«Dövlət vəzifəsindən qovulan bir adamın dövlətə qarşı belə həqarəti tam anlaşılandır»
Prezident Administrasiyası Ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov Ziyalılar Forumunun üzvü, professor Rafiq Əliyevin Neft Akademiyasının kafedra müdiri vəzifəsindən çıxarılmasına münasibət bildirib:
“Sözün düzü, bu məsələyə də bilavasitə münasibət bildirmək, bununla da məsələni siyasiləşdirmək istəmirəm. Amma eyni zamanda, təəssüf edirəm ki, bu məsələni siysiləşdirməyə cəhd göstərənlər var. Əvvəla, ”forum” adlandırdığınız 16-17 nəfərin iştirak etdiyi “Eldar Namazovun qrupu”nun iclasına qədər Rafiq Əliyev kafedra müdiri vəzifəsindən çıxarılmışdı. Lakin ali məktəbdə professor vəzifəsi saxlanmaq şərti ilə… Bu gün bir insanın kafedra rəhbəri olması, yaxud kiminsə təyinatı, kiminsə çıxarılması məsələləri təhsil qanunvericiliyi ilə bir ali məktəbin daxili işidir.
Bir ali məktəbin daxili işini siyasiləşdirib, az qala beynəlxalq səviyyəyə qaldırmağın özü onu göstərir ki, bəlli siyasi qüvvələr daxildə və xaricdə Azərbaycan cəmiyyətində qarşıdurma yaratmaq, Azərbaycan cəmiyyətinin mövcud sabit durumunu pozmaq istəyir. Bəziləri insanları, ziyalıları, ali təhsilli şəxsləri, ali məktəblərin ayrı-ayrı kateqoriyadan olan müəllimlərini bir-birinə qarşı qoymağa, bundan istifadə edərək kimlərinsə siyasi ambisiyasını təmin etməyə çalışırlar. Eldar Namazov uzun müddət məmur olub, Prezident Administrasiyasında çalışıb. Prezident Administrasiyası, yaxud digər dövlət qurumlarının cəmiyyətin idarəçiliyi istiqamətində keçirdiyi tədbirləri günah, nöqsan, həqarət sayırsa, Eldar Namazovun özü onları vaxtilə həyata keçirib, özü də bunu indikindən qat-qat sərt şəkildə edib. Dövlət vəzifəsindən qovulan bir adamın dövlətə qarşı belə həqarəti tam anlaşılandır. Eyni zamanda, qarşıdan seçki gəlir, Eldar Namazov bəyan edib ki, seçkilərdə iştirak edəcək və onun bütün bu hərəkətləri seçkilərdə namizəd kimi iştiraka hesablanıb. Deməli, ətrafına insan yığmaq istəyir(APA).
Həmin insanları hansısa şəraitə, situasiyaya salıb dövlətlə, cəmiyyətlə müəyyən qarşıdurmaya gətirib, bununla, siyasətin gündəminə gəlməyə çalışır. Amma hansı yolla gündəmə gəlir-gəlsin, əgər siyasətçi siyasi fəaliyyətində səmimi deyilsə, onun siyasi fəaliyyəti cəmiyyətin istək və arzuları ilə üst-üstə düşmürsə, insanlar tərəfindən dəstəklənmirsə, insanlar səmimi şəkildə onun simasında gələcək liderini görmürlərsə, hansı yola əl atır-atsın, bunlar sabun köpüyü effekti verə biləcək şeylərdir. Bir alimin bəlli bir fəaliyyət imkanları var, hər biri insan bəlli bir mərhələdən sonra tutduğu vəzifəni tərk etməlidir, bu, həyatın, cəmiyyətin qanunudur”.



