3 nazir “Yeni Müsavat”dan 2 milyon dollar istəyir

Rauf Arifoğlu: “Bu iddialarla qürur duyuruq, amma…”

Son aylar hakimiyyətin ən yüksək rütbəli məmurları “Yeni Müsavat” qəzetinə qarşı məhkəmə yürüşünə başlayıblar. Bununla yanaşı, az qala hər həftə qəzetimizə hansısa məqalə ilə bağlı bildiriş göndərilir, təkzib tələb edilir, əks təqdirdə məhkəməyə verəcəkləriilə hədə-qorxu gəlinir. Qəzetimiz eyni vaxtda iqtidarın üç naziri ilə “döyüş” aparır. Onlardan hər biri, sözləşiblərmiş kimi, qəzetdən yüksək məbləğdə cərimə tələb edərək, onu iqtisadi baxımdan çökdürməyə çalışırlar.


Öncə Müdafiə Nazirliyinin iddiasından başlayaq. Nərimanov Rayon Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyi ilə müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədovun “Yeni Müsavat” qəzetinə qarşı iddiası üzrə proses başlanıb. Çingiz Məmmədov onun barəsində gedən 4 yazıda şərəf və ləyaqətinin təhqir olunduğunu iddia edir. Nazir müavini “Yeni Müsavat”dan 100 min manat təzminat tutulmasını və yazı müəlliflərinin cinayət məsuliyyətinə cəlb edilməsini istəyir. Nazir Səfər Əbiyevin tapşırığı ilə barəmizdə verilmiş daha 2 iddia ərizəsi məhkəmələri dolaşmaqdadır.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərova məxsus “Gilan” Qəbələ Konserv Zavodu” MMC də “Yeni Müsavat” qəzetini məhkəməyə verib. Qəzetə qarşı iddia formal olaraq “Jalə” şirələri ilə bağlı yazılara görə irəli sürülüb. İddiaya görə, 2009-cu ilin aprelində (2 il 7 ay əvvəl) “Yeni Müsavat”da dərc olunmuş “JALƏ 100 FAİZ TƏHLÜKƏLİ ŞİRƏDİR” başlıqlı yazı qəzetin məhkəməyə verilməsinə səbəb olub. “Gilan” zavodu bunun və digər uyğun materialların zavodun işgüzar nüfuzuna xələl gətirdiyini düşünür. 2 saylı İnzibati İqtisadi Məhkəmədə baxılan iş hakim Xalid İmanovun sədrliyi ilə keçirilir. (Dünən baş tutan növbəti məhkəmə iclası barədə qəzetimizin digər məqalələrində tanış ola bilərsiniz-S.T) “Gilan” Qəbələ Konserv Zavodu  qəzetimizdən rekord sayıla biləcək məbləğdə – bir milyon manat təzminat istəyir.


Digər bir oliqarx nazirin –  Ziya Məmmədovun da “Yeni Müsavat”dan istədiyi kifayət qədər böyük məbləğdir. Onun oğlu, ZQAN Holdinq-in rəhbəri Anar Məmmədov “ayı işı”nə görə qəzetimizdən 500 min manat tələb edir. Beləliklə, 3 nazir (onlardan ikisi general-polkovnikdir) üst-üstə “Yeni Müsavat”dan 1 milyon 600 min manatdan çox pul tələb edirlər. Bu cür iddialar irəli sürmək isə “Yeni Müsavat”ın sıradan çıxarılmasına hesablanıb. Qəzetimizin hüquqşünası Vaqif Hüseyn də hesab edir ki, bütün bu məhkəmələr və iddiada göstərilən absurd məbləğlər azad mətbuatı sıradan çıxartmaq cəhdindən başqa bir şey deyil. O, bildirdi ki, Ziya Məmmədova məxsus olan bir sıra rəsmi qumar təsisatları da (TopAz) “Yeni Müsavat”ı məhkəmə ilə hədələməkdədir. Qəzetimizin baş redaktoru Rauf Arifoğlu yaranmış bu mənzərə ilə bağlı bunları dedi: “Bu iddialar qəzetimizi çökdürməyə hesablanıb  və qətiyyən təsadüfi, emosional reaksiyalar deyil. Lakin bu iddialar bizim qürurumuz sayıla bilər. Ölkədə başqa heç  bir media quruluşunun üzərində bu sayda və bu cür rekord məbləği özündə daşıyan məhkəmə iddiaları yoxdur. Bütün bunlar iqtidarın gerçək hədəfində kimin durduğunu göstərir və bəzi ağzıgöyçəklərə yaxşı cavabdır. “Yeni Müsavat”ın iqtidarla bağlantısı barədə şər danışanlar nədənsə bu məqamın üzərindən keçməyə üstünlük verirlər. Qəzetimiz bu gün Azərbaycanın media tarixində rastlanmayan rekord bir isk altında məhkəmə çəkişmələrindədir. Və bu məhkəmə iddialarının müəllifləri  hakimiyyətin ən güclü 3 naziridir. Onlar hətta prezidentlərinin media siyasətinə qarşı gedərək, hörmətli İlham Əliyevin maliyyə dəstəyi verdiyi müxalifət qəzetlərinin (KİV DF vasitəsi ilə – red) tamamilə çökdürülməsi niyyəti nümayiş etdirirlər. Lakin inanıram ki, bu qara niyyət durdurulacaq və ölkənin 22 illik tarixə malik “Yeni Müsavat” adında əsas qəzeti fəaliyyətini davam etdirə biləcək. Biz artıq ictimai dəstək kampaniyasına başlamışıq; gələn həftədən iddiaçı nazirlərin ofislərinin qarşısında piketlər keçirməyi, müdafiə komitəsi qurmağı düşünürük. Çünki dəstək üçün müraciət etdiyimiz Mətbuat Şurası hələlik heç bir addım atmayıb. Lakin bütün bunlarla yanaşı, ölkə prezidentindən də prosesə müdaxilə gözləyirik  və bunun olmasını istəyirik ”.