Azərbaycanın dövlət başçısı Omanın Sultanı Qabus bin Səidə təbrik göndərib:
“Omanın Sultanı Əlahəzrət Qabus bin Səidə
Əlahəzrət!
Omanın milli bayramı – Təvəllüd gününüz münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Oman arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafı daim xalqlarımızın rifahına töhfələr verəcəkdir. Bu əlamətdar gündə Sizə möhkəm can sağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Oman xalqına sülh və tərəqqi arzulayıram”.
Qabus bin Səid 1940-cı il noyabrın 18-də dünyaya təşrif buyurub. Omanın Milli Bayramı deyilən bayram da onun doğum günüdü. Yəni onun doğulduğu gün ölkənin milli bayramıdı. Qabus, 1970-ci il iyulun 28-də atası Səid bin Teymuru taxtdan salıb və hakimiyyətə yiyələnib. Omanın dövlət quruluşu Soltanlıqdı. Mütləq monarxiyadı. Əhalisinin ilk dəfə eramızdan əvvəl məskunlaşmağa başladığı bu ölkədə bizim indiki Milli Məclisə bənzər Məclis Şurası (Maclis-al-Shura) lap yaxın zamanlarda – 1998-ci ildə yaradılıb ki, onun da sədrini soltan özü təyin edir. Əhalisinin əsas hissəsi müsəlmandı. Başqa cür ola da bilməz.
Əslində bu təbriki gözardı edib haqqında heç düşünməmək də olardı. Diplomatik etiket deyib keçmək də olardı. Yəqin o kişi bizim başçının doğum gününü təbrik eləyib, bizimki də onun. Lap indiki Azərbaycan toyları kimi. Mən sənin toyuna pul yazdırıram, sən də gəlib həmin pulu mənim toyuma atırsan. Ümumiyyətlə, prezidentlər, soltanlar heç vaxt kiməsə doğum günü təbriki yazmırlar, bunu onların dəftərxanası həyata keçirir. Ancaq onlar da yaxşı bilir ki, kimi təbrik eləmək lazımdı, başçının meyli hansı yanadı.
Bu maraqlı təbrik xəbərini götürdüyüm dövlət qəzeti “Azərbaycan”ın rəsmi saytında “axtarış” bölməsində “Milli Dirçəliş günü” yazıb dövlət başçısının Azərbaycan xalqına təbrik mətnini tapmaq istədim. Belə bir cavab çıxdı:
“Axtarışın açar sözüÿ”milli dirçəliş günü”, 1 nəticə tapıldı.
18.11.2011
Ağdamda Milli Dirçəliş Günü qeyd olunduÿ/ ÖLKƏDƏ /”
Vəssalam. Televizora da baxmıram, xəbərim yoxdu, dünən ekranların yuxarı sağ və ya sol küncündə H.Əliyevin şəkli qoyulmuşdu, ya yox. Axı bu Dirçəliş Günü ölkəmizdə Xalq Hərəkatının başlandığı gündü və o müqəddəs gün bir gün ağlayıbsa da, elə indiki dövlət başçısına və onun yaxınlarına ağlayıb. Xalq elə həmin xalqdı, daha pərişan, daha rəncidə, daha ağlar. Quru bir müstəqilliyimiz var, deyirsən, ilahi, buna da şükür.
Ancaq o müstəqil dövlətin “Üçrəngli Bayrağını ilk dəfə kim qaldırıb” məsələsini elə özəlləşdiriblər, deyərsən, nəinki bayrağı ilk dəfə Heydər Əliyev qaldırıb, hətta 1918-ci ildə Demokratik Respublikanın yaradıcısı da o olub, bayrağın eskizini, ideyasını verən də. Hakim ailə elə bir düşüncəyə hakim olmasaydı, heç olmasa 28 may günü ekranlara Məmmədəmin Rəsulzadənin, Fətəli Xan Xoylunun, Əlimərdan bəy Topçubaşovun şəklini vurardılar.
Dünən Milli Dirçəliş Günü Ictimai Palatanın keçirdiyi bayram tədbirində Xalq hərəkatının bayraqdarlarından olan Yaşar Türkazər qəti olaraq bildirdi ki, 1988-ci ilin 17 noyabrında Azadlıq meydanına Azərbaycanın üçrəngli milli bayrağını ilk dəfə o dövrdə “Politexnik” Institutunun tələbəsi Salman Hüseynov və Iqtisad Universitetinin tələbəsi Elşad Ziyadov gətirib. Yəni bayrağı ilk dəfə 1991-ci ildə Naxçıvan Ali Məclisində Heydər Əliyevin qaldırması barədə deyilənlər yalandı, daha doğrusu, 1988-ci il 1991-ci ildən 3 il irəlidi.
Məni bir şey düşündürür. Görəsən “Politexnik”in o iki tələbəsi indi hardadı? Öz doğum gününü milli bayram elan eləyən görməmiş Oman soltanının yerini bilməyə nə var ki!
Bir soltandan əskik tutulan xalqım, heyy…

“Axtarışın açar sözü”milli dirçəliş günü” üçün 1 nəticə…»
•
•