ABŞ dövlət katibi Suriya rejiminə təzyiqdə Türkiyənin önəmini qabardıb
ABŞ dövlət katibi Hillari Klinton Suriyadakı vəziyyətlə bağlı açıqlamalar verərək Bəşər Əsədin sayılı günlərinin qaldığını, rəsmi Dəməşqə təzyiqlərdə Ərəb Liqası və Türkiyənin öncüllük etməli olduğunu bildirib.
Dövlət katibi Amerika MSNBC telekanalına müsahibəsində Suriyadakı vəziyyətin tamamilə daxili müharibəyə çevrilə biləcəyi haqda xəbərdarlıq edib. Klinton bildirib ki, Suriya hökuməti və cəmiyyəti üzərində Türkiyə və Ərəb Liqası Vaşinqtondan daha çox təsirə malikdir. Buna görə də Əsəd rejiminə qarşı təzyiq Ərəb Liqası və Türkiyənin liderliyi altında göstərilməlidir.
Klinton ABŞ-ın Suriyada vətəndaş müharibəsi arzulamadığını, etirazların dinc xarakterdə olmasını və zorakılıqdan uzaq müxalifət görmək istədiyini bildirib. Dövlət katibi deyib ki, Bəşər Əsəd rejimi əməlləri ilə insanları özünə qarşı silaha sarılmağa təhrik edir.
Dövlət katibi deyib ki, Ərəb Liqası Suriyanı qurumdan çıxarmaqla Əsədin getməli olduğuna dair “dəqiq siqnal” verib. Bununla belə Klinton Liviyadan fərqli olaraq Suriyaya ABŞ və ya NATO komandanlığı altında, BMT qərarı ilə hərbi müdaxilə edilməyəcəyini bildirib. Dövlət katibi qeyd edib ki, Liviya ilə Suriyanın vəziyyəti bir-birindən fərqlidir.
CBS televiziyasına verdiyi başqa bir müsahibədə isə Klinton bəyan edib ki, Əsədin sayılı günləri qalıb. “Əsəd gedəcək. Bu, artıq yalnız zaman məsələsidir. Ümid edirik ki, Suriyadakı rejim iç savaşdan, daha artıq qan tökməkdən çəkinər və çoxdan etməli olduğu dəyişiklikləri həyata keçirər”, – deyə Klinton bildirib.



