Rusiya «intihar koalisiyası»nda

Putinlə «cəhənnəmə gedənlər» içərisində Azərbaycan hakimiyyətinin yeri və rolu…

Avropa Parlamenti Rusiyanı işğalçı adlandırdı. Qurum qəbul etdiyi qətnamədə bəyan edib ki, Rusiya zəbt etdiyi Gürcüstan torpaqlarını dərhal boşaltmalı, Abxaziya və Şimali Osetiya rəsmi Tiflisin suverenlik sərhədlərinə daxil olmalıdır.
Bu qətnamənin qəbul edildiyi günlərdə isə Rusiya Avropa Birliyinin alternativi kimi düşündüyü “Avrasiya Ittifaqı”nın təməl daşını atdı. Indi bu daşı quyudan çıxarmağa kiminsə cəhd edəcəyi ağlabatan deyil. Rusiya ilə bağlı təcrübə göstərir ki, Kremlin daş atdığı quyuları sadəcə, torpaqlamaq lazımdır. Elə ona görə də Avropa Ittifaqı məsələyə dərin quyunun dibindən deyil, zirvədən Kreml ulduzlarını silkələməkdən başlayıb və öz sənədində Moskvanı rəsmən işğalçı adlandırıb.
Kreml hələlik Qazaxıstan və Belarusdan başqa heç kimi qoşa bilmədiyi “Avrasiya” layihəsilə “buynuz göstərmək” istəyir, yoxsa buynuzunun qaşındığını gizlədə bilmir – bu məsələni də araşdıracağıq. Amma fakt budur ki, Putin dünyanı əsəbiləşdirə bilib.

Işğalçı oldunsa…

Əslində, bu qətnamənin iki mühüm siqnalı var. Birincisi odur ki, Qərb bir daha Gürcüstanı öz müdafiə rayonu kimi elan elədi. Rusiyanın diqqətinə çatdırdı ki, Tiflislə istədiyi kimi rəftar edə bilməz. Bu qətnamə eyni zamanda, Rusiyanın tez-tez Cənubi Qafqaz ölkələrinə 2008-ci ilin avqust müharibəsini xatırlatmasına cavadır. Yəni, Moskvaya daha bir səhv etmək şansının olmadığı xatırladılır.
Ikincisi, Rusiyaya yeni dünya düzənindəki yeri göstərilir.
Putin tabeçilik göstərməyə israr etdikcə, qlobal tendensiyanın arzulamadığı şəxsdən, ona mane olan təhlükəyə çevrilir. Və bu proses sənədlərlə addım-addım həyata keçirilir ki, KQB polkovniki kimlərlə üz-üzə olduğunun həm də psixoloji yükünü anlasın.
Digər tərəfdən, bütün dünya və Rusiya xalqı bilsin ki, Rusiyaya bu cür mənfi münasibəti formalaşdıran tək amil Putinin dünya görüşü və hakimiyyət hərisliyi, transmilli cinayətkarlıqdan hələ bir müddət də qazanmaq istəyidir. Beləliklə, Putinin yenidən rəhbər olmaq iddiası fakta çevrilməmiş Rusiyanı Avropa Ittifaqı ilə üz-üzə qoydu. Hələlik, görünənsə budur ki, onunla çiyin-çiyinə addımlamaq istəyən cəmi iki lider var ki, onlardan biri də Putindən can istəyir. Nazarbayevə gəlincə, onun bu qurumda olması daha çox Qərbin Putinə yaxından nəzarət etmək istəyi kimi başa düşülür. Hələlik, Qazaxıstanın təcrübəli liderinin “batan gəmi”yə minməsinin başqa ağlabatan izahı yoxdur.

Ikili standart nədədir?..

2010-cu ilin mayında Avropa Parlamenti eyni sənədi Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsilə bağlı da qəbul etmişdi. Göstərilmişdi ki, rəsmi Irəvan Azərbaycan torpaqlarını beynəlxalq normalara zidd olaraq öz nəzarətində saxlayır və buna son qoymalıdır. Amma Azərbaycan hakimiyyətinin həmin vaxt və daha sonra bu məsələylə bağlı adekvat mövqe ifadə etməməsi, eləcə də Rusiyanın təşəbbüskarlığı altında davam edən tendensiyanın iştirakçısı olması üzündən vəziyyətin dövlət mənafelərinə fayda verəcək istiqamətdə dəyişməsi mümkün olmadı.
Göründüyü kimi, rəsmi Bakı əvvəllər Qərb ölkələrini və beynəlxalq birliyi Azərbaycana qarşı ikili standartlarda ittiham edirdisə, indi hakimiyyətin özü Qərbdən uzanan əllərə ikili standartla yanaşır. Məsələn, Ermənistanı öz təhlükəsizlik çətiri altında tutan və silahlandıran Rusiya barəsində heç bir haqlı tənqidə yol verməsə də, yeri gəldi-gəlmədi, Qərb təşkilatlarını ittiham edir. Yəqin, ortada hakimiyyət üçün Qarabağdan daha önəmli bir məsələ var ki, ona Rusiyanın münasibəti daha pozitivdir. Təbii ki, bu da Əliyevlər hakimiyyətinin ömrünün uzanması məsləsidir. Bu məsələdə hakimiyyətin Qərblə dil tapa bilməməsi elə vəziyyət yaradıb ki, hakimiyyət Qarabağ problemilə bağlı Avropa Birliyi kimi nüfuzlu qurumun yardımından imtina edir.

Qafqaz Araşdırmalar Dərnəyi