Fransa Suriyaya hərbi müdaxilə siqnalı verdi

Əsəd rejimi kəndləri topa tutdu; hökumət qüvvələri cümə nümayişilərini qana boyadı

Suriyada gərginlik davam edir. Ötən gün ölkənin müxtəlif yerlərində Bəşər Əsəd əleyhinə etiraz aksiyaları keçirilib. Cümə namazından sonra meydanlara axışan suriyalılar Bəşər Əsədin istefasını tələb ediblər. Hökumət qüvvələrinin dinc aksiyalara silahlı müdaxiləsi zamanı ən azı 7 nəfərin öldüyü, onlarla aksyaçının yaralandığı bildirilir.
Mərkəzi qərərgahı Londonda yerləşən Suriya Insan Haqqları Izləmə Təşkilatının açıqlamasına görə, başda paytaxt Dəməşq olmaqla Həma, Homs, Dəraa kimi iri şəhərlərdə antiƏsəd mitinqi baş tutub. Hökumət qüvvələriylə müxalif fəallar arasında toqquşma yaşanıb. Dövlət televiziyası Hama şəhərində silahlı qruplarlın açdığı atəş nəticəsində üç təhlükəsizlik əməkdaşının öldüyünü açıqlayıb.
Suriyalı müxalif fəallar təhlükəsizlik qüvvələrinin paytaxt Dəməşqin Qədəm bölgəsi, Dəraa, Idlib və Homs şəhərlərində keçirilən aksiyaları dağıtmaq üçün etirazçılara atəş açdığını, Rastanda şəhərində isə küçəyə çıxmaq qadağasının tətbiq edildiyini söyləyib. 
Bu arada Liviyada Qəzzafi rejiminə qarşı hərbi müdaxilənin əsas dəstəkləyicisi Fransadan maraqlı açıqlama gəlib. Türkiyədə səfərdə olan Fransanın xarici işlər naziri Alen Jüpe Suriyaya yaxın zamanlarda hərbi müdaxilə edilə biləcəyinə dair siqnal verib. Türkiyəli həmkarı Əhməd Davudoğlu ilə görüşən fransız nazir Suriyaya müdaxilənin ancaq BMT Təhlükəsizlik Şurasının qərarı ilə həyata keçiriləcəyini vurğulayıb.
Davudoğlu Suriyadakı yaşanan qarşıdurmaların vətəndaş müharibəsi riskini artırdığına dair xəbərdarlıq səsləndirərkən, Jüpe də Suriyada Əsəd rejiminin islahatlar həyata keçirməsi üçün çox gec olduğunu bildirib: “Biz Suriya rejiminin islahat proqramını tətbiq edəcək niyyətində olmadığını düşünürük. Indi islahatlar üçün çox gecdir”.
Fransanın xarici işlər naziri jurnalistlərə açıqlamasında Suriya müxalifətinə və ordudan qaçaraq müxalifət tərəfinə keçən zabitlərə ölkədə vətəndaş müharibəsinə getməmək çağırışı edib. Alan Jüpe Suriyaya hərbi müdaxiləylə bağlı suala cababında isə bildirib ki, bu addım BMT TŞ-nin çıxardığı qərardan sonra atıla bilər. Nazir Avropa Birliyinin Əsəd rejiminin öndə gələn rəsmilərinə qarşı sanksiyaları daha da sərtləşdirəcəyini bildirib.
Bundan əlavə, Suriyanın müxtəlif bölgələrində hökumət qüvvələrinin törətdiyi zorakılıqların göstərildiyi video-süjetlər yayımlanıb. Kadrlada müxalifət tərəfinə keçmiş hərbçilərin Əsədə sadiq qüvvələrin məntəqələrinə hücumundan sonra əsgərləri ölkənin şimalındakı iki kəndi davamlı mərmi atəşinə tutduğu göstərilib. Şahidlərin sözlərinə görə, tanklar və ağır texnikadan Tal Minnic və Maarşamşeh kəndlərinin 3 saat atəşə tutulması nəticəsində 8 dinc sakin yaralanıb. Yüzlərlə ailənin bu kəndləri artıq tərk etməyə başladığı, işıq və internetin kəsildiyi bildirilir.