı olanlar üçün həmişə hazırdır. Olsun, amma axı bu xalq da bir yerə qədər dözəcək, necə ki, artıq ziyalılardan bir qismi dözümsüzlük göstərir, günlərin birində bu xalq da silkinəcək, cana yığılıb belə yaşamaqdan bezəcək.
Təbii, o “Qəzəb” gününə də hakimiyyətin qarayaxma planı hazırdı… “Kənar qüvvələrin əlində oyuncağa çevrilib dövlətçiliyə qarşı çıxış edən bir yığın azğınlaşmış şəxs…”. Xalqa qarşı da qarayaxmanız belə olacaq, necə ki, Misirdə, Tunisdə, Liviyada belə deyilirdi.
Amma adını çəkdiyimiz ölkələrin o “bir yığın azğınlaşmış şəxsi” öz ölkəsinə azadlıq gətirmədimi?!
“Qəzəb” günü yetişəndə sizin bu gün həqiqətə çevirdiyiniz yalan mütləq bitəcək!