«Analoqsuz inkişaf»ın heç hənirtisi də duyulmayan rayon kasıblıq və cəhalət girdabında…
Qar yağanda kənddəydim. Şəhərdə qarın yaratdığı problem nədirsə, onun beş qatını kənd üçün düşünün. Yollarda palçıq dizə çıxıb, evlərdə istilik problemi… Özünü kəndin ağsaqqalı qismində görənlərdən soyuqla necə bacardıqlarını soruşuram. Bəllidir ki, elektrik enerjisindən qızdırıcı kimi istifadə etməyə maddi imkanları yoxdur, elektriki oğurlayıb işlətdiklərini də boyunlarına alan deyillər, bu üzdən cavabı maraqla gözləyirəm.
Və onlardan biri deyir: “Adam gərək işini ehtiyatlı tutsun, hamımız mal-heyvan saxlayırıq, qışı düşünənin canı çıxsın, təzəyini yaydan hazırlasın”.
“Şahdəniz” mal təzəyinə uduzur
Başa düşdüyünüz kimidir, adam təbii yolla, yəni mal-heyvanın tullantısından yararlanmağı qışdan qurtuluş kimi görür. Mən söhbəti dərinliyə çəkmək üçün neft-qaz ölkəsi olduğumuzu xatırladıram. Ağsaqqal, “məgər ata-babamız neft-qaz yandırmışdı ki?..” söyləyir. Əslində, ağsaqqal təhrifə yol verirdi, babasını demirəm, amma onun özü də, atası da “ulu öndərin” “xalqın tələbilə” ikinci dəfə hakimiyyəti zəbt etdiyi 1993-cü ilədək mavi qazdan istifadə edib. Indi də bizim kəndin içərisindən borular haralarasa qaz daşıyır, lakin əllə toxunmaq, gözlə görmək mümkün olan bu yanacağı evlərə paylamaq üçün heç kim bir addım da atmır. Adamların isə mübarizəyə həvəsi sönükdür, onlar şəraiti dəyişmək yox, ona uyğunlaşmaq istəyirlər. Azərbaycan hakimiyyəti feodal idarəetməyə nə qədər meyl göstərirsə, əhalini də bir o qədər XIX əsrin standartlarına zorlayır. Buna görə də XXI əsrdə və neft-qaz ölkəsində vətəndaşlar Bakı-Ceyhan boru xəttindən çox, inəklərinin tullantılarına ümid bağlayırlar.
“Kaş bizim də evləri Kür basaydı…”
Yuxarıdakı fikri Sabirabadda bir tanışımdan eşidəndə sizin kimi mənim də qulaqlarım cingildədi. Necə yəni, Kür bizim də evi basaydı?.. Insan da özünə belə qarğış edərmi?
Edərmiş… Bilirsinizmi niyə? Onunçün ki, zəhmətsevər sabirabadlıların həyatı Əliyevlər dövründə o qədər ağırlaşıb ki, hökumətin tikdiyi başıqırmızı evlər də indi onlara cəlbedici gəlir. Adamlar evlərini yeniləmək və ya təzəsini tikmək imkanlarından məhrumdur. Kürün uçurduqları evlər əsasən, kasıb-füqəranın evləridir. Bu evlər o qədər miskin olub ki, korrupsiya hesabına hökumətin bəsit formada tikdiyi evlər insanlara Bəhreyn sultanının villası kimi təsir bağışlayır.
Ilham Əliyev sevinə bilər
Dostlarımızdan birinin sözüdür, deyir ki, “biz bir qrup insan yüksək dəyərlərdən danışa-danışa, yaza-yaza özümüz də hiss etmədən cəmiyyətdəki çoxluqdan təcrid olmuşuq, reallıq hissini itirmişik”. Dostum təklif edirdi ki, öz təbii vəziyyətimizə dönmək üçün gərək tez-tez insanlarla birbaşa kontaktda olaq. Əfəndimiz tam doğru buyurub. Biz yazarlara, siyasətçilərə bəzən elə gəlir ki, korrupsiyanın, rüşvətin necə murdar olması barədə danışmağa, insanlara bunu başa salmağa ehtiyac yoxdur. Lakin elə Kür daşqınlarına görə tikilən evlərlə bağlı söhbətimdə gördüm ki, insanlarımız Ilham Əliyevin analoqsuz siyasəti sayəsində maşallah, korrupsiya-filanı heç veclərinə də almırlar. Onlar özləri etiraf edirlər ki, yeni tikilən evlərə uzağı 8 min xərclənib, büdcədən isə bu iş üçün 40 min manat silinib. “Cəhənnəmə silsinlər, büdcədən mənə nə? Öz cibləridir, özləri bilər” deyirlər. Adamları tam qınamaq da olmur, bu hökumət nə vaxt büdcənin “ümumxalq cibi” olması ilə bağlı siyasət, təbliğat apardı ki?.. Azərbaycan insanına kim, harda izah etdi ki, büdcədən oğurlanan, israf edilən hər qəpik maaşlara, təqaüdlərə kəmlik gətirir.
Neonovruzəlilər
Azərbaycanda internet istifadəçilərinin sayı yeni informasiya texnologiyalarının tətbiqilə bağlı hakimiyyət rəsmiləri həmişə böyük-böyük rəqəmlərlə danışmağı sevirlər. Mən Sabirabad rayon rabitə şöbəsində kəndimizə sürətli internet xətti çəkilişinin niyə baş tutmamasıyla maraqlandım. Internetə məsul əməkdaş dedi ki, bu mümkün deyil. Çünki kənddə azı 25 nəfər sürətli internet istifadə etmək istəyində olmalıdır, bu rəqəm isə yoxdur. Həmin o məsul əməkdaşın informasiyasına görə, rayondakı 75 kənddən ən yaxşısının göstəricisi 8-9 internet istifadəçisilə məhdudlaşır. Bu da sizə analoqsuz inkişaf…
Kənd məktəblərinin hamısı 4 il əvvəl kompüterləşsə də, onlar ədabaz gəlinlərin cehizləri kimi heç bir funksionallıq daşımayıb, elə bəzək kimi sinif otaqlarında köhnəlməklə məşğuldurlar. Təhsil sektorundakı bir məmurun mənə etirafına görə, məktəbdəki müəllimlər yeni dövrün “Novruzəli”ləridir: “Mirzə Cəlilin Novruzəlisi heç olmasa, məktubu poçt qutusuna ata bilmişdi, bizim müəllimlər isə heç ”poçt”, “e-mail” nədir, bilmirlər, o ki qalmışdı onun içinə məktub yollamaq olsun…”
Daşdan pul çıxaran başçı
Sabirabadın icra başçısı Nazim Ismayılovun təyinatından o qədər çox vaxt keçməyib. Təzə başçı hələ ki, iclassevərliyi ilə ad qazanıb. Yerli məmurlardan birinin sözlərinə görə, Ismayılov bəzən bazar gününə 3 iclas təyin edir. Soruşuram ki, bəs bu iclasda nələrdən danışılır? Həmsöhbətim deyir ki, hər şeydən və heç nədən! Başçı sadəcə, hamını “gözümçıxdıya salmağı”, “əyanlarını” psixoloji pressinq altında salmağı sevir. Onun bir özəlliyi də balaca məmurların boynuna təmir işi qoymasıdır. Təmir dedikdə ağlınıza geniş quruculuq işləri gəlməsin, Sabirabadın sanki qismətinə yazılıb; 2003-cü ildən üzü bəri dəyişən 3 başçının rayonda təmir adına gördüyü iş yolların kənarındakı hasarları rəngləmək və onlara yeni tərtibat verməkdir. Deyilənə görə, Ismayılovun da hardasa daş üzlük sexi var. Beləliklə də, rayondakı təmir işləri, necə deyərlər, ona həm ticarət… yenə də ticarət üçün şans verib.
Natiq Güləhmədoğlu