Vasif Turan: “Otaqlar tavansız olduğu halda uşaqlarımın tüstüdən boğularaq dünyalarını dəyişməsi mümkün deyil”
Oktyabrın 7-də iki uşağı ölən bolgexeber.com saytının rəhbəri Vasif Turan yenidən FHN-in Əməliyyat İstintaq İdarəsinə dəvət olunub. Bu barədə “Azadlıq”a baş redaktorun özü məlumat verib. O bildirib ki, idarədə baş müstəntiq Qəhrəman Məmmədovla görüşüb və baş vermiş məlum faciə ilə bağlı başladılmış istintaq işinin gedişatını müzakirə ediblər.
Vasif Turanın sözlərinə görə, baş müstəntiq ona istintaqın gedişatı ilə bağlı məlumat verərək indiyə qədər yanğın hadisəsinin araşdırılması istiqamətində bir sıra işlər gördüyünü bildirib: “Qəhrəman Məmmədov dedi ki, mənim şübhələndiyim və adlarını istintaqa verdiyim adamların bir qismini dəvət edərək dindirib. Həmin dindirilən şəxslərin adını istintaq sirri olduğu üçün hələ açıqlamıram”.Baş redaktor daha sonra qeyd edib ki, Qobu qəsəbəsindəki evinin yanmasından öncə evinin ətrafında dolaşan müəmmalı ağ rəngli CİP markalı maşının sahibinin də kimliyi istintaq tərəfindən dəqiqləşdirilib: “Keçən dəfə idarəyə dəvət olunanda Qəhrəman müəllim mənə demişdi ki, həmin avtomobilin kimə məxsus olduğunu müəyyənləşdirə bilməyiblər. Artıq maşının sahibinin kimliyini dəqiqləşdirib və həmin şəxs istintaqa cəlb olunaraq dindirilərək izahatı alınıb. Maşının sahibi müstəntiqə etiraf edib ki, həqiqətən də yanğından əvvəl mənə zəng edib. Qəhrəman müəllim onu da dedi ki, sözügedən şəxs hazırda Türkiyədədir və orada müalicə alır”.
Bu əsnada Vasif Turanın israrlı tələblərindən sonra yanğın zamanı həlak olmuş uşaqları ilə bağlı tibbi ekspertizanın da rəyi istintaqa verilib. Bolgexeber.com-un rəhbəri deyib ki, ekspertizanın rəyinə görə, uşaqları guya, tüstüdən boğulub. Amma o, bu rəylə razılaşmayıb: “Ekspertizanın rəyinə görə, uşaqlarım guya yanğın zamanı əmələ gəlmiş tüstüdən boğulublar. Bu rəyin yalan olduğunu düşünürəm və qəbul etmirəm. İzahatım da etirazımın səbəblərini yazıb müstəntiqə çatdırdım. Birincisi, Qobudakı evimin bir otağı bütünlüklə tavansız və döşəməsiz olub. Həmçinin evdəki zalın iki metrlik hissəsi də tavansız və döşəməsiz olub. Pəncərələr plastik və barmaqlıqsız, çöl qapı plastik olmaqla yanaşı, həm də divarla qapının arasında da 25 sm-lik boşluq var idi. Müstəntiq bildirdi ki, yanğından sonra qapının üzərindən götürülmüş qıfılın ekspetizası zamanı məlum olub ki, qapı bağlı olmayıb. İndi maraqlıdır ki, bu qədər boşğula rəğmən tüstüdən boğulmanın baş verməsi mümkün deyil”.
Vasif Turan deyir ki, ekspertizanın rəyində uşaqlarının yanaraq, tanınmaz hala düşdüyü də qeyd olunub. Baş redaktor bu məsələ ilə də razılaşmayıb: “Müstəntiqə dedim ki, onların mənim uşaqlarım olduğuna inanmıram. Tələb etdim ki, yenidən ekspertiza aparılması məqsədi ilə uşaqların qəbirləri açılsın. Çünki böyük oğlum bir müddət əvvəl xəstəxanada müalicə olunub və onun bütün baş-beyin ölçüləri orada var. Qəbir açılsın və bu iki ölçlər tutuşdurulsun. Əgər uyğun gələrsə, ekspertizanın rəyi ilə razılaşacam”.
Bolgexeber.com-un rəhbəri Abşeron Polis Şöbəsinin baş vermiş cinayət hadisəsinə dırnaqarası baxmasından və onların məsuliyyətsizliyindən də bəhs edib: “Abşeron Polis Şöbəsinin nə etmək istədiyi mənim üçün hələ də müəmma olaraq qalıb. Bunlar istintaqa yardım etmək əvəzinə, onun işini dolaşdırmağa çalışırlar. Belə ki, hadisədən bir neçə gün sonra şöbədən məni çağırıb görüşdülər və orada məndən kimlərdən şübhələndiyimi soruşdular. Mən də adları onlara verdim. Həmin gün adlarını verdiyim şəxsləri polisə çağırıb onlardan izahat alıblar. Abşeron Polis şöbəsinin rəisi hətta mənə dedi ki, bu izahatları toplayıb FHN-in Baş Əməliyyat İstintaq İdarəsinə göndərəcək. Amma dünən məlum olub ki, polisdən FHN-ə heç bir yazılı izahat daxil olmayıb. Belə olan halda, mən necə şübhələnməyim ki, polis işi ört-basdır etməyə çalışır?”.
Xatırladaq ki, Bolgexeber.com saytının rəhbəri Vasif Turanın Qobu qəsəbəsində yerləşən evi oktyabrın 7-də müəmmalı şəkildə yanıb. Yanğın zamanı baş redaktorun iki övladı həlak olub. Hadisə ilə bağlı cinayət işi qaldırılıb və hazırda istintaq davam etdirilir.
Ramin DEKO