«Bu cür münasibətin sərgilənməsini yalnız isterika ilə izah etmək olar»
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov son müsahibəsində gündəmdə olan Ziyalılar Forumunun tədbirinə də toxunub. Ziyalılar Forumunun üzvü Eldar Namazovu seçkilərə hazırlaşmaqda ittiham edən Ə.Həsənov vurğulayıb ki, E.Namazovun son zamanlar hakimiyyəti tənqid etməsi də bu qəbildəndir. Bundan başqa, E.Namazova qarşı hakimiyyətin ənənəvi ittihamlarını dilə gətirən Ə.Həsənov qeyd edib ki, E.Namazov hakim komandadan kənarlaşdırılan adamdır. “Eldar Namazov uzun müddət məmur olub, Prezident Administrasiyasında çalışıb. Prezident Administrasiyası, yaxud digər dövlət qurumlarının cəmiyyətin idarəçiliyi istiqamətində keçirdiyi tədbirləri günah, nöqsan, həqarət sayırsa, Eldar Namazovun özü onları vaxtilə həyata keçirib” deyə Ə.Həsənov vurğulayıb.
Azərbaycan Naminə Ictimai Forumun prezidenti Eldar Namazov məsələyə münasibət bildirərkən söylədi ki, elə bəyanatlar olur ki, ona qarşı ətraflı açıqlama verib, arqumentlər ortaya qoymaq olur. Amma bəzən hakimiyyətdən elə bəyanatlar səslənir ki, ona yalnız diaqnoz qoymaq olur: “Əslində isə bu cür münasibətin sərgilənməsini yalnız isterika ilə izah etmək olar. Hiss olunur ki, Prezident Administirasiyasının rəhbərliyində Ziyalılar Forumunun müzakirəyə çıxardığı məsələlərə, Rafiq Əliyevin işdən çıxarılmasına ictimai dəstəyin gəlməsinə görə isterika yaşanır. Hətta vəziyyət o həddə çatıb ki, Əli Həsənovun bəyanatında müxalifətə ”təklif” səslənir ki, demokratik qüvvələr də Ərəb ölkələrindəki kimi əllərinə silah alıb hakimiyyət uğrunda mübarizəyə başlasınlar. Əslinə qalsa DIN, prokurorluq və MTN belə bir açıqlamadan sonra Əli Həsənova xəbərdarlıq etməlidir. Bu açıqlama silahlı üsyana çağırışdır və bu cür açıqlamalar yolverilməzdir”.
Hakimiyyətin son zamanlar ona və Ziyalılar Forumuna qarşı apardığı təbliğatın nəticə vermədiyini görüb mövzunu dəyişməyə çalışdığını deyən E.Namazov qeyd etdi ki, gah deyirlər Rafiq Əliyev Qarabağlıdır, gah mövzu ortaya atırlar ki, mən seçkilərə hazırlaşıram: “Ziyalılar Forumu konkret mövzu ilə bağlı təkliflər səsləndirib. Görünür, Prezident Administrasiyasının ”başbilənləri” belə mövzulardan qaçırlar. Ona görə də gündəmi dəyişməyə çalışırlar. Bu mənim yadıma vaxtilə “Qarabağ xartiyası” ilə bağlı təklifləri salır. O zaman da ciddi ictimai dəstək alan bu sənədi hakimiyyət qəbul etmədi. O zaman da Əli Həsənov bunun səbəbini izah etməyə çalışarkən xeyli çətinliklə üzləşmişdi. Yalnız tutuquşu kimi təkrar edirdi ki, bu sənədi qəbul etmək olmaz. Amma o etiraf etmişdi ki, xartiyanın qəbul olunmamasının səbəbi onun mənim adımla bağlanmasıdır”.
Hikmət