Misirdə etirazlar hökumətin istefası ilə nəticələndi

Mübarəkin sonunu gətirən Təhrir meydanı yenidən nümayişlərin mərkəzinə çevrilib

 

Baş nazir İsam Şərəfin başçılıq etdiyi Misir hökuməti Təhrir meydanında baş verən hadisələrin fonunda istefa verib. Bu barədə Nazirlər Kabinetinin rəsmi bəyanatında deyilir. Hazırda istefa müraciətinə ölkədə iqtidarda olan Silahlı Qüvvələrin Ali Şurası tərəfindən baxılır. Ali Şura qərar qəbul edənədək hökumət öz funksiyalarını yerinə yetirəcək.

Misirdə artıq üçüncü gündür ki, nümayişçilərlə polislər arasında qarşıdurma davam edir. Minlərlə insan ölkədə hakimiyyətin hərbçilərdən mülki şəxslərə ötürülməsini tələb edirlər. Qarşıdurmada azı 35 nəfərin həlak olub, 2 mindən artıq şəxs yaralanıb (apa).

***

Üç gündür yüzlərlə nümayişçi Misirin paytaxtı Qahirənin mərkəzi meydanı Tahrir meydanında hərbi hakimiyyətə qarşı etiraz aksiyası keçirir. Şənbə günündən polislə nümayişçilər arasında davam edən qanlı qarşıdurmalar nəticəsində 35 nəfər həlak olub, 1750 nəfər yaralanıb.
Təhlükəsizlik qüvvələri onlara daş atan nümayişçilərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.

Bu, keçmiş prezident Hüsnü Mübarəkin devrilməsindən sonra ölkədə keçirilən ən böyük etiraz aksiyasıdır. İslahatların ləngiməsinə etiraz edən nümayişçilər hesab edirlər ki, indiki hərbi rəhbərlik hakimiyyəti qoruyub saxlamağa çalışacaq. Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Ketrin Eşton Misir hakimiyyətinə müraciətində baş verənləri pisləyib, qanlı qarşıdurmaların dayandırılmasına çağırıb.

Giza şəhərində diş həkimi işləyən 24 yaşlı Sabry Khaled Tahrir meydanındakı nümayişdə iki dəfə rezin güllələrlə vurulub. O, “AzadlıqRadiosu”na müsahibəsində insanların hərbi hakimiyyətdən bezdiyini bildirib:“Camaat Silahlı Qüvvələrin Ali Şurasının zorakılıqlarından bezib. Adamlar deyir ki, hərbi hakimiyyət Hüsnü  Mübarəkdən də pisdir. Xalq Mübarək rejiminə necə münasibət göstərirdisə, indikilərə də elə münasibət bəsləyir. Onlar hərbi hakimiyyətlə bağlı hər şeyə nifrət edirlər. Biz daima qışqırırıq – “Esqat Hukm-ul- Askar”. Yəni,  “rədd olsun, hərbi hakimiyyət”.

Ölkəni idarə edən hərbi rəhbərlik isə hakimiyyəti əldə saxlamaq niyyətində olmadığını bildirib. Hökumətin dövlət  televiziyası ilə oxunan bəyanatında bildirilib ki, iğtişaşlar noyabrın 28-də keçiriləcək parlament seçkilərinin qarşısını ala bilməyəcək.

 

Bu arada “MENA” xəbər agentliyi Misirin mədəniyyət naziri Əmad əbu Qazinin istefa verdiyini bildirib. Xəbərdə Əbu Qazinin istefasını Ali Hərbi Şuranın rəhbərliyinə təqdim etdiyi və istefasını hökumətin Təhrir Meydanında baş verən hadisələri nəzarətə götürə bilməməsiylə əlaqələndirdiyi deyilir.