Əli Həsənovun prezidentlə mümkün dialoqu

“Hətta Afrika ölkələrində belə, bəzən müxalifət əlinə silah alıb mərdi-mərdanə vuruşur… dəfələrlə Avropa və dünya ölkələrindən informasiyalar daxil olub ki, həmin o adlarını çəkmək istəmədiyim müxalifət partiyalarının sədrləri bəzi beynəlxalq təşkilatlarda söz veriblər ki, ”Siz bizi hakimiyyətə gətirin, Dağlıq Qarabağ problemini siz istədiyiniz şəkildə həll edək, Cənubi Qafqazda nə istəyirsiniz edək”. Adam belə şəxslərlə bir ölkədə yaşadığına, onlarla eyni dövlətin vətəndaşı olduğuna görə utanır”
Bu cür “əhəmiyyətli” bilgiləri sirr kimi özündə saxladığını iddia edən Əli Həsənov, görəsən niyə susur? Mənsub olduğu hakimiyyətin zor günlərində, bunlar açıqlanmırsa, əvəzində Afrika ölkələrindən “qorxulu” sitatlar gəlirsə, buna nə ad vermək olar? O zaman mülayim, zorakılığı rədd edən  istəklərdə bulunan, 2 aprel məhbuslarının həbsinə nə ad vermək olar? Yəqin ki, prezident üçün Əli Həsənovun son açıqlamaları mühüm əhəmiyyət kəsb edəcək. Axı ortada hakimiyyəti reablitə edə biləcək, “xain” müxalifət lideri  “arqument”lər var. Ciddi ittihamlar və hətta müxalifətə inqilabi çağırış eyhamı, çox güman ki, Əli Həsənovdan yüksək səviyyədə açıqlama tələbi ilə nəticələnəcək.
Elə də oldu, PA-da etibarlı mənbələrimizdən biri, yüksək səviyyədə keçən qəbulun stenoqramını dünən mənə ötürdü, beləliklə…
I.Əliyev: – Cənab Həsənov, Afrika müxalifətçilərindən gətirdiyiniz sitat, razılaşın ki, uğursuz alındı. Xeyirdimi, bəlkə bir bilmədiyimiz var?
Ə.Həsənov:  – Sadəcə bir nəbz yoxlamaq istədim, onsuz da müxalifət, bu cür qarşıdurmaya getmək istəmir. Intriqaya çəkmək istədim, cənab prezident!
I.Əliyev: – Alınmadı Əli müəllim, yaxşı. Adını çəkmək istəmədiyiniz o xain müxalifət lideri kimdir?
Ə.Həsənov gözünü məchul bir nöqtəyə zilləyərək: – Deyə bilmərəm, cənab prezident, mümkünsə, bu söhbəti bağlayaq.
I.Əliyev: – Başa düşün Əli müəllim, dünyada gedən proseslər heç də bizim xeyrimizə deyil, ortada Qarabağ məsələsi var, xalqın səbri tükənib, o müxalifət liderini ifşa etsək, uzun müddətli tənəffüs əldə etmiş olarıq, axı!
Ə.Həsənov: – Cənab prezident, siz istəyirsiniz ki, Azərbaycanın demokratik imici ayaqlar altına atılsın, onsuz da bəslədiyimiz konstruktiv müxalifət  partiyalarını ciddi qəbul etmirlər.
I.Əliyev: – Axı söhbət real müxalifət liderinin siyasi səhnədən silinməsindən, bizim isə hakimiyyətimizin daha da möhkəmlənməsindən gedir..
Əli Həsənov nəhayət, gözlərini məchul nöqtədən ayıraraq, prezidentə nüfuzedici baxışlarla: – Cənab prezident, mən ədalətli siyasi mübarizə tərəfdarıyam, xalqın müxalifətə olan inamının qırılmaması naminə bunu edə bilmərəm, hər ehtimala qarşı istefa ərizəsi və bu müddət ərzində sahib olduğum var-dövlətin tam siyahısı, mülk kağızları ilə gəlmişəm…
I.Əliyev: – Bəs əlinizdəki o biri bağlama nədir?
Ə.Həsənov: – Hər ehtimala qarşı, dəyişəcək, bir cüt corab, dəsmal, odekalon, və üzqırxan, xahiş edirəm, məni 2 aprel məhbusları ilə bir kameraya salmasınlar, utanıram onlardan… – kövrəlir davam edə bilmir…
I.Əliyev bir müddət fikirləşir, nəhayət: – Mən sizdən başqa cavab gəzləmirdim, Əli müəllim, dediklərinizlə tam şərikəm. Hesab edirəm siz daha artıq mükafatlara layiqsiniz! Amma müxalifətə qarşı münasibətlərinizdə bəzi korrektələr edin. Bir balaca sərt olun. 
Əli müəllimin gözləri yaşarır və qururla prezidentin kabinetini tərk edir…
Bu, Əli Həsənovun müxalifəti Qarabağla şantaj etməsinə ironik bir cavabdır və belə bir dialoqun olması, hakimiyyətin xisləti və müxalifətə münasibəti baxımından mümkün deyil.
…Məsələyə ciddi şəkildə yanaşsaq, Əli müəllim, Qarabağ məsələsi elə bir məsələdir ki, bununla müxalifəti şantaj etmək, ən azı etik cəhətdən heç bir çərçivəyə sığmır, sizin bu bəyanatlarınız gələcəkdə elə sizə böyük problemlər yarada bilər. Təkcə bir faktə sizin nəzərinizə çatdırım,-  “Sıravi Əhməd”, “Cənab Leytenant”, “Azərbaycan əsgəri” və onlarca başqa qan yaddaşımıza həkk olunan əsərlər məhz sizin göstərişinizlə televiziya ekranlarından yığışdırılıb, bax əgər Qarabağ sizə əzizdirsə, buna münasibət bildirin, əgər bunu bacarmırsınızsa, barı susun.