Hər il xalqın cibindən ən azı 5 milyard oğurlanır

Rəsul Quliyev hakimiyyətin talançılığını Qəzzafinin əməlləri ilə müqayisə etdi

“Ərəb inqilabları” Azərbaycanda: oxşarlıqlar və fərqlər…

III məqalə: Liviya və Azərbaycan

 

İnqilab nəticəsində diktatoru qanına qəltan edilmiş Liviya ilə Azərbaycan arasında oxşarlıq hər ikisinin neft ölkəsi sayılması və hər ikisində diktatura rejiminin hökm sürməsi olsa da, fərqlər daha çoxdur. Ancaq bu fərqlər heç də “Azərbaycanda Liviyadakı hadisələr təkrarlana bilməz” deyənlərin arqumentini gücləndirmir, əksinə, Azərbaycanda vəziyyətin hər an Liviyadakından daha betər ola biləcəyi təhlükəsini anlamaq üçün çox aydın mənzərə yaradır.
Liviya ilə Azərbaycan arasındakı fərqlər, əsasən, 3 istiqamət üzrə nəzərə çarpır:
1. Xalqın həyat səviyyəsində;
2.    Korrupsiya və rüşvətxorluğun miqyasında;
3.    Rejimin əsas yaradıcısı sayılan diktatorun xarakter və həyata baxışında.
İndi gəlin, bu üç əsas istiqamət üzrə Liviya və Azərbaycanı müqayisə edək.

Liviyada həyat səviyyəsi bizdən yuxarıdr

Birinci istiqamət: Martda inqilaba qalxmış liviyalıların həyat səviyyəsi bizdəkindən, azı, 2 dəfə yüksək idi və indi də yüksək olaraq qalır. Sübut üçün bircə fakt yetərlidir: 6,5 milyon əhalisi olan Liviyanın dövlət büdcəsi 32 milyarddır – Azərbaycandan düz iki dəfə artıq! Yəni, Liviya ilə Azərbaycanın fərqini dərk etməkdən ötrü, dövlət büdcəsindən hər bir liviyalı və hər bir azərbaycanlı üçün nə qədər vəsaitin xərclənməsinin nəzərdə tutulduğuna baxmaq kifayətdir: bir liviyalı üçün 5.000 dollar, bir azərbaycanlı üçünsə rəsmi 1.600, de-fakto isə 600 dollar!

Hakimiyyət xalqdan ildə neçə milyard oğurlayır?

İkinci istiqamət: Liviyada korrupsiya və rüşvətin miqyası da heç vaxt bizdəki kimi olmayıb. Azərbaycan rəhbərliyi istehsal edilən neftin hər barrelindən azı 10, qazın hər 1.000 kubmetrindənsə 50 manat mənimsəyir, başqa sözlə, oğurlayır. Nəzərə alsaq ki, hər gün çıxan neftin, təqribən, 800 min barreli, qazın isə 30 milyon kubmetri Azərbaycanın payına düşür, deməli, təkcə neft-qaz sektorundan hər gün, təxminən 9,5 milyon manat (11 milyon dollardan çox) camaatın cibindən oğurlanır. Adi hesablama onu göstərir ki, təkcə bu sektordan ildə 3,6 milyard manat (4 milyard dollar) başda prezident olmaqla (80 faiz payla) maksimum 2-3 adamın cibinə axır.
Neftin ixracından başqa, daxili bazarda satılan neft-qaz məhsullarından – xüsusilə benzin, elektrik enerjisi və s.-dən mənimsənilən pullar isə xalqdan əlavə daha 1 milyardın oğurlanmasıyla nəticələnir. Doğrudur, daxili bazarda pul mənimsəyənlərin sayı çoxdur – yüzlərlədir. Bu sektordan yuxarıya ötürülən pul isə aylıq rüşvət şəkilindədir, istehsal edilən məhsulun miqdarından asılı deyil və sabitdir. Yəni, hər il Azərbaycan xalqının mülkiyyəti sayılan təbii sərvətlərdən gələn pulun 4,5 – 5,0 milyard manatı xalqın cibinə daxil olmamış, birbaşa bir neçə adamın cibinə axır.
Azərbaycan hakimiyyəti bir bu qədər məbləği də camaatdan rüşvət, süni yaradılmış monopoliya, infilyasiya, ticarət və bağlanan kontraktlar vasitəsilə yenidən bir qrup yuxarı-aşağı səviyyəli məmurun əliylə mənimsəyir.
Daha bir böyük talançılıq isə büdcə pullarının mənimsənilməsiylə həyata keçirilir. Büdcədən nazirliklər üçün ayrılan hər manatın, azı, 30 qəpiyi rüşvət şəkilində büdcəni formalaşdıran vəzifəli şəxslərə çatdırılmalıdır. Başqa sözlə, 16 milyardlıq büdcənin, azı, 5 milyardı, xalq görmədən, geri qaytarılır. Faktiki, hər bir azərbaycanlı ildə, azı, 1.000 manat hakimiyyətə “bac-xərac” verir.
Diqqət edin: adambaşına hər vətəndaşdan 1000 manat oğurlanması beş nəfərlik ailə üçün ildə 5000 manat, son 5 ildə isə 25 min manat “haqq”ın alınması deməkdir! İndi hər ailə başçısı oturub fikirləşməlidir ki, son beş ildə itirdiyi bu 25 min dollara hansı problemlərini həll edərdi? Ən əsası fikirləşməlidir ki, bütün bunları biləndən sonra bu “ənamı” yenə də verməkdə davam edəcək,  ya yox?!
Elə sadə xalqın verdiyi bu “bac-xərac”ın hesabına da onu idarə edənlər – adi polis və prokurordan tutmuş, ta prezidentə qədər, hamısı – ölkədə saraylar tikir, uşaqları üçün xaricdə villalar alır, bu uşaqlar günü 100 min dollar olan restoranları bağlatdırıb eyş-işrətə qurşanır, hələ üstəlik də, sadə camaata, xüsusən qaçqın və məcburi köçkünlərə yuxarıdan aşağı, ikrahla baxırlar! Bu gün Azərbaycanda təkcə prezidentə tikilən sarayların dəyəri milyardlarla ölçülür! Dövlət büdcəsindən hər il ayrı-ayrı sahələr üzrə nə qədər pulun oğurlandığını müəyyənləşdirmək isə lap asanadır: prokurorluq və polisin forma üçün nə qədər pul xərclədiyindən tutmuş, silah-sursat alınmasında hansı fırıldaqlara əl atıldığını, məktəb və yol çəkilişlərində, təmir-tikinti işlərinin aparılmasında nə kimi yeyintilərə yol verildiyinin hesabatını aparmaq çox sadə işdir…

Liviya diktatoru ilə Azərbaycan diktatoru nədə fərqlənir?

Üçüncü istiqamət: Tarix sayısız-hesabsız diktatorların tiranlığının şahidi olsa da, çox azı yaddaşlarda qalır. Məsələn, cəmi 12 il diktatorluq edən və 65 il öncə həlak olan Hitler yaddaşlardan heç vaxt silinməyəcək, ancaq 40 il diktatorluq edən və 35 il öncə ölən Franko tamamilə unudulub. Elə yaxın tariximizdə 17 il diktator olmuş Brejnevi götürək – artıq əhalinin 50 faizindən çoxu onu xatırlamır… Ötənlərin təcrübəsinə istinad etsək, görərik ki, tarixdə ancaq cəmiyyətin inkişafı üçün özünəməxsus ideyası olan və bu ideyanı həyata keçirməkdə qarşısına çıxan bütün maneələri darmadağın edən diktatorlar qalır, daha özünün şəxsi ambisiyalarını, tamah və hərisliyini təmin etmək üçün totalitar rejimlər yaradanlar yox! Hitler və Mussolini “millətçi-sosialist”, Stalin “kommunist”, Mao Tsezudun “ətalətli evolyusiya yollu kommunizm” ideyalarının sadiq daşıyıcılarıydılar. Hamısı da asket həyat sürürdülər – öləndə onlar ölkənin ən kasıb adamlarıydılar, onlardan hər hansı birinin nə pulu, nə mülkiyyəti çıxmışdı! Baxmayaraq ki, öz ideyalarını həyata keçirmək üçün o cür böyük ölkələrin dövlət büdcələrinin vəsaitinə sərəncam vermək səlahiyyətlərinə malik olmaları onlara məhdudiyyətsiz imkanlar yaratmışdı!
Böyük Atatürk isə 1923-cü ildən ölənə qədər ölkəni diktator kimi idarə edib, Türkiyəni avropalaşdırmaq üçün on minlərlə dinçinin qanını töksə də, diktator yox, məhz Türkiyə dövlətçiliyini qoruyub saxlayan xilaskar kimi tanınır.
Çox böyük ehtimalla, Liviya diktatoru Müəmmar Qəzzafinin də adı Mussolini, Hitler, Stalin, Mao Tsezudun kimilərlə bir sırada yer alacaq. Çünki o, ideyası olan diktator idi. Bu səbəbdən Stalinə, Maoya olduğu kimi, ona da münasibət birmənalı olmayacaq.
Qəzzafi 1969-cu ildə Şah İdrisin Türkiyədə müalicə olunmağından istifadə edərək, çevrilişlə hakimiyyəti ələ keçirmişdi. Onda da hadisələr Benqazidən başlamışdı. Hadisələr başlayanadək, Qəzzafi Liviya və İngiltərə ali hərbi məktəblərini qurtarmış, kifayət qədər təhsilli bir gənc idi.
Qəzzafini cəsarətlə “ərəb millətçisi” adlandırmaq olar. Çünki o, hakimiyyətə gələndən ta ölənə qədər ərəbləri bir dövlət altında birləşdirməyə cəhd göstərib, hətta müxtəlif illərdə bu ideyasını həyata keçirməyə xeyli yaxınlaşıb da: Misir-Liviya, Tunis-Liviya, Əlcəzair-Liviya, Suriya-Liviya, Mərakeş-Liviya və sair “birgə dövlət yaratmaq” müqavilələrinin imzalanmasına nail olub. Ancaq bütün bu müqavilələrin İsrailin əleyhinə yönəldilməsi, həm Qərbin, həm də elə bəzi müsəlman dövlətlərinin  anti-Qəzzafi siyasətinin formalaşmasına gətirib çıxardı.
Qazzafi “Yaşıl kitab” adlı 3 hissəli “Üçüncü dünya  nəzəriyyəsi”nin müəllifidir. Bu kitabında o, Karl Marksın və Adam Smitin nəzəriyyələrini rədd edərək seçkiləri, parlament idarəçiliyini, referendum yolu ilə konstitusiyaların dəyişdirilməsini “diktaturanın başqa forması” adlandırıb. Əvəzində isə özünün “xalq idarəçiliyi” nəzəriyyəsini –  “Camaxariya” ideyasını irəli sürüb, muzdlu əmək, icarəyəvermə və sair bu kimi istehsalat münasibətlərini haram elan edib.
Qazzafinin yeni ideologiyasının bazasında “hər insanın evi olmalıdır” tezisi dayanır. Bunun əsasında 1970-80-cı illər arasında 180 min mənzil tikdirərək, liviyalıların 80 faizini evlə təmin edib. Liviyalılara pulsuz mənzilin verilməsini o, faktiki 10 ilə başa çatdırdı. Qazzafinin siyasətinin nəticəsi olaraq, ölkədə əhali artımı 1,9 milyondan (1970) 6,5 milyona  (2011), temperaturun 50 dərəcədən yuxarı qalxdığı Liviya səhrasında isə insanların orta ömrünün müddəti 53 yaşdan 76-ya çatdı və indi Avropa ölkələri səviyyəsindədir. Əhalisinin 80 faizi köçəri həyat sürən beduin və bərbərlərdən ibarət Liviyanın 97 faizi səhra olan ərazisində 40 il müddətində Qəzzafi onlarla yeni, müasir Avropatipli şəhərlər saldı. Bu gün Liviya əhalisinin 80 faizi müasir şəhərlərdə yaşayır. Qəzzafinin həyata keçirdiyi “Böyük həyat çayı” layhiəsi isə miqyasına görə, hətta “dünyanın səkkizinci möcüzəsi” adlandırılır.
Həqiqtən də, Azərbaycandan 15 dəfə böyük ərazisi olan Liviyanın şirin su ilə təchizatı möcüzə sayıla bilər: 500 metr dərinlikdən minlərlə artezian quyuları vurularaq, mürəkkəb mühəndis tikililəri vasitəsiylə yerin altından ölkənin bir başından o biri başına 2000 km məsafədə yerləşən şəhər və kəndlər gündə 6 milyon 500 min kubmetr su ilə təmin edilir! Bu suvarma sistemləri sayəsində isə Liviya tək neft yox, həm də kənd təsərrüfatı məhsulları eksport edən ölkə kimi tanınır. Müqayisə üçün deyək ki, Kür və Araz da daxil olmaqla, 100 km-dən artıq uzunluğa malik 24, ümumiyyətləsə 8.100 çayı olan Azərbaycanda camaatın su ilə təchizatı Liviyadan 10 dəfə aşağı səviyyədədir.
Liviyada büdcədən təhsil sisteminə ayrılan böyük vəsait hesabına (bəzi illərdə bu, 30 faiz səviyyəsində – ildə 9 milyard dollar olub) ölkədə təhsillilərin sayı 10 faizdən 90 faizə çatdırılıb. Müqayisə üçün onu da deyək ki, Əliyevlərin son 15 ildə təhsilə ayırdığı vəsait bütövlüklə Liviyanın bir ildə ayırdığı vəsaitin heç 30 faizini də təşkil etmir. Azərbaycanın “yüksək təhsili”ndən danışanların və azərbaycanlıların avropalılarla müqayisə edilməsini arzulayanların nəzərinə çatdırıram ki, bu gün dünyanın yüzlərlə nüfuzlu universitetində işləyən minlərlə professor və tanınmış alimləri olan liviyalılara və tunislilərə çatmağımız üçün biz hələ uzun bir yol keçməliyik. Bizdə təhsilin və səhiyyənin hansı səviyyədə olduğunu göstərən ən yaxşı fakt azərbaycanlıların ən sadə müayinə və müalicə  üçün qonşu İrana olan axınıdır. Hələ bir utanmadan da onları “geridə qalmış” sayırıq. Axı təkcə tibb təhsil sahəsində bu qədər geri qalmış bir millət hansı haqla yüksək intellektdən danışıb, başqalarına irad bildirə bilər?! Elə bu cür pafosla danışmaq mərəzimizin olmasındandır ki, məsələn, “öndər”i “ulu öndər”, “milli lider”i “ümummilli lider”, “dünyada tanınmış alim”i “dünya şöhrətli alim” kimi ifadələrlə əvəzləmişik. Bəlkə də bu, ondan irəli gəlir ki, bu qəbildən olan adamlar Azərbaycanda olmayıb…

Qəzzafini məhv edən səbəb – reformalara getməməsi!

Bütün Şimali Afrika xalqlarının atası olmaq istəyən Qəzzafi ömrünün son dəqiqələrinədək anlamadı ki, xalqı onun üçün bu qədər iş görən lideri nəyə görə sevmir, korrupsioner sayır və yıxmaq istəyir. Axı bir çox diktatorlardan fərqli olaraq, onun nə özünün, nə də ailə üzvlərinin başqa ölkələrdə – nə Londonda, nə Dubayda, nə İspaniyada, ümumiyyətlə, heç yerdə ev-eşikləri, adlarına böyük pulların yatırıldığı hesablar yox idi. Liviyanın pulları əsasən banklarda onun adı altında idi və bu, gizli deyildi. Son vaxtlar dövlət pullarının bir hissəsinə nəzarəti davamçısı olacaq oğlu Seyfülislamın nəzarətinə vermişdi. Qzəzzafinin düşüncəsinə görə, xalq özü ona icazə vermişdi ki, o, bu pulları öz bildiyi kimi “Böyük Ərəbistan” yaratmaq ideyasına xərcləsin.
Qəzzafi diktaturasının iflasına 2007-ci ildən start verilmişdi. O, ikinci oğlu Seyfülislamı öz yerinə hazırlayırdı. Bu məqsədlə oğlu London Biznes məktəbində təhsil alıb, 2008-ci ildə “Totalitar rejimdən demokratiyaya yumşaq keçid” mövzusunda elmi əsər də müdafiə etmişdi. Seyfülislamın xahişi ilə 2007-ci ildə keçid dövrü üçün indiki Müvəqqəti Hökumətin prezidenti Mustafa Cəlili, martdan oktyabrın axırına qədər üsyançılara başçılıq edən Mahmud Cibrili və indiki Müvəqqəti Hökumətə daxil olan onlarla tanınmış şəxsi nazir, Baş nazirin müavinləri vəzifələrinə irəli çəkmişdi. Onlar Amerika təhsili görmüş, 10-dan çox ölkədə reformaların həyata keçrilməsində məsləhətçi olmuş, o cümlədən Böyük Britaniya hökumətində işləmiş alim Mahmud Cibrilin başçılığı altında proqramlar hazırlamağa başlamışdılar. Ancaq Qəzzafi 2011-ci ilin əvvəlində reformalara başlamağı tələb edən Cibril və bir sıra proqressiv nazirlərin sözlərinə məhəl qoymadı. Sözsüz ki, NATO-nun müdaxiləsi olmasaydı, Qəzzafi onları öldürüb diktaturasını bərpa edəcəkdi. Çünki qiyamçılara rəhbərlik edənlər hökumətin əsas fiqurları olsalar da, hərbiçilərin arasında dəstəkləri az idi. Ancaq onların hamısı Qərb təhsili görmüş yüksək intellektə  malik şəxslərdir. İndiki Baş nazir Əbdürrahim Əl-Keyb isə 1985-ci ildə Amerikaya qaçanlardan və ABŞ univeristetinin professoru idi…

Hakimiyyət mütləq nəticə çıxarmalıdır!

Əlbəttə, Liviya inqilabı qonşu İrandakı Şah rejimindən daha betərini yaratmış, ölkədə “oğuru qanunları” ilə idarə olunan qapalı bir cəmiyyət qurmuş Azərbaycan rəhbərliyi üçün ciddi xəbərdarlıq siqnalı olmalıdır. Liviyada 8 ay davam edən müharibədə heç bir regionda, əyalətdə  nə su, nə yemək problemi ortaya çıxmadı. Azərbaycanda isə insanların bir hissəsi cəmi bir ay, bir hissəsi bir həftə, yerdə qalanın isə böyük faizi hətta 3 gün işləməsə, özü və ailəsi yeməyə çörək də tapa bilməyəcək. Liviyada bir dəfə də olsun “humanitar təhlükə”nin baş verə biləcəyindən danışılmadı. Azərbaycanda isə bir milyon adam 20 ildir ki, “humanitar fəlakət” şəraitində yaşayır.
Azərbaycan hakimiyyəti hələ də düşünürsə ki, dünyada bütün xalqlar haqsızlıqlara qarşı ayağa qalxsalar da, azərbaycanlılar susacaqlar – yanılır! Çünki təbiətin dəyişməz qanunları olduğu kimi, cəmiyyətin də özünəmxsus dəyişməz qaydaları var – zorakılıq həmişə nifrət və qisas, adekvat zor yaradır! Məsələn, dünyada “müharibə sindromu” deyilən xəstəlik var. Müharibədə iştirak edib adam öldürən əsgərlərin bir çoxunda özləri də istəmədən aqressivlik meylləri güclənir. Daim haqları tapdanan camaatın da mentalında, özlərindən asılı olmayaraq, zortətbiqrtmə hissləri güclənir. Əgər Azərbaycan hakimiyyəti insan haqlarına məhəl qoymadan, Konstitusiyanın əsas müddəsını pozaraq, hakimiyyəti qeyri-qanuni zəbt edibsə və dinc yolla da xalqın konstitusion hüqüqünu özünə qaytarmaq istəmirsə, bu, mütləq fəsad verəcək! Bu gün sınmış və susmuş kimi görünən xalq bir gün ayağa qalxacaq! Çünki Liviyada olduğu kimi, Azərbaycanda da xalq üsyanla da olsa, Konstitusiyanı bərpa etmək haqqına sahibdir. Azərbaycan hakimiyyəti özünü aldatmamalıdır ki, ölkədə belə bir işi təşkil edəcək liderlər yoxdur və ya qan tökülsə, dünya ictimayyəti buna biganə qalacaq! Əksinə, nə qədər fürsət var, seçkilərin yenidən saxtalaşdırılmasının qeyri-mümkün olacağı 2013-cü ili gözləmədən, hakimiyyət indidən vətəndaş cəmiyyətinin yaradılması istiqamətində ciddi addımlar atmalıdır. Yoxsa, sonra çox gec olacaq!

P.S. Bu yazıları davam etdirib-etdirməyəcəyim oxucuların reaksiyasından asılı olacaq. Ümumiyyətlə, mən bu mövzularda oxucuların istənilən suallarına cavab verməyə, həmçinin istər hökumətin, istərsə də müxalifətin nümayəndələrinin, hər iki cəbhədən çıxış edən jurnalistlərin də qatıldığı canlı diskussiyaya hazıram. Yazdıqlarımı sübuta yetirmək üçünsə neftin və qazın eksportundan tutmuş, istənilən nazirliyin və fondun xərclərinin detallı hesabatı kifayət edir. Bu hesabatlar xalqdan gizli saxlanılsa da, gizli deyildir.

HƏMÇİNİN BAX:

Azərbaycan barıt çəlləyinə çevrilib

Rəsul Quliyev Əliyevləri Bin Əli rejiminə oxşatdı

Rəsul Quliyevdən İlham Əliyevə şok çağırış!