Ölmüş diktatorun «varisi» Seyfülislam Nigerə qaçarkən ələ keçdi; buraxılması üçün 2 milyard təklif etdi
“Əz-Zintan” telekanalının yaydığı məlumata görə, Seyfülislam Qəzzafi onu ələ keçirənlərə azadlığı müqabilində 2 milyard dollar təklif edib. Lakin Zintan şəhərindən olan inqilabçılar onun rüşvət təklifini qəbul etməyiblər. Onlar bu təklifi “inqilaba qarşı təhqir” kimi qiymətləndiriblər.
***
Ötən ay üsyançıların öldürdüyü Liviya diktatoru Müəmmər Qəzzafinin uzun müddətdir axtarılan oğlu Seyfülislam Qəzzafi həbs olunub. Müvəqqəti hökumətin ədliyyə naziri Məhəmməd əl Əllaquyi Seyfülislamın Liviyanın ölkənin cənubundakı Obari şəhəri yaxınlığında ələ keçdiyini açıqlayıb. O, iki yaxın silahdaşı ilə birlikdə Nigerə qaçmaq istəyərkən saxlanılıb. Liviya dövlət televiziyası Seyfülislamın həbs edildikdən sonra Zintan şəhərində təyyarədə aparıldığı, daha sonra sağ əlində 3 barmağı sarıqlı halda köhnə bir taxtda uzandığı vəziyyətdə kadrlar yayımlayıb. Onun Siirt şəhərinə aparıldığı bildirilir.
Seyfülislam Qəzzafi London Iqtisadiyyat Məktəbini bitirib və 2008-ci ildə həmin təhsil ocağında doktorluq elmi dərəcəsi alıb. 2011-ci ilin iyun ayında Beynəlxalq Cinayət Məhkəməsi onu bəşəriyyət əleyhinə cinayətlərdə günahlandıraraq həbsinə order verib. Seyfülislam Qəzzafi Interpol xətti ilə beynəlxalq axtarışda idi.
Xatırladaq ki, Müəmmər Qəzzafinin 10 övladı (2-si götürmə) olub. 1986-cı ildə amerikalılar Müəmmər Qəzzafinin qərargahını bombardman edəndə Həna Qəzzafi həlak olub. Bu ilin mayında Seyfülərəb Qəzzafi NATO aviasiyasının bombardmanına qurban gedib. Avqustda Xəmis Qəzzafi, oktyabrda Mötəsəm Billah Qəzzafi öldürülüb.

Informasiya şöbəsi


