Ziyalılara qarşı çıxan BDU müəllimləri ifşa olundu

Onlar 1991-ci ildə də Heydər Əliyevi “lənətləyən” sənədə imza atıblar

 

Mahal İsmayıloğlu: «Özünü bu dərəcədə alçaldanlar ziyalı adlandırıla bilməz»

Ötən həftə Ziyalılar Forumu və professor Rafiq Əliyevə qarşı 37-ci illərin ruhuna uyğun bəyanatla çıxış edən BDU-nun bir qrup müəllim-professorunun belə işlər üçün “növbətçi” qismində çıxış etdiyini göstərən fakt üzə çıxıb. “Yeni Müsavat” indi həqiqi ziyalı mövqeyi sərgiləyənlərə Əliyevlər siyasətinin tərəfdarı kimi hücum edənlərin bir vaxtlar Heydər Əliyevə qarşı da oxşar məzmunlu bəyanat imzaladıqlarını aşkarlayıb. Aralarında ötən həftə ziyalılara qarşı bəyanatın sonunda imzaları göstərilən Vasim Məmmədəliyev, Tofiq Hacıyev, Qəmbər Namazov, Yusif Seyidov, Karlen Xudaverdiyev və bəzi başqalarının da olduğu həmin bəyanat 1991-ci ilin 14 sentyabrında “Bakı Universiteti” qəzetində dərc olunub. O zaman Heydər Əliyevə qarşı olan bəyanatda deyilir:
“Biz Bakı Dövlət Universitetinin alimləri Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1991-ci il 8 sentyabrda Azərbaycan Respublikası prezidenti seçkilərində iştirak etməmək haqqında Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına, eləcə də Naxçıvan MR-in Konstitusiyasına zidd olan qərarını təəssüflə qarşıladıq. Nəyə görə bizim həmvətənlərimiz rəhbərliyi söz və demokratiya uğrunda hay-küy salan, ilk addımdan totalitarizmin tarixin zibilliyinə atılmış elementlərini dirildərək qeyri-qanuni amirlik yoluna qədəm qoymuş Ali Məclisin Konstitusiyaya zidd qərarına tabe olub öz hüquqlarından məhrum olmalıdırlar. Əgər bu gün vətəndaşın hüquqlarından biri pozulursa, sabah bu avtoritarizm və totalitarizmə yol aça bilər. Ali Məclis bu qərarla, vətəndaşları siyasi azadlıqlardan məhrum etməklə, əslində onların ləyaqət və şərəflərinin tapdanmasına bərabər olan ağılsız addım atmışdır. Ali Məclisin bu qeyri-qanuni qərarı ilə əlaqədar Muxtar Respublikanın ərazisində seçki məntəqələrinin və dairələrin bağlanması kimi qanuna zidd tədbirlərə baxmayaraq, orda yaşayan bir çox həmvətənlərimiz seçkilərdə iştirak etməyə və respublika prezidentliyinə namizəd, indiki Azərbaycan prezidenti Ayaz Mütəllibova səs verməyə hazır olduqlarını bildirmişdir…
Ali Məclisin yuxarıda qeyd olunan qərarı ilə əlaqədar bir daha narazılığımızı və etirazımızı bildiririk. Hesab edirik ki, bu akt heç bir əndazəyə sığışmır. Azərbaycan Konstitusiyasına və qanunlarına qəsd edən hər bir kəs öz hərəkətləri üçün cavab verməlidir. Biz Azərbaycan xalqını respublikamızın real müstəqilliyi, ərazi bütövlüyü və çiçəklənməsi naminə birliyə çağırırıq”.
Beləliklə, bu gün siyasi konyunktura naminə və sifarişlə həqiqi ziyalı mövqeyi sərgiləyənlərə qarşı hücuma keçənlərin əslində tarixin başqa dönəmlərində də eyni “missiya” yerinə yetirdikləri üzə çıxır. Bu isə onların öz adlarından yox, siyasi rejimin ruporu olaraq çıxış etdiklərinin təsdiqidir.

“Xalq qəzeti”nin keçmiş baş redaktoru, tanınmış jurnalist Mahal Ismayıloğlu bildirdi ki, aşkarlanan sənəd bir daha sözügedən ziyalıların əsl simasını göstərir. “Ziyalıların” bu tip ifşasının birinci hal olmadığını deyən M.Ismayıloğlu vurğuladı ki, analoji ifşa H.Əliyev hakimiyyətdə olarkən də yaşanmışdı: “Xalq qəzetinə” yeni təyin olunan zaman arxivdən “Kommunist” qəzetinin 1 sentyabr sayını aşkarladıq. Həmin sayda “Yeddi Naxçıvanlı alim Heydər Əliyevə qarşı” başlıqlı bir məqalə var idi. Həmin məqalədə yeddi alim Heydər Əliyevə qarşı sərt ittihamlar səsləndirmişdilər. Bu məqaləni mən Heydər Əliyevə verdikdən sonra o bu yazının mühüm sənəd olduğunu bildirdi. Daha sonra müraciətə imza atan şəxslər bir-bir televiziyadan Mütəllibov və AXCP-nin ünvanına Heydər Əliyevin ünvanına səsləndirdikləri ittihamların on qatını söylədilər”.
Həmin yeddi alim arasında R.Əliyevə qarşı müraciətə imza atan Yusif Seyidovun olduğunu deyən M.Ismayıloğlu vurğuladı ki, bu, bir daha bu şəxslərin rəzalətə imza atdığını sübut edir. Ötən iyirmi il ərzində onların tarixdən dərs almadığını söyləyən M.Ismayıloğlu qeyd etdi ki, özünü bu dərəcədə alçaldan şəxs ziyalı adlandırıla bilməz.

Hikmət