Hakimiyyət ancaq özü deyib, özü eşidir

Arif Əliyev: «Bu hadisə cəmiyyətdəki bir çox eybəcərlikləri, mənfilikləri üzə çıxardı»

«Rafiq Əliyevə qarşı kampaniyada iz azdırmaq çətindi»

Iqtidarın akademik Rafiq Əliyevə qarşı başladığı kampaniya gündəmin əsas mövzusuna çevrilib. Ənənəvi olaraq hakimiyyətə yaxınlığı ilə seçilən mətbuat bu məsələdə daha fəaldı. Iqtidarın sifarişini yerinə yetirmək üçün növbədə dayananlar yenə də ön sıradadır. Lakin hakimiyyətin, onun əlaltılarının bu addımı ictimaiyyət arasında müsbət qarşılanmır. Məsələ ilə bağlı “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyevin fikirlərilə tanış olduq.

– Akademik Rafiq Əliyevə qarşı hakimiyyətin başladığı kampaniyanı necə qiymətləndirirsiniz?
– Dəfələrlə bildirmişəm və yenə də hesab edirəm ki, bu bir siyasi aksiyadır. Fərqli fikrə görə insanı cəzalandırmaq üsullarından biridir. Ona görə də, əlbəttə, bu addımı pisləyirəm. Düşünürəm ki, hər halda siyasi yetkin cəmiyyətə yaraşmayan hərəkətdi.

– Dövlət və cəmiyyət arasında münasibətlər gərginləşib, uçurum getdikcə dərinləşir. Bunun səbəbini nədə görürsünüz?
– Məncə, uçurumun dərinləşməsinin başlıca səbəbi hakim zümrədə dözümsüzlüyün və özünə arxayınlığın getdikcə artmasıdır. Biz son dövrlərdə dəfələrlə şahidi olmuşuq ki, tənqidlə, fərqli fikirlərlə çıxış edən şəxslər təzyiqə məruz qalır. Bu təzyiq üsullarından biri də odur ki, əgər həmin şəxs hər hansı dövlət strukturunda çalışırsa, onun özünü, olmasa qohumlarını işdən çıxarırlar. Dəfələrlə səslənən dialoq təklifinə qəribə yanaşma tərzi var. Deyirlər ki, bu dialoq gedir. Ancaq dialoq bir tərəfin öz arasında apardığı monoloqdu. Hakimiyyət ancaq özü deyib, özü də eşidir. Qarşı tərəf isə bir söz deyəndə ona təzyiqlərlə, cəzalarla yanaşır, münasibət göstərir. Bu, kökündən yanlış bir ideologiyadır. Açıq-aydın görünür ki, bu, cəmiyyətdə qarşıdurmanın dərinləşməsinə və çox təəssüf, hansısa mərhələdə arzuolunmaz forma almasına gətirib çıxaracaq.

“Bu kampaniyaların arxasında orta əsr təfəkkürü dayanır”

– Bu tip kampaniyanın arxasında kimlər dayanır?
– Bu kampaniyaların arxasında orta əsr təfəkkürü, sovet yanaşma tərzi dayanır. Indi bu hadisədən sonra ziyalılar haqqında bir polemika başlayır. O deyir ziyalı kimdi, bu deyir ziyalı kimdi. Amma sosial mənada ziyalı həmişə tənqidi düşüncə tərzli insanlar olub. Bütün cəmiyyətlərdə bu belədi. Eyni zamanda ziyalı xüsusi mənəvi keyfiyyətləri olan bir zümrədir. Ziyalı ancaq əqli fəaliyyət sahəsi ilə məşğul olan insan deyil. Bu olub qədim Roma dövründə. Amma indiki mənada bunun sosial və mənəvi mahiyyətləri çox yüksəkdi. Ona görə də əgər bir tərəf digər tərəfə yuxarıdan baxıb danışırsa, əgər onun dediyinə qulaq asmaq bacarığı, mədəniyyəti, hövsələsi çatmırsa, burda bütövlükdə intellektual mübahisədən, intellektual anlaşma tərzindən danışmaq çətindi. Sovet dövründə belə bir tərz, üsul var idi ki, kim tənqidlə çıxış edirsə, kim tənqidi yanaşma tərzini nümayiş etdirirsə, onu nəinki ziyalılıqdan çıxarırlar, hətta cəmiyyətin tullantısı adlandırırdılar. Həmin adam müxtəlif təzyiqlərlə üzləşirdi. Indi gördüklərimiz də həmin təfəkkürün təzahürüdür. Bunun arxasında kimin dayanması sualına cavab vermək elə də çətin deyil. Xüsusilə kimlərin bu hücumda, mənəvi şantajda iştirak etdiyini və onların imzaladıqları mətnlərin oxşarlıqlarını nəzərə alanda bu aydın olur. Bəzən görürsən ki, bu mətnlərdə nəinki ifadələr, hətta cümlələr də üst-üstə düşür. Bunun eyni bir mərkəzdən idarə olunduğu göz qabağındadır. Hücumları isə bir mərkəzdən idarə etmək imkanı çox məhdud dairələrə məxsusdur.

– Hakimiyyətin başqa bir ənənəvi təzyiq üsulu var. Hədəfə alınan şəxsə qarşı mətbuatda iyrənc kampaniya aparılır. Artıq cəmiyyət də buna ciddi yanaşmır. Belə olan halda hakimiyyətin bu üsulları nəyə hesablanıb?
– Bu, ictimai rəyi formalaşdırmağın üsullarından ən effektividir. Bir sözü, hətta yanlış fikri dönə-dönə təkrar etsən, onu beyinlərə yeridə bilərsən. Bayaq deyəndə ki, bu, köhnə təfəkkürün təzahürüdür, elə əslində bunu da nəzərdə tuturdum. Çox təəssüf ki, bu hadisə, bu olay əslində cəmiyyətdəki bir çox eybəcərlikləri, mənfilikləri üzə çıxardı. Bunun da biri ondan ibarətdir ki, media çox zaman bu cür qara piar kampaniyalarında çox asanlıqla istifadə olunur. Faktiki olaraq siyasi mahiyyət kəsb edən kampaniyalarda bəzən aparıcı rol oynayır. Amma anlamaq, dərk etmək lazımdır ki, artıq informasiya kanalları qat-qat genişdi. Bu yalnız bir-iki hökumət qəzetindən ibarət deyil. Informasiya kanallarının genişliyi hətta hadisələrdən kənarda olan adamlara da müxtəlif mənbələrdən məlumat toplamağa və özünün nəticə çıxarmasına imkan verir. Mən özüm onun şahidi oluram ki, bir çoxlarında bu cür təbliğat, qaralama, aşağılama cəhdi çox mənfi reaksiya oyadır. Indi belə bir istiqamət var. Sübut etməyə çalışırlar ki, guya Rafiq Əliyev deyildiyi qədər də böyük alim, zəngin bioqrafiyaya sahib deyil. Əvvəla, əlbəttə, bu belə deyil. O çox mədəni və böyük nailiyyətləri olan bir insandı. Amma tutaq ki, o heç bu nailiyyətlərə sahib deyil. Tutaq ki, söhbət hər hansı orta səviyyəli elmi işçidən gedir. Bu o deməkdir ki, onunla bu cür davranmaq, çəkisinə görə fikir söyləmək haqqını tanımamaq, yaxud tanımaq lazımdı? Bütövlükdə fərdin cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq onun müəyyən hüquqları var və o hüquqlara hörmətlə yanaşmaq lazımdır ki, cəmiyyətdəki o qarşıdurma, dözümsüzlüq əhval-ruhiyyəsi aradan qalxsın.

“Bu, siyasi cəzalandırma cəhdidi”

– Hakim partiyanı təmsil edən kifayət qədər adam var ki, kafedra müdiri vəzifəsində çalışır. Ancaq onlara iş yerlərində nadir halda rast gəlmək olar. Rafiq Əliyevi məhz iş qrafikini pozmaqda günahlandırıb işdən uzaqlaşdırdılar. Bunu necə qiymətləndirmək olar?
– Ümumiyyətlə, kafedra müdirlərinin fəaliyyətinə qiymət vermək, hər birini araşdırmaq istəyindən, cəhdindən uzağam. Ancaq konkret indiki halda Rafiq Əliyevlə bağlı olan bu məsələdə, istəyirsən onun adını qoy işi ilə bacarmır, işə gəlmir, nə qoyursan-qoy, bu, açıq-aşkar siyasi bir aksiyadı. Siyasi cəzalandırmaq cəhdidi. Ən azı ona görə ki, onun forumda çıxışı, ordakı iştirakı ilə üst-üstə düşən məqamlar var. Burda izi azdırmaq çətindi. Ən çox təəssüf olunan məsələlərdən biri də ondan ibarətdir ki, ona qarşı bu cür hərəkətin törədildiyi bir gündə həmin forumda Rafiq Əliyevin özü, onun həmkarları, onunla birgə iştirak edən şəxslər milli birlik, milli barışıq, bir-biri ilə dil tapmaq, bir-birinə hörmətlə yanaşmaq ideyalarını müzakirə edirdilər. Belə bir məqamda elə cavabın alınması, əlbəttə, çox acınacaqlı haldı.

“Hakimiyyət özü nümunə olmalıdır”

– Hakimiyyət istənilən tənqidi fikri Qarabağla, sabitliyin pozulması ilə əlaqələndirmək istəyir. Deyilən hər müxalif fikrin sabitliyin pozulmasına yönəldiyini iddia edir. Bu nə dərəcədə normal yanaşmadı?
– Məncə, bu ən yolverilməz alətlərdən biridir. Ümumiyyətlə, ümummilli ağrıları, bəlaları daxili mübarizədə istifadə etməkdən çəkinmək lazımdı. Çox zaman onun şahidi oluruq ki, hakimiyyət nümayəndələri bu cür çağırışlarla digər şəxslərə, o cümlədən müxalifətə də müraciət edirlər. Düzgün tezisdi. Ancaq bu tezisi səsləndirəndə onu düşünmək lazımdır ki, həmin sahədə birinci nümunəni hökumət göstərməlidi. Çünki onun əlində imkanlar böyükdü. Biz dəfələrlə üzləşmişik ki, QHT-lər, ziyalılar, müxalifət nümayəndələri hər hansı bir tənqidi fikir söyləyəndə, yaxud hökumət nümayəndələrini əsəbiləşdirəndə ortaya atılan ənənəvi söz odur ki, sən satqınsan, vətən xainisən, vətənpərvər deyilsən, Qarabağa ziyan vurursan, müharibə dövründə sabitliyi pozmaq istəyirsən. Bunlar siyasi texnologiyanın ən bəsit və xoşagəlməz üsullarıdır. Onlardan istifadə etməkdən həmişə çəkinmək lazımdır.

Fizzə