Ramiz Rövşən hələ də inanmaq istəyir, Əkrəm Əylisli isə inanmır

Çox qəribə bir təsəvvür formalaşıb ölkədə. Ziyalı adını daşıyan şəxslərin həm iqtidarı, həm də müxalifəti tənqid etməsi missiya kimi boyunlarına düşüb sanki. Guya iqtidarı tənqid edəndə bir söz də müxaliflərin və ya tənqidçi medianın ünvanına fırlatmasalar, onların “ziyalılığı” şübhə altına düşə bilər, əks düşərgədə olduqları ehtimalı yaranar, neytrallıqları təhlükə ilə üzləşər və dedikləri kəsərdən düşər. Guya, ziyalının “müxalif” sayılması onun nüfuzuna vurulan baltadır.
Əliyev hakimiyyətinin illərlə apardığı yanlış təbliğatın biabırçı nəticəsindən başqa bir şey deyil bu. Və nüfuzlu ziyalıların açıqlamalarında əks təbliğatdan qorunmaq üçün “müxalif fikri də tənqidin gözünə qatmaq” kimi ehtiyat tədbirinin özünü göstərməsi təəssüf doğurur.
Özünə və sözünə zərrəcə şübhə olmayan dövrümüzün böyük şairi Ramiz Rövşənin də böyük alim Rafiq Əliyevin müdafiəsi yönündə yazdığı məqaləsində “ehtiyat tədbirinə” əl atması, istər-istəməz, tərəddüdlər yaradır: səndəmi istibdadın şər kampaniyasından çəkinirsən, Şair?
Sözünün arxasında şəxsiyyətilə duran, “şapalaq vurmağa qolu” olan Ramiz Rövşən yazır ki, “Rafiq Əliyevlə bağlı bu siyasi qərara hüquqi don geyindirmək istəyənlər çox qeyri-səmimi göründükləri kimi, bu hadisəyə həddən artıq siyasi rəng qatmaq istəyənlər də bəzən səmimi görünmürlər”.
Niyə, gözəl Şair? Bu bir siyasi qərardırsa, ona “həddən artıq siyasi rəng qatmaq istəyənlər” niyə qeyri-səmimi görünməlidirlər? Siyasi rəngin “həddən artıqlığı” onun Ilham Əliyevə bağlılığındamı özünü göstərir? Yəni bu siyasi qərarın arxasında prezident durmurmu?
Ölkəni kim idarə edir? Ilham Əliyevmi? Ilham Əliyevin bu qalmaqaldan hələ də xəbəri yoxdursa və ədalətsizliyi bərpa etmək üçün addım atmırsa, onda ölkədən xəbərsiz prezident bizə lazımdırmı? Yox, xəbəri varsa və bütün bu siyasi qərarların başında özü durursa, belə despotik rejim yaradan prezident mütləq istefaya getməlidir. Başqa alternativ varmı?
Onu kim deyir ki, ziyalı mütləq “ortada qalmalı” və heç bir halda hakimiyyəti sərt tənqidilə seçilməməlidir? Diktaturaya etiraz əlaməti olaraq öz əsərlərinin ölkəsində çapına icazə verməyən və bunu bütün dünyaya bəyan edən Markesin hakimiyyətə unikal etiraz forması nədir? Yəni, dünyanın məşhur yazıçısı Qabriel Qarsia Markes “ziyalı” deyil, ona görə ki, öz hakimiyyətinə qarşı kəskin müxalifətdədir? Yoxsa, Saxarov, Soljenitsın, Kamyu və Ramiz Rövşənin məndən qat-qat yaxşı tanıdığı nəhənglər ziyalı deyildilər?
Etiraf edirəm, mən Ramiz Rövşəni və Azərbaycanın barmaqla sayılacaq bir neçə nüfuzlu xadimini nə qələminə, nə də şəxsiyyətinə görə adlarını çəkdiyim (və çəkmədiyim) bu nəhənglərdən əskik sayıram. Bəs, niyə Ramiz Rövşən “hələ də inanmaq istəyir ki, Azərbaycan prezidenti üzümüzə gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü ərəfəsində” siyasi motivlərlə həbsdə yatanların azad olunması üçün fərman imzalayacaq? Ramiz Rövşən kimi Şair siyasi motivlərlə həbs olunanların ömürlərindən oğurlanan hətta bir günü, bir saatı oğrulara necə bağışlaya bilər?
Sevimli yazıçımız Əkrəm Əylisli də mahiyyət etibarilə eyni sözü deyib, Rafiq Əliyevin işdən qovulma ayıbına “Ilham Əliyevin razılıq verməsinə” inanmayıb. Bu nədir, gözəl Yazar, “Ilham Əliyev yaxşıdır, ətrafı pis” tezisinin sabun köpüyü və arqumentsiz qalan iqtidaryönlülərin vəziyyətdən çıxmaq üçün işlətdikləri mənasız cəhd olduğunu bilmirsinizmi? Axı, hər ikinizin bu siyasi oyunları bal kimi anladığınıza qətiyyən şübhə etmirəm; bəs, onda niyə belə?
Rafiq Əliyev məsələsi ona görə çox dartışılır ki, bu, illərlə Azərbaycan hakimiyyətinin cəmiyyətdə o qədər də tanınmayan minlərə, yüz minlərə qarşı apardığı siyasətin görünən hissəsidir. Rafiq Əliyev 70-ci maddənin “ç” bəndini siyasi təzyiq alətinə çevirən Ilham Əliyev repressiyasının ən bariz nümunəsidir. Buna qarşı niyə kəskin mövqe ortaya qoyulmamalıdır? Niyə Ilham Əliyev ustufca “aradan” çıxarılmalıdır?
Cəmi 2 il öncə Rüstəm Ibrahimbəyova qarşı başlayan böyük bir təzyiqin qarşısına hansı nüfuzlu ziyalıların çıxdığı yaxşı yadımdadır. Ramiz Rövşən də daxil o böyük ziyalılar “sanki 37-ci il repressiyasıdır” sözünü Fərhad Bədəlbəylinin dilindən sərt şəkildə ortaya qoydular. Və “Ibrus” daha iki il ölkədə yaşamaq imkanı qazandı.
Axı, indi Rüstəm Ibrahimbəyov gedir! Axı, yeganə “Oskar”lı azərbaycanlını öz vətənində işləməyə qoymurlar! Axı, yeganə “Nobel” namizədimiz olacaq alimi sıxışdırırlar! Niyə 2 il əvvəlki kimi öz sözünüzü daha sərt demirsiniz?
Axı, indi daha cəsarətli danışmaq fürsəti var!