Zülfüqarlı qardaşlarının işi ilə bağlı Mehdiyev, Qaralov və Usubova qarşı proseslərdə nə baş verib?
Vəkil Aslan Ismayılovun Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev, baş prokuror Zakir Qaralov və daxili işlər naziri Ramil Usubov barədə 1 saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsində iddia qaldırmasından 3 aydan artıq vaxt keçib. Vəkilin adıçəkilən məmurları məhkəməyə verməsi müdafiəçisi olduğu iş adamları Nürəddin və Loğman Zülfüqarlı qardaşlarına qarşı baş verən qanunsuzluqlar barədə onlara etdiyi müraciətə baxılmaması ilə əlaqədardır.
2005-ci ildə Zülfüqarlı qardaşlarına məxsus “Bakı Poladtökmə” və “Bakı Elektroştamp” zavodları zorla iş adamlarının əlindən alınıb. Aslan Ismayılov bu qanunsuzluq barədə Ramiz Mehdiyevə, Zakir Qaralova və Ramil Usubova ayrı-ayrılıqda müraciət edib. Lakin müraciətlərin hər üçü cavabsız qalıb.
Aslan Ismayılov “Azadlıq”a açıqlamasında bildirib ki, ötən müddət ərzində məmurların məhkəməsilə bağlı bir neçə proses keçirilib: “Ramiz Mehdiyevə qarşı iddia ilə bağlı oktyabrın 5-də hazırlıq iclası keçirilib və iddianın mümkün sayılmaması barədə qərardad qəbul olunub. Qərardad poçt vasitəsilə bizə göndərilib. Oktyabrın 25-də biz apellyasiya şikayəti vermişik. Lakin Bakı Apellyasiya Məhkəməsində noyabrın 14-də keçirilən iclasda şikayət təmin edilməyib. Apellyasiya Məhkəməsinin qərardadını alandan sonra Ali Məhkəməyə kassasiya şikayəti verəcəyik. Zakir Qaralovla bağlı iddiaya gəlincə, oktyabrın 6-da hazırlıq iclası, 20-də isə birinci baxış iclası keçirilib. Oktyabrın 25-də işin aidiyyatı üzrə Səbail Rayon Məhkəməsinə göndərilməsi barədə qərarda qəbul edilib. Ramil Usubova qarşı iddia ilə bağlı sentyabrın 30-da hazırlıq iclası keçirilib. Bundan sonra oktyabrın 28-də birinci baxış iclası baş tutub. Noyabrın 24-də isə ikinci baxış iclası keçiriləcək. Güman ki, bu iddia da digərləri kimi hansısa bəhanə ilə təmin edilməyəcək. Bu faktlar bir daha göstərir ki, Azərbaycan məhkəmələri məmurların qarşısında acizdir”.
Vəkil əlavə edib ki, Zülfüqarlı qardaşlarının işi ilə başqa iddialar da var. Bunlardan biri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi və Respublika Prokurorluğuna qarşıdır: “2005-ci ildə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Idarəsi tərəfindən Zülfüqarlı qardaşları barədə 182.2.1 və 182.3.2 maddələri ilə cinayət işi başlanıb. Həmin ilin dekabrın 11-də onların barəsində həbsqətimkan tədbiri seçilib. Nürəddin Zülfüqarlı təcridxanada ”Bakılektroştamp” və “Bakıpoladtökmə” zavodlarının satılması üçün qardaşına etibarnamə verməyə məcbur edildikdən sonra cinayət işinə xitam verilib. Əvvəldən də bəlli idi ki, Zülfüqarlı qardaşlarının həbsi sifariş əsasında qanunsuz həyata keçirilib. Indi biz qanunsuz həbsə atılmaqla vurulmuş zərərin ödənilməsi tələbinə dair iddia qaldırmışıq”.
Dah iki iddia Loğman və Elnur Zülfüqarlılara məxsus başqa bir əmlakın zəbt edilməsilə bağlıdır: “Bu əmlakın mübahisə məsələsi olan zavodlara heç bir aidiyyatı yoxdur. Lakin onu da zavodlarla birgə Zülfüqarların əlindən alıblar”.
Aslan Ismayılovun sözlərinə görə, zavodların alqı-satqısı qanunsuz aparılması da ciddi şəkildə araşdırılır: “Əslində burada heç bir alqı-satqıdan söhbət getmir. Normalda zavodların alqı-satqısı bir neçə ay çəkməli idi. Bunun səhmdarların yığıncağı çağırılmalı, qəzetdə elan verilməli və digər prosedurlar həyata keiçrilməlidir. Amma bu zavodların məsələsi bir zənglə həll edilib. Indi biz deyirik ki, əgər alqı-satqı aparılıbsa bunun bir izi qalmalıdır. Yəni, məsələn alqı-satqı zamanı əldə olunan məbləğdən vergi ödənməlidir. Amma ortada heç nə yoxdur”.
Vəkil sonda bildirib ki, Zülfüqarlı qardaşlarının hüquqlarının müdafiəsi uğrunda mübarizəsini sona qədər davame etdirməkdə israrlıdır.
Seyid


