“Ərəb baharı” Küveytə sıçrayır

Ölkənin əmiri üsyan dalğasından qorxuya düşdü; kütləvi həbslərə göstəriş verdi

Yaxın Şərq və Şimali Afrika ölkələrini bürüyan üysan dalğası daha bir ərəb liderini qorxuya salıb. Neft səltənəti kimi tanınan Kuveytin əmiri Şeyx Sabah əl-Əhməd əl Sabah “ərəb baharı”ndan ilhamlanan xalqın ölkəsində inqilab edəcəyindən qorxuya düşüb. Korrupsiyanın səviyyəsinə etiraz edən nümayişçilərin noyabrın 16-da parlament binasına hücumundan sonra dövlət qurumlarının təhlükəsizliyinin gücləndirilməsi və mümkün həbslərin həyata keçirilməsi haqda əmr verib.
Hökumət təmsilçisi Əli Fahad əl-Rəşidin sözlərinə görə, Şeyx Sabah srağagünkü etirazları sərt şəkildə qınayaraq bunu ölkənin təhlükəsizliyi və sabitliyinə təhlükə hesab edib. Şeyx Küveytin güc strukturlarına ölkənin təhlükəsizliyinə mənfi təsir göstərəcək bütün etirazlara qarşı sərt addımlar atılmasıyla bağlı əmr verib.
Xatırladaq ki, korrupsiya ittihamları ilə parlamentin buraxılmasına çağıran etirazçılar baş nazir şeyx Nasirin evi qarşısına da yürüş edərək onun istefasını tələb ediblər. Etiraz aksiyasında xəsarət alanlar və həbs olunanlar barədə məlumat verilməyib. Etirazçılardan bəziləri isə şeyx Nasirin istefasınadək parlamentin binası qarşısında düşərgə salacaqlarını deyiblər.
Yüzlərlə nümayişçi baş nazir, Küveyt əmirinin qohumu Naser əl-Məhəmməd əs-Sabahın evinə hücum edib, lakin polis onların evə daxil olmasına imkan verməyib. Nümayişçilərə qarşı dəyənəklərdən istifadə olunub. Bir neçə nəfər yaralanıb. Daha sonra baş nazirin evinə hücum edənlər parlament binası qarşısında aksiya keçirənlərə qoşulublar və binanı ələ keçiriblər.
Etirazlara Küveyt parlamentinin müxalifətçi deputatlarının başçılıq etdiyi bildirilir. Onlar 71 yaşlı baş nazirin istefa verməsini və ölkədə islahatlar həyata keçirilməsini tələb edir. Küveyt əmiri şeyx Sabah əl-Əhməd əs-Sabah etirazlara baxmayaraq, qohumunu baş nazir vəzifəsindən uzaqlaşdırmır. Küveytdə ilk dəfədir ki, parlament binasına bu cür hücum olur. Bununla belə qeyd edilir ki, bu ölkədə baş verənlər Tunis, Misir, Liviya və digər ərəb ölkələrində baş verənlərə bənzəmir. Bu ilin fevralında ərəb ölkələrində etirazlar qızışanda Küveyt əmiri ölkənin hər bir vətəndaşına büdcədən 10 min dollar ayrılması haqda qərar verib.

Informasiya şöbəsi