Gülər Əhmədovanın çağırışı qəbul edildi

«Xural»ın əməkdaşları da deputatı debata çağırdılar

Milli Məclisin deputatı Gülər Əhmədova Əvəz Zeynallının həbsi ilə bağlı “Yeni Müsavat” qəzetinin 16 noyabr 2011-ci il tarixli sayında  açıqlama verib. G.Əhmədova Ə.Zeynallı barədə Baş Prokurorluğa verdiyi şikayət ərizəsinin əsaslı olduğunu iddia edib. Deputat eyni zamanda Ə.Zeynallını müdafiə edənlərlə acıq polemika aparmağa hazır olduğunu da bildirib: “Arqumenti olan varsa, mənim bu məsələdə haqlı olmadığımı sübut edə biləcək adamlar varsa, gəlsinlər, mətbuatda söhbət edək”.
“Xural” qəzetinin kollektivi bəyan edir ki, Ə. Zeynallının həbsi ilə bağlı deputat Gülər Əhmədova ilə polemika aparmağa hazırdır. Qəzetin kollektivi dünən G.Əhmədova ilə telefon əlaqəsi saxlamağa cəhd göstərib. Lakin gün ərzində deputat ona edilən zənglərə cavab verməyib. “Xural” qəzetinin kollektivi mətbuat vasitəsi ilə G.Əhmədovaya müraciət edərək debata çağırır. “Xural”çılar G.Əhmədovadan xahiş edir ki, debatın vaxtını, yerini və iştirak edəcək mətbuat orqanlarını özü müəyyən etsin. “Xural” qəzeti öz tərəfindən bildirir ki, debatda “Azadlıq”, “Yeni Müsavat” qəzetlərinin və “Azadlıq” radiosunun iştirakı ilə qarşı tərəfin müəyyənləşdirdiyi şərtlərə hazırdır. 

Informasiya şöbəsi