“Ramiz, eşidirsən bizi?”

Noyabrın 16-da prezident Ilham Əliyev Oğuz rayonunda yeni məhkəmə binasının açılışında iştirak edib. Təsvirlərdən görünür ki, binaya doğrudan da söz ola bilməz. Elə burada tarixi və misilsiz hadisə baş verib…
AzərTAc yazır: Dövlətimizin başçısı Oğuz Rayon Məhkəməsinin köhnə və yeni binalarının görüntülərini əks etdirən fotostendə baxdı. Məlumat verildi ki, Azərbaycan hökumətinin Dünya Bankı ilə birgə maliyyələşdirdiyi və Ədliyyə Nazirliyinin həyata keçirdiyi “Ədliyyə sisteminin müasirləşdirilməsi” layihəsi çərçivəsində ilk məhkəmə binası Oğuz rayonunda inşa olunmuşdur. Ikimərtəbəli binanın tikintialtı sahəsi 840, ümumi ərazisi isə 1500 kvadratmetrdir. Inşasına 2010-cu ildə başlanılmış binanın ətrafında geniş abadlıq işləri aparılmışdır.
Binanın foyesində ümummilli lider Heydər Əliyevin və Prezident Ilham Əliyevin ölkəmizdə məhkəmə-hüquq sisteminin inkişafına göstərdiyi diqqət və qayğını əks etdirən fotoguşə yaradılmışdır. Müasir səviyyədə inşa edilən bina bütün zəruri avadanlıqla təchiz edilmişdir.
…Diqqətə çatdırıldı ki, Oğuz Rayon Məhkəməsinin yeni binası digər məhkəmə binalarından bir sıra yenilikləri ilə fərqlənir. Belə ki, bina inzibati və ictimai zonalara bölünür və hər iki zonanın girişi ayrıdır. Inzibati zona hakimlər və məhkəmə işçiləri, ictimai zona isə vətəndaşlar üçün nəzərdə tutulmuşdur. Ədliyyə Nazirliyinin icra qrupu, dövlət ittihamçısı və vəkillər ictimai zonadan istifadə edəcəklər.
Zallarda proseslərin audio və video yazılışlarını aparan “Femida” sistemi, videokonfransların, təqdimatların keçirilməsi, elektron sənəd dövriyyəsi üçün bütün zəruri infrastruktur yaradılmış, habelə müasir tipli IP təhlükəsizlik kameraları quraşdırılmışdır. Məhkəmə zalları şahidlərin ifadələrinin dinlənilməsinə imkan verən müasir IKT avadanlığı ilə təchiz edilmişdir. Təqsirləndirilən şəxslər digər məhkəmələrdə olduğu kimi, zallarda dəmir barmaqlıqlar arxasında deyil, xüsusi ayrılmış şüşə otaqda saxlanılır.
Girişlərdə metal aşkarlayıcı elektron qurğu və turniketlər quraşdırılmışdır ki, bu da ilk növbədə məhkəmə proseslərində təhlükəsizliyi təmin etmək baxımından xüsusi rol oynayır. Vətəndaşlar başqa yerə getmədən binada lazım olan bank, tibb və poçt xidmətlərindən də istifadə edə bilərlər. Burada, həmçinin təlim otağı və elektron kitabxana da fəaliyyət göstərir.
Ali Məhkəmə sədrinə zəng…
Daha sonra AzərTAC yazır: Inzibati binada Respublika Ali Məhkəməsi ilə videobağlantı yaradıldı.
Prezident Ilham ƏLIYEV: Ramiz, eşidirsən bizi?
Ali Məhkəmənin sədri Ramiz RZAYEV: Bəli, cənab Prezident, Sizi eşidirəm. Icazə verin, göstərdiyiniz diqqətə, bu gözəl binalara görə Sizə bütün hakimlər adından təşəkkürümüzü bildirim və Sizi əmin edim ki, bu qərarınızın cavabı olaraq etimadınızı ən yüksək səviyyədə doğruldacağıq.
Yaxşı eşidir…
Əsl tarixi məqam elə budur. Icra hakimiyyətinin başçısı olan prezident hakimiyyətin müstəqil qolu olan bir sistemin ən yüksək instansiyasının rəhbərinə, yəni Ail Məhkəmənin sədrinə, başqa sözlə bir hakimə adı ilə müraciət edir. O isə cavabında təşəkkür edir, etimadını doğruldacağını deyir.
Təzə binalardakı məhkəmələrin müasirliyi və müstəqilliyi elə buradan görünür. Dünya Bankı da xeyli sevinə bilər, oğuz elləri də!