Əhmədinejadın müşaviri həbs olundu və…

Əhmədinejad onu həbsdən buraxdırdı

İran prezidenti Mahmud Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri, İRNA dövlət xəbər agentliyinin icraçı direktoru, “İran” qəzetinin baş redaktoru Əli Əkbər Cavanfikir həbsdən azad olunub.
APA-nın məlumatına görə, hadisədən xəbər tutan Əhmədinejad şəhid ailələri ilə görüşü yarımçıq tərk edərək məsələyə müdaxilə edib. İran prezidentinin Ali Məhkəmənin sədri və baş prokurorla telefon danışığından sonra Tehran Məhkəməsinin Əli Əkbər Cavanfikir barəsində çıxardığı qərarın icrası müvəqqəti dayandırılıb və müşavir həbsdən buraxılıb.
Qeyd edək ki, bu gün səhər saatlarında İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları Tehran vilayətinin prokurorunun qərarına əsasən İRNA dövlət xəbər agentliyinin və “İran” qəzetinin ofisində axtarış aparıblar. ETTELAAT əməkdaşları Əli Əkbər Cavanfikirin əl-qolunu qandallayaraq özləri ilə aparmaq istəyərkən insident baş verib. Nəticədə nazirlik işçiləri gözyaşardıcı qazdan istifadə ediblər. Bundan əlavə, müqavimət göstərənlərdən 7 nəfəri həbs olunub. Onların arasında “İran” qəzetinin məsul şəxsi Müseyib Nəimi də var.
Tehran Məhkəməsi Əli Əkbər Cavanfikirin bir il müddətinə azadlıqdan məhrum edilməsi haqqında hökm verib. Məhkəmə onun jurnalist fəaliyyətinə üç il qadağa qoyub. İran prezidentinin müşavirinə qarşı islam dininə və insani dəyərlərə zidd olan şəkil və materialları “Xatun” adlı xüsusi buraxılışda çap etmək ittihamı irəli sürülüb.
Əli Əkbər Cavanfikir barəsində belə bir qərarın çıxarılması onun İranda islahatçı qüvvələrə yaxın sayılan “Etimad” qəzetinə müsahibəsindən bir gün sonraya təsadüf edib. Əhmədinejadın mətbuat məsələləri üzrə müşaviri həmin müsahibəsində İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin tərəfdarlarına qarşı kəskin ittihamlar səsləndirib.
“Etimad” qəzetinin fəaliyyətinə isə 2 ay müddətinə qadağa qoyulub.

***

İranda prezident Mahmud Əhmədinejadın müşaviri, rəsmi İRNA xəbər agentliyinin direktoru Əli Əkbər Cavanfekr 1 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun fəaliyyətinə 3 il qadağa qoyub. Məhkəmə  Cavanfekri “islam normalarına uyğun olmayan” materialların yayılmasında ittiham edib. Əli Əkbər Cavanfekr şərhlərinin birində qara çadranın və üzün tam örtülməsinin yerli ənənəyə uyğun olmadığını, ölkəyə xaricdən gətirildiyini bildirmişdi.