“Bu millət məğlub ola bilməz”

İctimai Palata Milli Dirçəliş Gününü qeyd etdi (VİDEO/FOTOLAR)

 

 

Dünyada ilk dəfə biz uzunmüddətli oturaq mitinqlərin əsasını qoymuşuq…

17 noyabr Milli Dirçəliş Günü ilə bağlı İctimai Palata Müsavat Partiyasının ofisində tədbir keçirdi. AXCP sədri Əli Kərimlinin aparıcılıq etdiyi tədbirə İctimai Palata üzvləri, tanınmış hüquqşünaslar, yazarlar və gənc fəallar qatılmışdı.

Bu günün müəllifi milyonlarla azərbaycanlıdır


AXCP sədri Əli Kərimli Milli Dirçəliş Gününü “Azərbaycan tarixinə qızıl hərflərə düşən gün” kimi qiymətləndirdi. O bildirdi ki, Azərbaycanda təqvimdəki bayramların bir qismi xalqın əzmi, mübarizəsilə yarananlar, digəri isə sülalə hakimiyyətinin süni formada yaratdıqlarıdır: “Bu gün biz yüz minlərin, milyonların iştirakıyla Azərbaycan xalqının yaratdığı bir bayramın ildönümünü qeyd edirik”.
“17 noyabr”a gətirib çıxaran yolla bağlı tarixə qısa ekskurs edən Əli Kərimli dedi ki, o zaman Azərbaycan xalqı çox ciddi problemlərlə üz-üzə idi: “Bir tərəfdən 70 il davam etmiş Kommunist Partiyasının birpartiyalı idarəetməsi nəticəsində yığılıb qalan ümüumxalq nifrəti, digər tərəfdən də 70 il boyunca baş verən minlərlə ədalətsizlik faktları… Üstəgəl həmin vaxt torpaqlarımıza düşmən əlinin uzanması…”

“Dünya siyasətinə yenilik gətirdik”

 “88-ci ilin fevralından ermənilərin Qarabağa qarşı iddiaları sistematik xaraker aldı. Bu iddialara Moskvanın münasibətini görəndən sonra xalqımız anladı ki, Qarabağ üçün ciddi təhlükə var, torpaqlar əldən gedə bilər. Bütün bu sadalananlar bir arada toplanıb, böyük xalq hərəkatına səbəb oldu. 17 gün meydanda qalmaqla, gecə-gündüz aksiya keçirməklə biz dünya siyasətinə yenilik gətirdik” deyən Əli Kərimli bildirdi ki, 17 noyabrı qeyd etməkdə məqsəd həm bu günün qürurunu yenidən yaşamaq, həm də Azərbaycan tarixini saxtalaşdıranlara cavabdır.

Qurtuluş meydandadır

İlk çıxışçı Milli Azadlıq Hərəkatının fəalı, publisist Xaliq Bahadır oldu. O, meydan hərəkatı zamanı şahidi olduğu əlamətdar hadisələrdən danışdı. Meydan hərəkatı zamanı azərbaycanlılarda misilsiz qorxmazlıq hissinin olmasına diqqət çəkən X.Bahadır indi də o anları xatırlayanda təəccübləndiyini gizlətmədi. Meydan hərəkatının Azərbaycana müstəqillik qazandırdığını vurğulayan natiq bildirdi ki, xalqımızı demokratiyaya, heydərizmdən qurtuluşa da məhz meydan aparacaq.
Xaliq Bahadır bildirdi ki, 17 noyabr tarixini bayram etməyə daha çox indiki demokratik qüvvələrin haqqı çatır. O, hakimiyyətin Milli Dirçəliş Gününü unutdurmağa çalışdığını, lakin buna nail ola bilməyəcəyini dedi.

Pənah Hüseyn hakimiyyəti “qaragüruhçu” adlandırdı

İctimai Palatanın üzvü Pənah Hüseyn çıxışında Meydan Hərəkatıyla bağlı tarixi təhrif edənlərə cavab verdi. O, üçrəngli bayrağı guya ilk dəfə 1991-ci ildə Naxçıvan Ali Məclisində Heydər Əliyevin qaldırması barədə deyilənlərin yalan olduğunu bildirdi. Pənah Hüseyn dedi ki, üçrəngli bayraq ilk dəfə 1988-ci ilin 17 noyabrında Azadlıq meydanında qaldırılıb. Üstəlik, o, 1989-cu ildə Xalq Cəbhəsinin rəsmi bayrağı kimi qəbul olunub.
Xalq hərəkatının guya qaragüruhçulardan ibarət olması və ziyalıları sıxışdırması barədə deyilənləri də Pənah Hüseyn təkzib etdi. O dedi ki, o vaxt bütün ziyalılara ehtiram göstərilib, indi isə əksinə, tarixçi Cəmil Həsənliyə, rejissor Rüstəm İbrahimbəyova, şair Ramiz Rövşənə, alim Rafiq Əliyevə qarşı çirkin kampaniya aparmaqla, indiki hakimiyyət özünün qaragüruhçu və ziyalı düşməni olduğunu sübut edir.

Demokratiya hərəkətı hələ tam başa çatmayıb

“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid bildirdi ki, Azərbaycanda xalq hərəkatının olmadığını, müstəqilliyin sadəcə SSRİ-nin dağılması nəticəsində əldə edildiyini iddia edənlər xalq hərəkatında heç bir rolu olmayan, bu xalqa dəxli olmayan kəslərdir: “17 noyabr Azərbaycan xalqının qürurverici tarixidir. Azərbaycanda 23 il əvvəl başlanan demokratiya hərəkatı hələ başa çatmayıb. Bu hərəkatın başlanmasında o dövrdə universitet tələbələri əsas qüvvə idilər. Tələbələrin yaratdığı “Yurd” birliyinin təşkilatçılığı xüsusi rol oynayırdı. Mən inanıram ki, indi də tələbələrimiz həmin ənənəni davam etdirəcək və demokratiya hərəkatında öndə olacaqlar”.

Meydan iştirakçılarının təəssüratları

Müsavat Partiyası Qadınlar Təşkilatının sədri Vəfa Cümşüdlü 1988-ci ildə tələbə kimi xalq hərəkatına qoşulmaları və bundan qürur duyduqlarından danışdı: “23 əvvəl başlanan missiyamız hələ tam başa çatmayıb. Bu missiyanı başa çatdıracağıq. Biz Milli Dirçəliş Gününü yaratdıq. İndi də Azərbaycanda milli oyanış gününə ehtiyac var”.
Xalq hərəkatının bayraqdarlarından olan Yaşar Türkazər bildirdi ki, 1988-ci ilin 17 noyabrında Azadlıq meydanına Azərbaycanın üçrəngli milli bayrağını ilk dəfə o dövrdə “Politexnik” İnstitutunun tələbəsi Salman Hüseynov və İqtisad Universitetinin tələbəsi Elşad Ziyadov gətirdi.
ADP sədrinin birinci müavini Həsrət Rüstəmov da 1988-ci ildə tələbə olaraq xalq hərəkatına qoşulmasından danışdı: “17 noyabrda başlanan və 18 gün fasiləsiz davam edən meydan hərəkatı millətin millət kimi formalaşmasında çox ciddi rol oynadı. Müstəqilliyin əldə olunmasında bu tarix çox böyük əhəmiyyətə malik oldu. Azərbaycan müxalifətinin xalqın etiraz potensialını dirçəltməyə gücü o halda çatacaq ki, birləşsin”.
Müsavat partiyasının Qadınlar Təşkilatının üzvü Başxanım Abbasova da meydan hərəkatı günlərilə bağlı xatirələrindən danışdı və Azərbaycanda yenidən demokratiya hərəkatının başlanacağına inandığını bildirdi.

Xalq gec-tez ayağa qalxacaq

Tanınmış vəkil Qurban Məmmədov bildirdi ki, Azərbaycan xalqının millətləşmə prosesi məhz 17 noyabr 1988-ci ildə başlanan meydan hərəkatında qoyulub: “Azərbaycan xalqı milli mövqeyini həmin gün ortaya qoydu. 18 gün davam edən fasiləsiz mitinqdə insanların qidalanması üçün pul toplanırdı. Sabirabadda da xalq hərəkatı üçün pul toplanırdı. Mən 100 rubl verdim. Həyat yoldaşım nişan üzüyünü vermək istədiyini mənə dedi. Dedim, necə istəyirsən, elə et. Nişan üzüyünü verdi. Dediyim odur ki, meydan hərəkatı elə-belə proses deyildi. Bütün xalqın ürəyi həmin günlərdə Azadlıq meydanı ilə döyünürdü. Azərbaycan xalqının bir daha toparlanmasından indiki rejim dəhşətli dərəcədə qorxur. 17 noyabr kimi möhtəşəm günləri də məhz ona görə unutdurmağa çalışırlar ki, bu xalqın toparlanması üçün istinad nöqtələri olmasın. Lakin əbəsdir, xalq gec-tez ayağa qalxacaq”.

Meydanda niyə oturub-durublar?

Xalq hərəkatı iştirakçısı, jurnalist Tofiq Türkel 17 noyabrda başlanan xalq hərəkatının ortaya çıxmasında “Yurd” birliyinin – tələbələrin rolundan danışdı. Həmçinin dedi ki, erməni yazıçı Zori Balayanın o dövrdə yazdığı məşhur “Ocaq” kitabına Azərbaycanda cavab verən yox idi. Yalnız İsa Qəmbər “Ocaq”a tutarlı cavab yazıb və bu cavab xalq hərəkatına təkan verən ideoloji amillərdən biri olub.
Tofiq Türkel meydanda insanlara “otur-dur” komandası verilməsinin maraqlı tarixçəsindən də danışdı. Onun sözlərinə görə, meydandakı sıxlığın soyuq havada idarə edilməsilə bağlı Əbülfəz Elçibəy o zamanın tanınmış psixoloq-alimi Səadət Hələtaini məsləhət üçün meydana dəvət edib. O da bildirib ki, meydandakı yorğunluğu aradan qaldırmaq üçün vaxtaşırı sağdakıları sola, arxadakılar önə keçirmək və oturub-qalxmaq lazımdır. Əbülfəz bəy “axı bu qədər adamı necə oturdub-qaldırmaq olar?”, – deyə soruşduqda, alim kəsə yolu təklif edib: “Deyin ki, oturmayan ermənidir…”

Hakimiyyət xalqın qəhrəmanlıq səhifələrindən qorxur

Müsavat başqanı İsa Qəmbər də Milli Dirçəliş Günü münasibətilə əhatəli çıxış etdi. Hakimiyyətin əlamətdar tarixi günləri saxtalaşdırmaq cəhdinə toxunan İsa Qəmbər dedi ki, bu, rejimin anti-xalq olmasıyla bağlı məsələdir: “Bu hakimiyyət xalqın tarixindəki qəhrəmanlıq, şərəf səhifələrindən qorxurlar. Həmin səhifələri yaddaşlardan, tarixdən silmək istəyirlər. Bu baxımdan, belə bayramların qeyd edilməsi önəmlidir ki, hakimiyyət istəyinə nail ola bilməsin”.

İTV-yə xəbərdarlıq

İsa Qəmbər İctimai Televiziyanın İctimai Palatanın tədbirlərini işıqlandırmamasından narazılığını bildirdi: “Niyə İctimai Televiziya İctimai Palatanın tədbirlərini işıqlandırmır? Yəqin ki, biz yaxın günlərdə onlara müraciət edib İctimai Palatanın bütün tədbirlərini işıqlandırmalarını tələb edəcəyik. Razılaşmasalar, növbəti etiraz aksiyalarını İctimai Televiziyanın qarşısında keçirməklə, onlara öz vəzifələrini xatırlatmaq lazım gələcək”.

“Əbülfəz Elçibəyin əli bu prosesin nəbzindəydi”

Müsavat başqanı hərəkatın guya qaragüruh tərəfindən idarə olunduğu barədə deyilənlərin də yalan olduğunu bildirdi və bunu saxtalaşdırma cəhdi kimi qiymətləndirdi: “Bu hərəkatın təşkilatçıları, iştirakçıları gənclər, tələbələr, ziyalılar idi. Liderimiz Əbülfəz Elçibəyin əli bu prosesin nəbzindəydi. Bunlar ziyalı deyilmi? Həmin hərəkat dövründə tribunada çıxış eləyənlərin 90 faizi Azərbaycanın ən tanınmış ziyalıları, alimləri, yazıçıları, şairləri idi. Qaragüruh məsələsini bəziləri Nemət Pənahlıya görə deyirlər. Nemət Pənahlı bu xalqın yetirdiyi böyük bir fitri istedaddır. Nemət Pənahlı təsadüfi hadisə deyildi, bir fenomendir o. Allah qapısını açsın. Sonralar nə səhvləri olub, hansı addımları yanlış atıb – bu, başqa söhbətdir. Amma 1988-ci ildə Nemət bir fenomen idi. Polşa xalqı Lex Valensanı gətirib prezident edə bildi. Biz Neməti o şəkildə dostcasına yönəldə bilmədik, xətdə saxlaya bilmədik”.
Meydan hərəkatının bir neçə mərhələdən ibarət olduğu barədə danışan Müsavat başqanı bildirdi ki, birinci mərhələdə Qarabağ məsələsi idisə, ikinci mərhələdə artıq müstəqillik tələb kimi irəli sürüldü və əsas vəzifəyə çevrildi: “Hakimiyyət dekabrın 5-dək ancaq meydanı dağıda bildi. Lakin proses dekabrın 5-də bitmədi. Azərbaycanın müstəqilliyi uğrunda mübarizə başlandı. 1991-ci ildə buna nail olduq”.

Ziyalılara dəstək

İsa Qəmbər son zamanlar ziyalıların cəsarətli şəkildə həqiqətləri deməyə başladıqlarından da danışdı: “Biz ziyalılarımızla bir yerdəyik, onları dəstəkləyirik. Onların da prosesdə daha fəal iştirak edəcəyinə inanırıq”.

Nemət Pənahlı diqqətdən kənarda qalmır

Konfransa Əli Kərimli Milli Dirçəliş Gününün əhəmiyyəti barədə çıxışıyla yekun vurdu. O, öncə Meydan Hərəkatında xüsusi rolu olan Ənvər Əliyev və Nemət Pənahlının adını xatırlatmağı vacib saydı. Nemət Pənahlının hazırda həbsdə olduğunu vurğulayan AXCP sədri dedi ki, Pənahlının 92-cü ildə milli demokratik düşərgəyə qarşı etdiyi səhvləri gözə alaraq, onun meydandakı fəaliyyətini danmaq olmaz. Əli Kərimlinin təklifilə konfrans iştirakçıları Nemət Pənahlının şərlənərək həbs olunmasına etiraz mövqeyi ifadə edən sənədin də qəbuluna razılıq verdilər.

Meydan bizi millət kimi formalaşdırdı

Əli Kərimlinin sözlərinə görə, 17 noyabrda tələbələrin başladığı hərəkat tez bir zamanda ümumxalq hərəkatına çevrildi, bu hərəkatda fəhlədən alimə qədər xalqın bütün təbəqələri iştirak etdi: “O meydan bizi millət kimi formalaşdıra bildi. O zaman hamımız deyirdik ki, meydana bakılı, şəkili, qarabağlı, naxçıvanlı kimi gəlib, azərbaycanlı kimi getdik. Meydan milli kimliyimizi regional kimliyimizə yenməkdə bizə kömək etdi. Biz məhz orada millətləşdik.

Milli Azadlıq Hərəkatına çevrilmə mərhələsi

Açıq demək lazımdır ki, hərəkat başlananda Milli Azadlıq Hərəkatı deyildi. Bu, daha çox Qarabağ uğrunda ədalətsizliyə qarşı hərəkat idi. Amma elə orada da millət həqiqətləri başa düşdü və minlərə insana ordan müraciət olunduqca insanlar öz milli davasını da başa düşdülər. Artıq meydanın ikinci mərhələsi Milli Azadlıq Hərəkatına çevrildi.

Meydan hərəkatının yaratdığı güc mənbələri

1989-cu ildə Azərbaycan xalqı “İlin xalqı” oldu. 1989-cu ildə AXC yarandı. Tam əminliklə deyirəm, xalqımızın tarixindəki böyük uğurun əsası meydan hərəkatında qoyulub. Tariximizin şərəfli günləri milli natamamlıq yaratmağa imkan vermir. Tariximizin elə şərəfli günləri var ki, bizə güc verir, özümüz-özümüzdən küsmürük. 17 noyabr belə şərəfli günlərdəndir…
Meydanda “Ya Qarabağ, ya ölüm!” şüarı çox populyar idi. Bu, populizm idimi? Bu, ritorika idimi? Yox! Çünki cəmi 1-2 ildən sonra o adamlar Qarabağa gedib şəhid, qazi oldular, torpaq uğrunda ölməyin nümunəsini yatdılar.
Sovet İttifaqı o zaman dünyanın 2 super dövlətindən biri idi. Onun elan etdiyi komendant saatını, tanklarını biz heçə saydıq. Bildiyim qədər, dünyada ilk dəfə biz bu qədər uzun müddətə birinci dəfə oturaq mitinqlərin əsasını qoymuşuq.
Bizim başqa xalqlardan öyrənmək istədiyimiz çox şey əslində, öz tariximizdədir. 1989-cu ildə hələ heç kim 17 gün gecə-gündüz oturaq aksiya keçirməmişdi, bunu biz etdik. Biz silahlı ordunun qarşısından qaçmamağın nümunəsini yaratmışıq. Bu millət 24 noyabrda, 5 dekabrda və sonradan da 20 yanvarda tankların qabağından yalın əllə qaçmamağın nümunələrini yaradıb”.

“Ədalətsiz rejim Azərbaycanda qala bilməz”


Əli Kərimli bildirdi ki, tariximizdəki təkcə sadalanan 3 nümunəni nəzərə alaraq, biz xalqımızdan əmin olmalıyıq: “Bir halda ki, bizim xalqımız dünya siyasi irsinə qısa bir müddətdə belə nümunələr verib, deməli, bu millət məğlub ola bilməz. Bu millət bugünkü ədalətsizliyə uzun müddət susa bilməz. Belə bir ədalətsiz rejim Azərbaycanda qala bilməz”.

Natiq